Deputatlığa namizəd MSK-nı məhkəməyə verir

“Biz MSK-nin səlahiyyətlərini yerinə yetirmədiyi üçün inzibati qaydada məhkəməyə veririk, çünki doğru cavab verməyib”

Mərkəzi Seçki Komissiyası, Foto: Mərkəzi Seçki Komissiyası


Ruslan İzzətli: “Göndərdiyimiz sorğuya MSK cavab xatirinə cavab verib”

“D18” Hərəkatının rəhbəri Ruslan İzzətli Mərkəzi Seçki Komissiyasını (MSK) məhkəməyə verəcək. Bu barədə Ruslan İzzətlinin özü Meydan TV-yə məlumat verib. O, yanvarın 27-də Bakı İnzibati Məhkəməsinə şikayəti təqdim edəcəklərini söyləyib.

Ruslan İzzətli bildirib ki, onun seçkiyə qatıldığı Xətai rayon 33 saylı Birinci Seçki Dairəsindən yenidən deputatlığa namizəd olan

Hüseynbala Mirələmov

la bağlı xaricdə yaşayan jurnalist Cavanşir Həsənli araşdırma aparıb və həmin araşdırmada göstərilən faktlarla bağlı MSK-ya sorğu veriblər:

“Bununla bağlı MSK-ya iki sorğu göndərdik, birinci sorğuda Hüseynbala Mirələmov 2005, 2010 və 2015-ci illərdə deputat olanda ölkədəki əmlakları və ofşor zonalarda olan mülkləri haqqında məlumat verib-verməməsi qeyd olunmuşdu. İkinci sorğuda sual etmişdik ki, Mirələmov 9 fevral növbədənkənar parlament seçkilərində yenidən namizəddir və ofşor zonalarda şirkətlərinin olduğunu göstəribmi. Təəssüf ki, 6 yanvarda göndərdiyimiz sorğuya MSK cavab xatirinə cavab verib. Məktubda bu barədə bildirişlərin DSK-nın verdiyi qeyd olunub. Amma DSK yerlərdə MSK-nın təmsilçisidir, bütün sorğular Mərkəzi Seçki Komissiyasına göndərilir, onlar yoxlayıb qərar qəbul edirlər. Biz MSK-nin səlahiyyətlərini yerinə yetirmədiyi üçün inzibati qaydada məhkəməyə veririk, çünki doğru cavab verməyib”.

d08da257-8681-4c6d-9a1c-5510d6ebfaa8_w650_r1_s.jpg
Ruslan İzzətli

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

2431 nəfər namizədliyini irəli sürsə də, onlardan 2358 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib. Namizədliyinin irəli sürülməsi təsdiq olunmuş şəxslərdən 2247 nəfər imza vərəqələrini götürüb. İmza vərəqələrini doldurub qaytaran 1774 nəfərdən 1560 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Seçkilərdə 19 siyasi partiya iştirak edəcək. Hakim Yeni Azərbaycan partiyası tərəfindən namizədliyi irəli sürülmüş 123 nəfərin hamısı qeydiyyata alınıb.

Müsavat Partiyası 81 nəfərin namizədliyini irəli sürsə də, onlardan 60 dairədən 64 nəfərin namizədliyi qeydə alınıb.

“Real Cümhuriyyətçilər” blokunun namizədliyini irəli sürdüyü 42 nəfərdən 31-in namizədliyi qeydə alınıb.

“Hərəkət bloku”nun namizədliyini irəli sürdüyü 18 nəfərdən 16-ın namizədliyi qeydə alınıb.

Parlamentin əvvəlki tərkibindən 30 deputat yenidən namizəd olmayıb.

Ana səhifəSiyasətDeputatlığa namizəd MSK-nı məhkəməyə verir