Deputatlara vəsiqələri təqdim olunub

“Ölkə başçısının siyasi iradəsinin ortada olması vətəndaşlarımızın seçib-seçilmək hüququnun qarantı olub. Seçki lazımi səviyyədə keçirilib. Sizə uğurlar arzulayırıq”.

Foto: Prezident.az


Vasif Talıbovla Oqtay Əsədov iclasda iştirak etməyib

Azərbaycan parlamentinin üzvlərinə deputat vəsiqələri təqdim olunub.

Martın 13-də spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasda Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri və sədri Məzahir Pənahov da iştirak edib.

Son parlament seçkilərini müsbət qiymətləndirən M.Pənahov bildirib ki, proseslər tamamilə başa çatıb:

“Ölkə başçısının siyasi iradəsinin ortada olması vətəndaşlarımızın seçib-seçilmək hüququnun qarantı olub. Seçki lazımi səviyyədə keçirilib. Sizə uğurlar arzulayırıq”.

Daha sonra MSK sədri deputat vəsiqələrini parlamentarilərə təqdim edib.

İclasda iştirak etməyən bir neçə deputata isə vəsiqə təqdim olunmayıb. Onların sırasında 1 saylı Şərur-Sədərək seçki dairəsinin deputatı Vasif Talıbov, 45 saylı Abşeron seçki dairəsinin deputatı Oqtay Əsədov da var.

Milli Məclisin VI çağırışının tərkibi 2020-ci il fevralın 9-da növbədənkənar seçkilərində formalaşıb.

Mərkəzi Seçki Komissiyası dörd seçki dairəsinin – 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələrini ləğv edib.

Martın 5-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib. Nəticələrə əsasən, 125 seçki dairəsinin 121-i üzrə Milli Məclisə deputat seçilib.

Onlardan 70-i YAP-çı, 39-u müstəqillər, 12-si isə digər partiyaların üzvləridir.

Müddəti 2020-ci ilin noyabrında başa çatmalı olan V çağırış Milli Məclisin tərkibi dekabr ayında buraxılıb.

Ana səhifəSiyasətDeputatlara vəsiqələri təqdim olunub