Deputat Moskvadakı terrordan narahatdır: “Belə bir hal Azərbaycanda baş versə…”

Foto: president.az

“Bizə məlumat verilməlidir ki, ölkədə təhlükəsizlik hansı səviyyədədir, hansı işlər görülür”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev 22 mart Moskva terroru ilə bağlı Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edilib.

Bu barədə BAXCP sədri Qüdrət Həsənquliyev Milli Məclisin martın 29-da toplantısında təklifini səsləndirib.

Qüdrət Həsənquliyev foto google.az
Qüdrət Həsənquliyev. Foto: arxiv

Onun sözlərinə görə, Rusiyada baş verən terror hadisəsindən sonra Azərbaycanda da təhlükəsizlik vəziyyətinin araşdırılmasına ehtiyac var:

“Bizə də məlumat verilməlidir ki, ölkədə təhlükəsizlik hansı səviyyədədir, hansı işlər görülür. Allah eləməsin, belə hadisə baş verərsə, bizim hansı gücümüz var?”.

YAP-çı deputat Siyavuş Novruzov isə məlum olaydan sonra xaricdə olan siyasi fəalları hədəfə alıb:

“22 mart terror hadisəsindən sonra xaricdə oturan sapı özümüzdən olan insanlar aktivləşməyə başlayıb. Onlar belə hadisənin kaş Azərbaycanda olmasını istəyirdi. Belə insanlar Azərbaycan xalqını düşünmürlər, yalnız öz maraqlarını güdürlər. Terrorun əsas mənbəyi maliyyədir. Bizim terrorla bağlı qanun layihəmiz var idi. Hesab edirəm ki, bu qanun layihəsi daha da sərtləşdirilməlidir. Heç kəs havadan insana pul vermir. Verdiyi pulun arxasında da hər hansı sifariş var. Ona görə də bunun qarşısı alınmalıdır”.

Siyavuş Novruzov
Foto: arxiv

Deputat qeyd edib ki, İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan ərazisində sosial xarakterli fövqəladə vəziyyət yaratmağa cəhd göstərsələr də, hüquq-mühafizə orqanları Prezidentin rəhbərliyi ilə bunun qarşısını aldı:

“Daha sonra Azərbaycanı müxtəlif yanğınlarla sınağa çəkməyə çalışdılar. Bunun da qarşısı uğurla alındı”.

Moskva yaxınlığındakı “Crocus City Hall”da terror aktı martın 22-də axşam saatlarında baş verib.

Son məlumatlara görə, konsert salonuna hücum nəticəsində 143 nəfər həlak olub, 360 nəfər yaralanıb.

Ana səhifəSiyasətDeputat Moskvadakı terrordan narahatdır: “Belə bir hal Azərbaycanda baş versə…”