Deputatlığa iddialılar niyə namizədliklərini geri çəkir?

Azərbaycanda seçki. Foto: Andy.LIU/shutterstock

Hafiz Həsənov: “Məncə, baş verənlər təzyiqlərin nəticəsidir”

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılan bir sıra şəxslər namizədliklərini geri götürməyə başlayıblar. Sonuncu belə addımı “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev atıb.

Ona qədər Demokrat və Vəhdət partiyalarının sədrləri Sərdar Cəlaloğlu, Tahir Kərimli, uzun müddət Milli Məclisin üzvü olan Vahid Əhmədov seçkilərə qatılsalar da, sonradan iştirak etməyəcəklərini bildiriblər. Həmçinin, Müsavat, Ümid, Vətəndaş Həmrəyliyi partiyalarının sədrləri də seçkiyə qatılacaqlarını açıqlasalar da, marafona az qalmış, əks mövqe sərgiləyiblər.

Milli Məclisin II çağırış deputatı olan Əliməmməd Nuriyev 75 saylı Yardımlı – Masallı seçki dairəsindən deputatlığa namizədliyini versə də, geri götürüb və aydın səbəb göstərməyib. Əliməmməd Nuriyev bu barədə “Facebook” səhifəsində yazıb:

“İndiki halda mümkün olanın ən yaxşısını etdik, namizədliyimi irəli sürməklə Yardımlı və Masallının çətinliklərini diqqətə gətirdim. Regionu diqqətdə saxlamağın vacibliyini anlatdıq. Yerli icmaların dərdi-sərini dönə-dönə anlatdıq, dinləmələrinə nail olduq”.

Daha sonra qeyd edib ki, təbii qazla təchizat problemini, meşələrin qırılmasını, digər sosial problemləri diqqətə çatdırıb:

Əliməmməd Nuriyev
Foto: Ə.Nuriyevin arxivindən.

“Təqribi hesablamalar göstərir ki, 100-dən çox ailənin yaşadığı kəndin qışı başa vurması üçün 1000-dən çox ağac qırılır. Ümumi mənzərəni artıq Siz təhlil edin. Elm və Təhsil Nazirliyinin, istərsə də Heydər Əliyev Fondunun xətti ilə Yardımlıda məktəblər tikilsə də, tədris zəifdir. Hazırlıq üçün əksəriyyət Lənkərana üz tutur. Kənd təsərrüfatı, turizm potensialının səmərəli istifadəsi çox-çox aşağıdır. Masallının problemlərinə də diqqət çəkdik. Kiçik sahibkarlığın dəstəklənməsi, məşğulluq, kreditlərə çıxış, kənd təsərrüfatının inkişafı, narkotiklərə qarşı mübarizə məsələlərini qaldırdıq. Masallının Ərkivan kimi böyük qəsəbəsinin 5 məktəbinin 3-ü faktiki olaraq sökülməlidir. Heç əsaslı təmirin da çox faydası olmayacaq. Bu mərhələdə ən böyük nailiyyətimiz məhz bu məsələlərə diqqət çəkməyimiz oldu. Ən azı bu imkandan yararlanmaq və bir rezonans yaratmağa dəyərdi”.

“Hüquq və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Hafiz Həsənov yaranmış vəziyyəti normal hal saymayıb. Hafiz Həsənov Meydan TV-yə deyib ki, adamlar namizədliklərini irəli sürüb, sonra geri çəkilirlərsə, bunu dolğun şəkildə izah etməlidirlər:

Hafiz Həsənov. Mənbə: “Facebook”

“Məsələn, Sərdar Cəlaloğlu və Tahir Kərimlinin fikirlərini əsaslı arqument hesab etmirəm. Görünən odur ki, partiya sədrləri razılaşdırılmamış qaydada namizədliklərini irəli sürürlər, sonra təzyiqlər nəticəsində geri çəkilirlər. Məncə, baş verənlər təzyiqlərin nəticəsidir. Yaxud 75 saylı Yardımlı – Masallı seçki dairəsində ən yaxşı namizəd Əliməmməd Nuriyev idi, onun rəqibi Musa Qasımovdur. Adam 10 ildən çoxdur deputatdır, nə edib, seçicilər də, biz də görürük. Alim olsa da, susması ilə yadda qalıb. Halbuki, onun əvəzində Nuriyev hüquqşünas kimi fayda verə bilərdi və onun seçilmək şansı vardı, çünki dairəni də yaxşı tanıyır, problemlərinə bələddir. Mən Əliməmməd Nuriyevin arqumentlərini bilməsəm də, ona da təzyiqlərin olduğunu düşünürəm”.

Hafiz Həsənovun sözlərinə görə, son hadisələr seçkilərin xalqın iradəsinə uyğun getmədiyinin göstəricisidir:

“İdarə edilən proses olduğundan əvvəlki seçkilərdən fərqlənmir. Amma namizədliyini irəli sürüb, sonra geri götürmək, yeni nüansdır. Yəni razılaşma olmursa, gərək, heç irəli sürməyəydin”.

III Respublika Platformasının üzvü Araz Əliyev mövcud mənzərəyə daha geniş aspektdən baxmağın tərəfdarıdır.

Onun sözlərinə görə, hakimiyyət yalnız keçmiş deputatlara yox, həm də müstəqil şəxslər var ki, namizəd olmaq istəyirlər və onların seçki aktivliyi yaradacaqları hiss olunur, yəni onlara da problem yaradır:

Foto: Araz Əliyevin şəxsi arxivindən

Təsəvvür edin ki, adamlar imza vərəqələrini təhvil verəndən sonra yetərsiz olduqları açıqlanır, bunu da imza toplama kampaniyasının bitməsinə bir neçə gün qalmış edirlər ki, yenidən cəhd olmasın”.

Araz Əliyev deyir ki, qapalı və şəffaf olmayan sistemdə hansı planların olduğunu söyləmək çətindir:

İlkin məlumatlar onu göstərir ki, hakimiyyət problemsiz, sözəbaxan adamların deputat olmasını istəyir. Çünki həm Tahir Kərimli, həm də Vahid Əhmədov parlamentdə qalmaqalla yadda qalıblar. Görünən odur ki, hakimiyyət növbəti parlamentdə belə qalmaqalların yaranmasını istəmir. YAP-ın siyahısında da partiyanın yaşlı üzvlərini görəndə, məlum olur ki, hakimiyyət həm mənəvi borc kimi onları irəli sürür və bu adamlara daha çox güvənir. Müxalif sferada bunları başa düşdüklərindən bir sıra adamlar seçkilərə qatılmadılar”.

Parlament seçkiyə gedir

2024-cü il iyunun 21-də Azərbaycan parlamenti özünün buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.
İyunun 28-də İlham Əliyev Milli Məclisin buraxılması və sentyabrın 1-də erkən seçki keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

İyulun 31-də MSK sədri Məzahir Pənahov bildirib ki, deputatlığa namizədliyini irəli sürənlərdən 1200-dən çoxu imza vərəqəsi alıb, təqribən 660 nəfər isə imza vərəqələrini qaytarıb: “İndiyədək qeydə alınan namizədlərin sayı 390 nəfərə çatır”.

1 sentyabr seçkilərini AXCP boykot edir, Yeni Azərbaycan, Müsavat, Demokrat, Klassik Xalq Cəbhəsi, Ümid, REAL və digər partiyalar isə iştirak edəcəklərini açıqlayıblar. Həmçinin, ADP sədri Sərdar Cəlaloğlu, Müsavat Partiyasının başqanı İsa Qəmbər, VHP sədri Sabir Rüstəmxanlı, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Ümid Partiyasının sədri İqbal Ağazadə və AMİP lideri Etibar Məmmədov seçkidə iştirak etməyəcəklərini açıqlayıblar.

Ana səhifəSiyasətDeputatlığa iddialılar niyə namizədliklərini geri çəkir?