Deputat: Əli Kərimlini virtual aləmdə bəzi insanlar dəstəkləyir, elə bilir, real həyatda da belədir

Söhbət ondan gedir ki, gənclərimizin bir çoxu 1990-cı illəri görməmişdilər.

Source:


Parlamentdə 19 oktyabr mitinqi ilə bağlı tənqidi çıxışlar səsləndirilib

"O vaxtlar 100 minlər çıxırdı ki, imperiayadan azad olsun, indi nədən azad olmaq istəyirlər? Hə, dava nədir, sən get, mən yerində oturum. Özləri də bilir ki, idarə edə bilməzlər".

Milli Məclisin plenar iclasında bir neçə gün əvvəl şəhərin mərkəzində keçirilən aksiyanın müzakirələri zamanı deputat Tahir Kərimli belə deyib.

O bildirib ki, mitinqdə kütləvilik olmayıb:

“Niyə özünüzdən yalanlar uydurursunuz, özünüzü də inandırırsınız? Müxalifət oktyabrın 19-da Bakının mərkəzində mitinq keçirməyə cəhdlə nəyə nail oldu? Əli Kərimli mitinqdən sonra dedi ki, aksiyada 10 minlərlə insan iştirak edib. Bu, yanlışdır. Əli Kərimlini virtual aləmdə bəzi insanlar dəstəkləyir, elə bilir ki, real həyatda da belədir. Milli Şuranın rəhbərliyi, müavinləri mitinqə çıxmadı, haradan bildilər ki, 100 minlər onları müdafiə edir? Qanunvericiliyə əsasən, metrostansiyasının mühafizə zonasında mitinq keçirilməsi qadağandır. Guya orada Yeni Azərbaycan Partiyası istəsə, mitinq keçirə bilər? Əlbəttə, yox, çünki orada mitinq keçirmək qadağandır. Görünür, bunlar xaricdən dəstək alırlar”.

Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, aksiyaya cəhd edənlər Azərbaycanın beynəlxalq aləmdə imicinə zərbə vurmaq niyyəti güdüblər.

Səməd Seyidov
Səməd Seyidov

"Bir neçə gündən sonra Azərbaycan Qoşulmama Hərəkatına ev sahibliyi edəcək. Bu destruktiv qüvvələr Azərbaycan-ABŞ münasibətlərini pozmaq istəyir. Ancaq buna nail ola bilməzlər, iki ölkə arasında münasibətlər yüksək səviyyədədir".

Komitə sədri əlavə edib ki, həmin qüvvələr Prezident İlham Əliyevin apardığı islahatlara zərbə vurmaq istəsələr də, bunu bacarmayacaqlar.

Parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov müxalifətin icazəsiz yerdə aksiya keçirmək cəhdini təxribat törətmək niyyəti kimi qiymətləndirib:

"Həmişə olduğu kimi daxili işlər orqanları qanunauyğun formada tədbirlər görüb. Adını müxalifət qoyub, xalqına, dövlətinə qənim kəsilən Əli Kərimli kimilər bilməlidir ki, dövlətimizdə sabitlik daim qorunacaq. Bunu onların ağaları da başa düşsünlər”.

Deputat Fərəc Quliyev bildirib ki, Milli Şura xaricdə yaradılmış bir qurum olduğuna görə, onlara Lökbatanda mitinqə icazə vermək də düzgün deyil.

Fərəc Quliyev
Fərəc Quliyev

Milli Məclisin vitse-spikeri Bahar Muradovaya görə, Azərbaycan dövləti özünü təsdiq edib və bunu şübhə altına alan hər bir müzakirədən kənar durulmalıdır. O qeyd edib ki, icazəsiz aksiya keçirənlərin arxasında hansı qüvvələrin dayandığı, məqsədləri məlumdur:

"Qanundankənar, qanunazidd fəaliyyət həyata keçirmək istədilər. Müəyyən sosial narazılıqları olan təbəqələri də bura cəlb etmək istəyiblər. Arxasında erməni maliyyəsi dayanan, Ermənistanın, erməniçiliyin maraqlarına xidmət edənlərin sifarişini yerinə yetirən insanların iştirakı ilə aksiya keçirmək istədilər. Bunların özü çox şey deyir. Məqsəd Azərbaycandakı islahatları dayandırmaq, dövləti sarsıtmaq idi.

Bahar Muradova
Bahar Muradova

Amma onların məqsədlərinə çatmaq üçün heç bir imkanı yoxdur. Onlardan bunu hansısa kütlə, təbəqə gözləmir. Söhbət ondan gedir ki, gənclərimizin bir çoxu 1990-cı illəri görməmişdilər. Onların təsəvvüründəki Azərbaycan bugünkü Azərbaycandır. Onların hansısa xaosun, anarxiyanın bu millətə, bu dövlətə nə verə biləcəyi barədə tam təsəvvürləri yoxdur. Mən hesab edirəm ki, bu baxımdan bu adamlara da bir təşəkkür düşür. Həmin adamlar bu qanunsuz aksiyanı keçirməyə cəhd etməklə 1990-cı illər haqqında təsəvvürü olmayan gənclərə, geniş əhali kütləsinə bir daha xatırlatdılar ki, qanundankənar hərəkətlər nəyə gətirib çıxara bilər. Öz maraqlarını, ambisiyalarını xalqın, dövlətin maraqlarından üstün tutmağın nəyə başa gələ biləcəyini göstərdilər. Onlar bunu yaxşı bacardılar, elə bacardıqları da budur. Ona görə də düşünürəm ki, Azərbaycan dövləti hər zaman oluduğu kimi bu cür hərəkətlərin qiymətini hüquqi müstəvidə verməklə yanaşı, öz yoluna davam edəcək. Eyni zamanda Ermənistanı gücdən salan siyasətini davam etdirəcək və Azərbaycanı dünyada nüfuz sahibi edən siyasətini xalqla birlikdə aparacaq. Bu gün Azərbaycanın, dövlətin, xalqın maraqlarını hər şeydən üstün tutan prezident, prezident-xalq birliyi, vətənldaşların mütləq əksəriyyətinin həmrəyliyi var. Bu həmrəylik oktyabrın 20-də Heydər Əliyev Mərkəzinin qarşısındakı aksiyada özün göstərdi. Azərbaycana məhz belə aksiyalar yaraşır”.

Ana səhifəSiyasətDeputat: Əli Kərimlini virtual aləmdə bəzi insanlar dəstəkləyir, elə bilir, real həyatda da belədir