Səməd Rəhimli: “Hökumət ölkə daxilindən sonra mühacirətdə olan fəaliyyəti də aradan qaldırmaq istəyir”
Baş Prokurorluğun xaricdə yaşayan Qabil Məmmədov, Qurban Məmmədov, Tural Sadıqlı, İlqar Hacıyev, Elşad Məmmədov və Məhəmməd Mirzəlini prokurorluğun İstintaq İdarəsinə çağırmasının ardınca millət vəkilləri bu şəxslərin Azərbaycana ekstradisiyası ilə bağlı açıqlamalar verməyə başlayıb.
Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, Azərbaycan güclü və nüfuzli dövlətdir və həmin şəxslər ölkəyə gətiriləcəklər.
“Azərbaycan dövlətinin imkanları var ki, onları bu və ya digər formada hüquqa uyğun, hüquqi yollarla, beynəlxalq hüququn tanıdığı imkanlarla ölkəyə gətirsin. Düşünürəm, Almaniya da, digər ölkələr də mütləq bunu nəzərə almalıdırlar. Fransa isə bu gün öz işləri ilə o qədər məşğuldur ki, başqalarına qarşı kibercinayətkarları dəstəkləməyə imkanı belə yoxdur. Buna görə də gec, ya da tez informasiya terrorçuları, virtual terrorçular mütləq Azərbaycan qanunları qarşısında cavab verməli olacaqlar”, – Hikmət Babaoğlu bildirib.
Millət vəkili Elman Nəsirov isə “Qabil Məmmədov və onun kimilərin Azərbaycana gəlişi yaxın perspektivdə baş tutacaq. Çünki Azərbaycanın güclü hüquq-mühafizə orqanları var və xarici tərəfdaşları ilə bu istiqamətdə fəaliyyət aparır. Baş Prokurorluq Qabil Məmmədov və digərlərinin istintaqa cəlbini təmin edəcək”, – deyib.
“Qabil Məmmədov, Tural Sadıqlı, Məhəmməd Mirzəli kimilərə qarşı artıq Baş Prokurorluq cinayət işi açıb. Konkret aprel ayı üzrə müddət göstərilib ki, Prokurorluğun İstintaq İdarəsinə gəlsinlər. Onlar yaşadıqları ölkələrin hüquq-mühafizə orqanlarına arxayın olmaq istəyirlər. Qabil Məmmədov Almaniyada yaşayır. Arxayındır ki, Almaniya hüquq-mühafizə orqanları onu verməyəcək. Məhəmməd Mirzəli ilə Fransada yaşayır və güman edir ki, Azərbaycan-Fransa münasibətlərinin gərginliyi fonunda Fransa onu Azərbaycana təqdim etməyəcək. Yalnış düşüncədir. Onlar mütləq ölkəyə gətiriləcəklər, sadəcə söhbət zamandan gedir. Yəqin ki, uzun vaxt almayacaq. Yaxın perspektivə ümid bəsləyirik. Azərbaycanın hüquq-mühafizə orqanları bu istiqamətdə işləyir”, – Elman Nəsirov bildirib.
Martın 16-da Azərbaycanın Baş Prokurorluğu bu ölkədən müxtəlif dövrlərdə xaricə mühacirət etmiş bır sıra şəxsləri İstintaq İdarəsinə çağırıb. Aralarında blogerlər, biznesmen və internet kanallarının rəhbərinin də olduğu bu şəxslər müxtəlif maddələrlə ittiham edilirlər.
Məlumata görə, Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən şəxslərə – İlqar Hacıyevə, Məhəmməd Mirzəliyə, Qurban Məmmədova, Elşad Məmmədova, Qabil Məmmədova, Tural Sadıqlıya Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildirişlər göndərilib.
Onlardan biri, bir vaxtlar Azərbaycanda bir çox tenderlərin qalibi olmuş “Akkord” şirkətinin rəhbəri İlqar Hacıyevdir. Hazırda mühacirətdə olan Haciyev son illər Azərbaycan hakimiyyətini kəskin tənqid edirdi.
Baş Prokurorluğun məlumatında onun iyulun 14-də İstintaq İdarəsinə gəlməli olduğu qeyd edilir.
İlqar Hacıyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham olunur. Onun barəsində axtarış elan edilərək, həbs-qətimkan tədbiri seçilib.
İlqar Hacıyev ittihamları siyasi sifariş adlandırıb:
“Bu qərar birbaşa olaraq İlham Əliyevin siyasi sifarişdir. Mənim Rusiyada həm Moskva vilayətinin Mıtışinski rayonunun Piroqovka kəndində və Odintsovski rayonunun Novıye Javoronki kəndindəki tikililərimə Qod Nisanov və ətrafı İlham Əliyevin adından həm polislər, həm də quldur dəstələrinin iştirakı ilə basqınlar həyata keçiriblər. Bu xəbərlər Rusiya mediasında da yayımlanıb. Hazırda isə Rusiyadakı şirkətimin rəhbəri barəsində saxta ittihamlarla 9 il həbs hökmü çıxarılıb.
Səsləndirilən ittihamlar yalandır. İlham Əliyev və onun ətrafı mənə məxsus Akkord şirkətlər qurumunu oğurlayaraq ələ keçiriblər. Bununla da onlar mənim 4 milyard dəyərindəki mülklərimi mənimsəyiblər. Bu ittihamlar köhnədir. Bununla bağlı daha əvvəl də Azərbaycan və Rusiya hökümətləri tərəfindən İnterpol vasitəsilə axtarışa verilmişəm. 2022-ci ildə bu axtarış qərarı İnterpol tərəfindən əsassız hesab edilərək ləğv edilib”, – İlqar Hacıyev deyib.
Blogerlər Məhəmməd Mirzəli və Qabil Məmmədov da Baş Prokurorluğa çağırılıb.
Məmməd Mirzəli Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü olub, Fransada yaşayır. Özünün yazdığına görə, o, Göyçayda “Əsgər ölümlərinə son!” aksiyasının təşkilatçısı olub və bundan sonra təqib olunub. O, mühacirətə getməzdən öncə polisə aparıldığını, incidildiyini, atasının da dəfələrlə polisə çağırılaraq hədələndiyini iddia edir.
Bu iddialara hüquq-mühafizə orqanlarından münasibət almaq cəhdləri nəticə verməyib.
Hakimiyyət rəsmiləri siyasi əqidələrinə görə insanların və onların qohumlarının basqılara məruz qalması haqqında deyilənləri, ümumiyyətlə, inkar edirlər.
Mirzəlinin Fransada olarkən bıçaqlandığı bildirilir, hətta qeyd edilir ki, həmin olayla bağlı həbs olunan şəxslər var. Onun Cinayət Məcəlləsinin 220.2 (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 281.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə) maddələri ilə 2018-ci il iyunun 2-də təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilib.
Hakimiyyətə qarşı sərt çıxışları ilə tanınan və Baş Prokurorluğun İstintaq idarəsinə çağırılan başqa bir bloger Qabil Məmmədov isə Cinayət Məcəlləsinin terrorçuluq daxil 24 maddəsi ilə ittiham edilir.
Baş Prokurorluğa çağırılan mühacirlərdən biri də hüquqşünas, “Azərifreedom” kanalının rəhbəri Qurban Məmmədovdur. Qurban Məmmədov da terrorçuluq və daha bir neçə başqa maddələrlə ittiham edilir. O, mühacirətdən əvvəl Azərbaycanda olarkən bir neçə dəfə müxtəlif ittihamlarla həbs edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Amma Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması ilə bağlı deyilənləri qəbul etmirlər.
Baş Prokurorluğa çağırılan və mühacirətdə olan kanal rəhbərlərindən (“Azad Söz”) biri isə Tural Sadıqlıdır. O isə kütləvi iğtişaşlara çağırış və başqa qanunsuz əməllərdə ittiham olunur.
Tural Sadıqlı axtarışa verilib və onun haqqında qiyabi həbs-qətimkan tədbiri seçilib.
Hələlik, rəsmi açıqlamalarda sözügedən şəxslərin hamısından münasibət almaq mümkün olmayıb.
Amma onlar bundan əvvəl haqlarında səslənən ittihamları, bir qayda olaraq, rədd ediblər və bunu tənqidi fəaliyyətləri ilə izah ediblər.
Hüquqşünas Səməd Rəhimli Azərbaycan Baş Prokurorluğunun mühacirətdə olan bir neçə şəxsi İstintaq İdarəsinə çağırmasını və onlara qarşı ittihamlar irəli sürülməsini şərh edib.
O bildirib ki, hüquqi porsedura görə, növbəti mərhələdə onlar ya İnterpol ya da Avropa Şursasının ekstradisiya konvensiyası vasitəsi ilə beynəlxalq axtarışa verilə bilərlər.
“Məsələ burasındadır ki, əgər həmin şəxslərin yaşadıqları ölkədə qaçqınlıq statusu varsa, onların Azərbaycana qaytarılmsı mümkün deyil”, – hüquqşünas deyir.
Səməd Rəhimlinin fikrincə, hökumət ölkə daxilində vətəndaş cəmiyyətini sıradan çıxarandan sonra bunu beynəlxalq arenaya daşıyır ki, mühacirətdə olan fəaliyyəti də aradan qaldırsın.
“Bu, hökumətin 2023-cü ildən bəri aktiv tətbiq olunan repressiyasının müəyyən bir formada davamıdır. Bu repressiya ilk növbədə “söyüş müxalifəti”ni və ya vətəndaş cəmiyyətindən bir nəfəri əhatə edə bilər. Lakin zamanla öz hədəfini genişləndirə bilər”, – Səməd Rəhimli bildirir.