Deputatlığa namizədlər MSK qarşısında aksiya keçirəcək

Partiya sədri aksiya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətini xəbərdar etdiklərini qeyd edib.

Source:


İki günlük müzakirələrdən sonra qərar verildi

Müsavat, ReAL partiyaları, “D18” Hərəkatı və müstəqil namizədlər fevralın 16-da Mərkəzi Seçki Komissiyası qarşısında aksiya keçirəcək.

Bu barədə ReAL Partiyasının sədri İlqar Məmmədov “Facebook” səhifəsində məlumat paylaşıb.

İlqar Məmmədov yazıb ki, Lökbatan qəsəbəsində aksiyanın keçirilməsində bir qəbahət olmasa da, orada aksiya keçirməyəcəklər:

“Bəlkə başqa bir şəraitdə bunu edərdik, amma 16 fevralda dinc etiraz mitinqimiz MSK-nın qarşısında olacaq. Bakı Şəhər İcra Hakimiyyəti sərbəst toplaşmaq haqqımızı bu bir neçə gündə kobudcasına pozub. Baxmayaraq ki, mitinqin keçirilməsi üçün ona ümumilikdə 7 yer təklif etmişdik, hamısını rədd etdi. Odur ki, qanunla nəzərdə tutulmuş qaydada dinc, demokratik, konstitusion mitinqimizi 16 fevralda saat 3-dən 4-dək MSK-nın qarşısındakı ərazidə keçircəyik”.

Partiya sədri aksiya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətini xəbərdar etdiklərini qeyd edib.

Fevralın 11-də Müsavat, ReAL partiyaları, “D18” təşkilatı və müstəqil namizədlər Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

Partiyalar 9 fevral növbədənkənar parlament seçkilərində baş verən qanun pozuntuları və seçki saxtakarlıqlarına qarşı etiraz olaraq fevralın 16-da saat 15:00-dan 17:00-dək metronun “28 May” stansiyasının qarşısında aksiya keçirmək niyyətində olduqlarını bildirmişdilər. Ancaq icra hakimiyyəti müraciət edən partiyalara və namizədlərə Qaradağ rayonu, Lökbatan qəsəbəsi 28 may küçəsindəki "Neftçi" idman klubunun təlim bazasını göstərmişdi.

Partiyalar iki günlük müzakirələrdən sonra aksiyanı MSK-nın qarşısında keçirmək qərarı qəbul ediblər.

Azərbaycanda fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirilib. Milli Şura və KXCP seçkiləri boykot etsə də, AMİP, ADP, BAXCP, BQP, VHP, YAP, Müsavat, Ümid, ReAL seçkilərə qatılıblar.

Aksiya qərarı verən Müsavat Partiyası seçkilərdə 59, ReAL 31, "Hərəkət" Seçki Bloku 16 namizədlə seçkilərdə iştirak edib. Onlar seçkilərin saxtakarlıq və qayda pozuntuları ilə müşahidə olunduğunu deyirlər və buna etiraz üçün aksiya keçirmək niyyətindədirlər.

ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), AŞPA və ATƏT PA birgə müşahidə missiyası fevralın 10-da seçkilərin nəticələri haqda ilkin hesabatlarını yayıb.

Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçirilməli idi. 2019-cu il dekabrın 2-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatların təşəbbüsü ilə Milli Məclis onun buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə Prezidentə müraciət edib. Dekabrın 5-də Prezident növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Ana səhifəSiyasətDeputatlığa namizədlər MSK qarşısında aksiya keçirəcək