Deputat: Problemli kreditlərin həcmi ilin əvvəli ilə müqayisədə artıb

“Onlar ticarət şəbəkələrindən nisyə mal alır, lombarddan kredit götürürlə”

Source: Specify Source


"Kreditlərin məbləğinin son ilin ilk 4 ayında 3.1 faiz artması arzuolunan deyil"

2021-ci ilin ilk 4 ayında bankların həm kredit qoyluşları, həm də problemli kreditlərinin həcmi artıb.

Bank sektoru 2020-ci ili 14 milyard 530 milyon manat kredit portfeli ilə başa vurub. İndi bu göstərici 14 milyard 987 milyon manatdır.

Eyni zamanda, ötən ilin sonunda problemli kreditlərin həcmi 893 milyon manat olub, hazırda isə 921 milyon manatdır.

Deputat Vüqar Bayramov deyir ki, ilk 4 ayda kredit portfeli ilə problemli kreditlərin həcmi ilin əvvəli ilə müqayisədə eyni nisbətdə artıb və hər iki göstəricidə 3.1 faiz artım qeydə alınıb.

Onun fikrincə, kredit portfelinin artması müsbət məqam olsa da, problemli kreditlərin məbləğinin son ilin ilk 4 ayında 3.1 faiz artması arzuolunan deyil: “Problemli kreditlərin həcminin artımasında pandemiyanın təsirləri xüsusi rol oynasa da, bankların bahalı kredit siyasəti, o cümlədən bir sıra hallarda ödəmə qabiliyyətini yoxlamadan maliyyələşmələr həyata keçirilməsi də təsirsiz qalmayıb”.

Vüqar Bayramov
Vüqar Bayramov

Deputat bildirib ki, depozit dividentləri ilə kredit faizləri arasında da kəskin fərq yaranıb. Artıq bəzi banklar xarici valyutada dividentlərə ya faiz ödənişi etmirlər, ya da cüzi divident hesablayırlar: “Manat üzrə depozit dividentləri də azalıb. Depozit dividentlərinin düşməsinə baxmayaraq kredit faizlərində nəzərəçarpan azalmalar yoxdur. Yüksək kredit faizləri problemli kreditlərin həcminə təsir göstərir və nəticədə 2021-ci ilin geridə qalan aylarında qaytarıla bilməyən kreditlərin həcmində artım müşahidə olunub. Bu baxımdan, faizlərin optimallaşdırılması və kreditlərə əlçatanlığın artırılması üçün Mərkəzi Bank tərəfindən daha sistemli tədbirlərin həyata keçirilməsinə ehtiyac var”.


"Banklar bunu gizlədirdilər, güzəştlər edirdilər ki, kreditlər problemli kimi tanınmasın"

Bank sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov da deyir ki, pandemiya ilə bağlı karantin qaydaları zəiflədikcə banklar çox kredit verməyə başlayıb, amma ötən dövrdə xeyli kreditlər problemliyə çevrilib: “Başadüşüləndir, yalnız Azərbaycanda belə deyil, bütün ölkələrdə var. Çünki pandemiya dövründə həm istehlakçılar, həm də sahibkarlar kreditləri qaytarmaqda çətinliklər çəkdilər”.

Hüquqşünasın fikrincə, Azərbaycanda pandemiyadan öncə də problemli kreditlər arta-arta gedirdi. Amma o kreditlərin demək olar ki, böyük əksəriyyəti 2015-ci ildən sonra yaranmışdı: “Sadəcə, banklar bunu gizlədirdilər, güzəştlər edirdilər ki, kreditlər problemli kimi tanınmasın. Bu halda ehtiyat yaratmalı idilər, ancaq zaman keçdikcə banklar həmin kreditləri tanımalı oldu. Çünki problemli kreditlərlə bağlı bank maksimum 3 il ərzində məhkəməyə müraciət edə bilərdi. Bunu daim uzada bilmədi və əvvəl-axır tanıdı. Bundan sonra problemli kreditlər artdı”.

Əkrəm Həsənov bildirib ki, problemli kreditlər istənilən bank sisteminin tərkib hissəsidir. Banklarda həmişə problemli kreditlər olur. Bununla yanaşı, Azərbaycanın bank qanunvericiliyində də ciddi problemlər var və kökündən dəyişməsinə ehtiyac yaranıb: “Prezident 2004 və 2014-cü illərdə bank məcəlləsinin hazırlanması ilə bağlı 2 dəfə sərəncam verib. Hələ də layihə yoxdur, hazırlamırlar. Azərbaycanda bank qanunverciliyi köhnəlib. Oradakı bank nəzarəti modeli günün tələbinə cavab vermir. Mərkəzi Bankı həyata keçirdiyi bank nəzarəti nəyə lazımdır? Ona lazımdır ki, problemli kreditlər az olsun. Banklar istehlakçılardan əmanət kimi, sahibkarlardan cari hesaba cəlb etdiyi vəsaiti kimə və necə gəldi kredit verməsin və həmin pul batmasın. Buna görə də Mərkəzi Bankın bank nəzarəti orqanı kimi əsas vəzifəsi bankların kredit fəaliyyətinə nəzarətdir”.

Ekspert deyir ki, ancaq təəssüf, burada bir sıra problemlər var. Həm bank qanunvericiliyi günün tələblərinə cavab vermir, səmərəli deyil, həm də Mərkəzi Bank müəyyən səbəblərə görə bu işin öhdəsindən gələ bilmir: “Orada da müəyyən dəyişikliklər etmək lazımdır. Banklar ümumiyyətlə, maksumum şəffaf olmalıdır. Bizdə təəssüf ki, bu da yoxdur. Bunlar olsa, problemli kreditlərin həcmini azaltmaq olar. Digər məsələ imkan daxilində kredit tarixçəsi institutunun şamil edildiyi sahələri genişləndirməkdir. Bildiyiniz kimi bu gün Azərbaycanda kredit bürosu var. Banklar və bank olmayan kredit təşkilatları kredit verəndə ora məlumat verirlər və sabah bu qurumlar kredit verəndə ora nəzər yetirir. Baxır görsün ki, həmin şəxsin kredit tarixçəsi necədir. Bu da ona görə lazımdır ki, problemli müştərilərə kredit verilməsin, yaxud az verilsin. Bu təhlükələrin qarşısı alınsın”.

Əkrəm Həsənov
Əkrəm Həsənov

Əkrəm Həsənov hesab edir ki, Azərbaycanda bu da problemdir, çünki insanlar ancaq banklardan və bank olmayan kredit təşkilatlarından kedit götürmürlər: "Onlar ticarət şəbəkələrindən nisyə mal alır, lombarddan kredit götürürlər. Amma kredit büroları haqqında qanunvericilik ticarət şəbəkələri və lombardların üzərinə kredit bürosuna məlumat vermək öhdəliyi qoymur. Buna görə də banklar və bank olmayan kredit təşkilatları bu gün kredit verəndə müştərinin ticarət şəbəkələrinə, lombarda olan borclarını görmür. Buna görə də kredit büroları haqqında qanunvericiliyə dəyişiklik lazıdır. Kim kredit fəaliyyəti ilə məşğuldursa, kredit bürosuna məlumat vermək onun vəzifəsi olmalıdır. Bütün kreditorlarda bu barədə məlumat olmalıdır. Bu, çox vacibdir”.

Son zamanlar Azərbaycanda problemli kreditlərin həcmi artır. Aprelin 1-də Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 918.2 milyon manat idi. Mərkəzi Bankın məlumatına görə, bu, son bir ayda 0.1 faiz artım deməkdir.

Qurum habelə bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 33.8, ilin əvvəlindən isə 2.8 faiz artıb. Buna səbəb kimi milli valyutada olan uzunmüddətli vaxtı keçmiş kreditlərin 0.94 faiz artmaqla 575.7 milyon manata yüksəlməsi göstərilir.

Martın 1-nə problemli kreditlərin cəmi kreditlərdə payı 6.2 faiz təşkil edib. Prezident İlham Əliyevin 2019-cu ilin fevralında fiziki şəxslərin xarici valyutada olan problemli kreditlərinin həlli ilə bağlı fərmanı onun azalmasına səbəb olmuşdu.

Həmin fərmanla 10 min dollara qədər kredit götürən fiziki şəxslərin borclarında 2015-ci ildə iki dəfə baş vermiş devalvasiyalardan (manat iki dəfə dəyər itirdi) sonra yaranmış fərq dövlət büdcəsi hesabına ödənildi.

Onda vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə banklara 682 milyon manat dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verildiyi açıqlandı. Beləliklə, 2019-cu ilin sonuna ödəniş vaxtı keçmiş kreditlər 1 milyard 273.1 milyon manata qədər azalmışdı. Halbuki, bu məbləğ devalvasiyalardan sonra 1.8 milyard manata qədər yüksəlmişdi.

Ana səhifəİqtisadiyyatDeputat: Problemli kreditlərin həcmi ilin əvvəli ilə müqayisədə artıb