Delimitasiya komissiyaları növbəti dəfə bir araya gəldilər

Ermənistan-Azərbaycan. Foto: Michele Ursi/shutterstock

Məlumatı rəsmi Yerevan yayıb, Bakı açıqlama verməyib

Noyabrın 1-də Ermənistan və Azərbaycan sərhədində Baş nazirin müavinləri Mher Qriqoryanın və Şahin Mustafayevin sədrliyi ilə iki ölkənin dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi komissiyasının 10-cu iclası keçirilib.

Məlumatı Ermənistanın Xarici İşlər Nazirliyi yayıb.

Bildirilir ki, tərəflər fəaliyyətlərinin noyabrın 1-dən qüvvəyə minəcəyini bəyan ediblər:

“Hər iki tərəf növbəti delimitasiya üçün sərhəd xəttinin bölmələrinin – hissələrinin qaydası məsələsi ətrafında fikir mübadiləsi aparıblar. Komissiyaların iclasından sonra Mher Qriqoryan və Şahin Mustafayev nəqliyyat kommunikasiyaları məsələlərini müzakirə ediblər”.

Azərbaycanın Xarici İşlər Nazirliyi görüş barədə məlumat yaymayıb.

Oktyabrın 25-də Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Vaaqn Xaçaturyan dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında əsasnamələri imzalayıblar.

Mayın 24-də Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri Azərbaycan sərhədçilərinin nəzarətinə keçib.

Aprelin 19-da Ermənistan və Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiyalarının iclasında Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb və həmin kəndlərdən demarkasiya işlərinə başlanacağı bildirilib.

Demarkasiyanın hansı xəritələrə əsasən həyata keçiriləcəyinə gəlincə, bildirilib ki, prosesin kartoqrafik əsasını SSRİ dövründən qanuni əsasa malik olan və müvafiq səlahiyyətlərə malik orqanlar tərəfindən tərtib edilmiş ən son topoqrafik xəritələr təşkil edir.

Bakı ilə Yerevan arasında nə baş verib?

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Ana səhifəSiyasətDelimitasiya komissiyaları növbəti dəfə bir araya gəldilər