Dərslər, yoxsa dərdlər başladı?! (VİDEO)

Ramilə Əyyubova 3 uşaq anasıdır. 5 il öncə həyat yoldaşını bədbəxt hadisədə itirib. O gündən uşaqlarına tək baxır. Onun sözlərinə görə, dövlətdən yalnız 220 manat uşaqpulu alır. Balaca oğlu Oktay Hacıyev məktəbə gedəndən sonra uşaq pulundan 40 manat kəsiləcək. Bu il onun 3 uşağı məktəbə getməlidir. Ramilə Əyyubova deyir ki, onlara yardım olmasaydı, bəlkə də uşaqlar dərsə gedə bilməzdi.

Jurnalist Esmira Cavadova artıq 3 ildir ki, imkansız ailələrdə olan uşaqların məktəbə getməsinə yardım göstərir. Esmira Cavadovanın sözlərinə görə, ibtidai sinifə gedən uşaqların məktəb ləvazimatı, alt-üst paltarları və digər ləvazimatlarının alınmasına 120-130, manat yuxarı sinif şagirdlərinə isə 200 manata qədər pul xərclənir.

Bazarlarda olan qiymətlərlə maraqlandıq.

12 vərəqli dəftər – 10 qəpik

Rusiya istehsalı olan 12 vərəqli dəftərlər – 20 qəpik

Rəngi çıxmayan, Rusiya və Türkiyə istehsalı olan dəftərlər 60-80 qəpik arasında dəyişir

Dəftər üzü – 20 qəpik

Gündəlik – 80 qəpik

Qələmlər – 10-40 qəpikarası dəyişir

Ən ucuz karandaş – 20 qəpik

Pozan – 20-80 qəpikarası dəyişir

Qələmbiçən – 80 qəpik

Rəngli karandaşlar – çeşidinə uyğun olaraq 1 manat-1 manat 50 qəpikarası dəyişir

Albomların da qiyməti eynidir – 1 manat – 1 manat 50 qəpik

Çantalar isə 12 manatdan başlayıb, 200 manata qədər yüksəlir.

Beləliklə, bir ibtidai sinif şagirdinin məktəbə getməsi üçün minimum 30-40 manat elə təkcə dərs ləvazimatlarına xərclənməlidir.

Esmira Cavadova onu da qeyd edir ki, məktəblərdə imkansız ailələrə yardım edilməlidir. Lakin təəssüf ki, bu yardımdan həmin ailələrin xəbəri yoxdur. Ona görə də gələn ildən artıq kimlərdənsə pul istənilməyəcək. Əvəzində məktəb rəhbərlərindən həmin yardımlar tələb ediləcək.

Bakı Şəhər Təhsil İdarəsinin müdür müavini Hüseyn Əsgərov deyir ki, Azərbaycan tək-tük ölkələrdəndir ki, məktəb üçün lazım olan kitablar 1-ci sinifdən 11-ci sinifə qədər pulsuz verilir. Yardıma ehtiyacı olan ailələrə də məktəb tərəfindən yardım göstərilir.

Hüseyn Əsgərovun sözlərinə görə, yardıma ehtiyacı olan ailələr məktəb rəhbərliyinə müraciət edə bilərlər.

Ana səhifəVideoDərslər, yoxsa dərdlər başladı?! (VİDEO)