“Tıxac iqtisadiyyatımıza böyük zərbə vurur”
“Dövlət qurumları hazırda bütün Azərbaycan vətəndaşlarının, xüsusən Bakı sakinlərinin zülm çəkdiyi tıxac probleminin həllində aciz qalıb”.
Bu açıqlamanı Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa dekabrın 30-da Milli Məclisin iclasında səsləndirib.
Fazil Mustafa yol infrastrukturunun düzgün qurulmadığını və problemlə bağlı hər hansı konsepsiyanın ortaya qoyulmadığını vurğulayıb:
“Hər gün adamlar tıxacda qalmaqla problem yaşayır, işə gecikir, iqtisadiyyatımıza böyük zərbə vurulur”.
Deputat təklif edib ki, problemin həlli istiqamətində şəffaf tender keçirilsin:
“Malaziyadan, Koreyadan, Monqolsutandan, hardansa bir şirkət bu məsələni öz üzərinə götürüb həlli yolları ilə bağlı təkliflərini ortaya qoysun. İllərdir ki, bu problem var. Təsəvvür edin, avtobusda, metroda hərəkət etmək mümkün deyil. Metrodan elə şəkillər paylaşılır, situasiyanı danışırlar, dəhşətə gəlirsən, artıq vaqonlarda hərəkər etmək mümkün deyil. Problemin həlli yolunu tapmalıyıq. Məsələ iqtisadiyyatımıza ziyan vurduğuna görə təcili tender keçirib qurumları cəlb etmək vacibdir”.
F.Mustafa daha sonra deyib ki, Xankəndi aksiyasına Naxçıvandan cavab vermək lazımdır.
“Xankəndidə ermənilərin keçirdiyi aksiyalara Naxçıvandan cavab vermək lazımdır. Niyə biz Naxçıvanda etiraz aksiyası keçirmirik? Ermənilər dünyaya elə təbliğ edirlər ki, sanki bir onların yol problemi var. Bizim də Naxçıvan problemimiz var. Naxçıvanda aksiya keçirib, onlara cavab verməliyik. Diplomatiyamızın da əlində sübutlar olması üçün belə addımlar atılmalıdır”.