“Razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsinə cəhd edilərsə, bu qanunsuz hesab olunacaq”
Daxili İşlər Nazirliyi “Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının dekabrın 23-də Bakının mərkəzində keçirməyi planlaşdırdığı etiraz aksiyasının qarşısının alınacağını bəyan edib. Bu barədə Meydan TV-nin sorğusuna cavab olaraq, nazirliyin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib.
“Aidiyyəti dövlət qurumları ilə razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsinə cəhd edilərsə, bu qanunsuz hesab olunacaq və qarşısının alınması üçün müvafiq tədbirlər görüləcək”, – Ehsan Zahidov belə deyib.
Aksiyada hüquq müdafiəçiləri və ictimai fəalların iştirakına gəlincə, DİN rəsmisi bildirib ki, kimliyindən asılı olmayaraq, razılaşdırılmadan aksiya təşkil edənlər qanunsuz aksiyanın iştirakçılarıdır:
“Ona görə də belə bir aksiyanın keçirilməsinə cəhd edənlərə qarşı da qanunsuz aksiya iştirakçısı kimi tədbir görüləcək”.
“Müdafiə Xətti”nin icraçı direktoru Rüfət Səfərov Meydan TV-yə bildirib ki, təşkilat son vaxtlar ölkədə insan haqları sahəsində vəziyyətin pisləşməsilə əlaqədar etiraz aksiyası keçirmək qərarı verib:
“Azərbaycan hakimiyyəti ağır repressiv siyasət yürüdür. İnsan haqları sahəsindəki durum dözülməzdir. Tənqidçilər saxta və qurama ittihamlarla həbs olunurlar. İnsanlar sözünə, fikrinə, əqidəsinə görə zorakılıqla üzləşirlər. İşgəncələr, qeyri-insani rəftarlar, ləyaqəti alçaldan davranışlar hakim siyasətin ayrılmaz hissəsinə çevrilib. Artıq bütün hüquqi alətlər tükənib”.