“Dedilər, ərizəni yaz, işdən çıx, xarici pasportunu özünə qaytaraq”

“Orda bildirəndə ki, məni işdən uşağın müalicəsi üçün xaricə getməyə icazə aldığıma görə çıxarıblar, dedilər, elə şey ola bilməz”

Source: Specify Source


Yanğınsönürən Dəstəsinin sürücüsü ailə üzvünü xaricə müalicəyə apardığına görə işsiz qalıb

“Nazir Kəmaləddin Heydərov vətəndaşları qəbul edəndə işsizlik problemimdən, ailə vəziyyətimdən danışdım. O da tapşırdı ki, bu adama iş verin və məni işlə təmin etdilər. 4 il işləyəndən sonra ailə üzvlərimdən birinin müalicəsinə görə ölkə xaricinə getmək üçün işlədiyim idarənin rəhbərliyindən icazə istədim. Dedilər, bizim idarədə qurumda işçiyə icazə vermək yoxdur, ərizəni yaz, işdən çıx. Uşağın həyatını xilas etmək üçün ərizə yazıb işdən çıxmalı olum. Yalnız bundan sonra onlarda olan xarici pasportumu özümə qaytardılar. Müalicələr bitdi, ölkəyə qayıdandan sonra öz işimə dönmək istədim, götürmədilər. Aylardır ki, işsiz qalmışam, böyük bir ailənin yükü də çiynimdədir”.

Şirvan sakini Rəşad Xudayev Meydan TV-yə danışır ki, uzun illər işsiz qalıb. 2014-cü ildə nazir Kəmaləddin Heydərov Şirvan şəhərində vətəndaşları qəbul edərkən o, nazirə işsizlik problemindən danışıb. Nazirin tapşırığıyla Rəşad Xudayev elə Şirvan Yanğından Mühafizə Dəstəsinə yanğın avtomobili sürücüsü vəzifəsinə götürülüb.


“Xarici pasportlar seyfə yığılır”

“İşə girəndə adamların xarici pasportlarıını alıb seyfə qoyurlar ki, ölkədən icazəsiz çıxmayaq. Mən işə qayıtmaq üçün Yanğından Mühafizə Xidmətinin Baş İdarəsinə dəfələrlə müraciət etmişəm. Orda bildirəndə ki, məni işdən uşağın müalicəsi üçün xaricə getməyə icazə aldığıma görə çıxarıblar, dedilər, elə şey ola bilməz. Deyəndə ki, işçilərin xarici pasportlarını əllərindən alıb seyfdə saxlayırlar, yenə dedilər, ola bilməz, belə qayda-qanun yoxdur. Ancaq faktiki bizdə belə idi və mənim xarici pasportumu özümə yalnız könüllü işdən çıxmaq haqqında ərizə yazandan sonra qaytarmışdılar. Heç məzuniyyətə çıxanda da xaricə özbaşına çıxmağa icazə verilmir, məzuniyyətə çıxan adamın pasportunu müvəqqəti olsa da özünə vermirlər ki, bəlkə bu adam harasa istirahətə gedəcək… Aylardır ki, Baş İdarəyə həm elektron, həm şifahi müraciətlər edirəm. Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədovun qəbulunda da olmuşam, o da tapşırıq verib ki, bu adamın məsələsini araşdırın, iş verin. Görüşümüzdən 2 aya yaxın vaxt keçib, hələ də xəbər yoxdur. Halbuki, sənədlərim əllərimin altındadır, birinci dərəcəli sürücü olmuşam, heç bir xidməti qüsurum olmayıb, nümunəvi işçi idim. İstəsələr, işə bərpa məsələsini 1 saatın içində həll edərlər”.


“İş var, sadəcə, işə götürmürlər”

“Evdə 7 nəfərik, xəstə, təqaüdçü anam, əlil bacım, bacımın xəstə övladı, həyat yoldaşım və iki azyaşlı övladım – hamısının yükü mənim çiynimdədir. 8 aya yaxındır ki, evə bir parça çörək aparmaq üçün çırpınıram, heç nə əldə edə bilmirəm. Vacib deyil ki, məni sürücü işinə götürsünlər, maraqlanmışam, hazırda Şirvan Yanğından Mühafizə Dəstəsində elektrik, kargüzarlıq işi var, mən elektrik ixtisası üzrə də oxumuşam. Elə yanğınsöndürmə maşınları xarab olanda mən düzəldirdim, çünki o sahəni bilirəm. Nə iş olur olsun, əsas odur ki, 7 nəfərin çörəyini, suyunu verə bilim”.

1 həftə əvvəl Rəşad Xudayev növbəti dəfə Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədovun qəbuluna yollanıb. Ancaq o, yalnız kadrlar idarəsinin rəhbərliyi ilə görüşə bilib. Ona bir qədər də gözləməyi məsləhət görüblər.

Meydan TV müxbiri xarici pasportların işçilərdən yığılması, işçilərin xaricə çıxışına qadağaların olması, Rəşad Xudayevin işsiz qalması ilə bağlı səsləndirdiyi digər iddialara qurum tərəfindən aydınlıq gətirilməsini istəyib. Buna görə Şirvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsi və Dövlət Yanğından Mühafizə Xidməti ilə əlaqə yaratmağa cəhd etsə də, alınmayıb. Qurumdan sualları cavablandırmayıblar.

Ana səhifəBölgə“Dedilər, ərizəni yaz, işdən çıx, xarici pasportunu özünə qaytaraq”