“Sözlərimdən qorxmuş, incimiş və çaşqınlıq hissi keçirmiş insanlardan üzr istəyirəm” (yenilənib)

Mixail Delyaqin. Foto: https://realtribune.ru/

Mixail Delyaqin üzr istədi

“Bəli, Dmitri Peskov Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirməməyə dair tövsiyəsində tamamilə haqlıdır”

Rusiya Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyaqin martın 28-də Azərbaycanla bağlı yerli telekanallara verdiyi açıqlamaya aydınlıq gətirib.

Bu barədə M.Delyaqin “Facebook” səhifəsində yazıb.

Deputat Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun onun haqqında söylədiklərini haqlı sayıb:

“Bəli, Dmitri Peskov Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirməməyə dair tövsiyəsində tamamilə haqlıdır və mən bu tövsiyələri tam yerinə yetirəcəyəm”.

O, bəyanatının və teleqramda apardığı sorğunun bütövlükdə Azərbaycan xalqına və dövlətinə yönəlmədiyini bildirib:

“Yalnız Azərbaycan bürokratiyasının hansısa hissəsinə ünvanlanıb”.

“Təbii ki, mənim sözlərimdən qorxmuş, incimiş və çaşqınlıq hissi keçirmiş bütün millətlərdən olan insanlardan (təkcə azərbaycanlılardan deyil) ən səmimi üzrümü bildirirəm. (Təbii ki, bu, rus dilində ancaq nalayiq söyüşlər bildiyi üçün sözlərimi başa düşməyənlərə aid deyil).

Rusiya Xarici İşlər Nazirliyi də açıqlamasını qəbuledilməz hesab edib.

Nazirliyin sözçüsü Mariya Zaxarova bildirib ki, deputat Delyaqinin Azərbaycan və Qarabağla bağlı açıqlamaları Moskvanın mövqeyinə uyğun gəlmir və qəbuledilməzdir.

Rəsmi Bakı ilə qarşılıqlı müttəfiqlik fəaliyyəti, habelə strateji tərəfdaşlıq münasibətlərinin olduğunu vurğulayan M.Zaxarova deputatın bu çıxışını məsuliyyətsiz adlandırıb:

“Əminik ki, Rusiya Dövlət Dumasının rəhbərliyi tərəfindən bu cür təxribat xarakterli bəyanatlara müvafiq qiymət veriləcək”.


“Xarici İşlər Nazirliyi və bütün ictimaiyyət mövqeyini ortaya qoymalıdır”

“Ən dəhşətlisi odur ki, Delyaqin terrorizmi təbliğ və təşviq edir. Bu adam Rusiyanın dövlət televiziyasında Ukrayna məsələsi müzakirə olunduğu anda birdən-birə mövzudan çıxıb və Azərbaycanı ittiham edib. Bizi atəşkəs rejimini pozmaqda ittiham edərək güc diliylə danışmağın vacibliyini vurğulayıb”.

Milli Məclisin deputatı Elman Nəsirov Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqinin Azərbaycanla bağlı fikirlərini Meydan TV-yə şərh edərkən belə deyib.

Rusiyalı deputat, Dumanın “Ədalətli Rusiya” fraksiyası sədrinin məsləhətçisi Mixail Delyaqinin martın 28-də “Rossiya 24” kanalında yayımlanan “60 dəqiqə” verilişindəki çıxışı Azərbaycanda etirazla qarşılanıb.

M.Delyaqinin bir gündə iki telekanalda oxşar məzmunlu çıxışı bir sıra suallar doğurub.

Delyaqin Azərbaycanın Dağlıq Qarabağda atəşkəsi pozduğunu söyləyərək iddia edib ki, Bakıdan hücum təhlükəsi var.

Azərbaycanı Türkiyənin “əlaltı”sı adlandıran deputat daha sonra belə deyib: “Azərbaycan sərt və birmənalı şəkildə cəzalandırılmalıdır. Azərbaycanın neft sənayesi bizim nəyimizə lazımdır? Bizim ona ehtiyacımız yoxdur. İnsanlar sözləri başa düşmürlərsə, yəqin ki, əməlləri başa düşməli olacaqlar. Əgər bunları etməsək, biz mövcud olmayacağıq. Yeganə sual budur”.

Dmitri Peskov, Foto: ID1974/shutterstock

Rusiyalı deputatın çıxışına Kremldən münasibət bildirilib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, deputat Delyaqinin Rusiyanın Bakıdakı neft yataqlarına zərbələr endirməsi ehtimalı ilə bağlı dedikləri heç bir halda Moskvanın xəttinə uyğun gəlmir.

Peskov Delyaqini emosiyalarını cilovlamağa və Azərbaycanla bağlı qeyri-dost bəyanatlar verməkdən çəkinməyə çağırıb.

Elman Nəsirov da deyir ki, Delyaqinin çıxışı Rusiyanın siyasi xəttinə ziddir: “Delyaqin Rusiyanın müttəfiqinin paytaxtını bombalamaqla hədələyir. Axı Delyaqin sıravi deputat deyil, komitə sədrinin müavinidir. Faktiki terrorizmi təbliğ edir. Azərbaycanın neft sənayesini bombalamağa çağırır. Bu, nə davranışdır, kim onu öyrədib, arxasında kim dayanır? Məgər, rusiyalı deputatın bu davranışı ölkəsinin milli maraqlarına zidd deyil? Bu qədərmi ermənipərəst olub?”.

Elman Nəsirov
Elman Nəsirov, Foto: Azərtac

Deputatın sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyi başda olmaqla bütün ictimaiyyət bu məsələdə mövqeyini ortaya qoymalıdır:

“Parlamentin növbəti iclasında deputatlar mövqe bildirməlidirlər. Şəxsən mən çalışacağam ki, söz alıb danışım. Heç bir halda Delyaqinin çıxışı Rusiya-Azərbaycan münasibətlərinə kölgə sala bilməz. Ən dəhşətlisi odur ki, rusiyalı deputat terrorizmi təbliğ və təşviq edir”.

Ana səhifəSiyasət“Sözlərimdən qorxmuş, incimiş və çaşqınlıq hissi keçirmiş insanlardan üzr istəyirəm” (yenilənib)