”Dayə uşağımı polisə verdi”

Gənc ana: “Oğlumu əlimdən alıb başqasına övladlığa veriblər”

Source:


Gənc ana: “Oğlumu əlimdən alıb başqasına övladlığa veriblər”

“Dayənin pulunu bir neçə gün gecikdirdim, uşağımı polisə, ordan da uşaq evinə verdi. İndi də qapı-qapı düşüb balamı axtarıram. Uşaq evindən deyirlər ki, övladlıq veriblər. Mən balamı istəyirəm, onu heç kimə verməmişəm, vermərəm də”, – deyir, 24 yaşlı Nəzakət Əliyeva (ad şərtidir).

N.Əliyeva övladını 2015-ci ildə nikahdankənar dünyaya gətirib. 2016-cı ilin avqustunda isə onu əlindən alıblar. Ana övladının harada olduğunu bilmir. Deyir, uşağın atası onları çoxdan tərk edib, elə o vaxtdan da əlaqələri kəsilib:

“Mən kimsəsiz böyümüşəm. Uşaq vaxtı anam vəfat edib. Atam isə başqası ilə evlidir. Özümü dərk edəndən kiçik qardaşımla orda-burda – bəzən xalamgildə, bəzən də dost-tanışın evində yaşamışıq. Bizimki həyat deyil. Elə xəstəliyimizin səbəbi də normal şəraitdə yaşamamaq, normal qidalanmamaqdır”.

N.Əliyeva bir müddət qardaşına və övladına baxa bilmək üçün Bakıda müxtəlif kafelərdə, çay evlərində ofisiant kimi çalışıb. Ancaq hazırda ağır xəstəliyə tutulub, artıq işləyə də bilmir:

“Maddi imkanımız çox pisdir. İnanın, rəfiqəm mənimlə yeməyini paylaşmasa, ac qalaram. Qardaşımın 18 yaşı var. Şəraitsizlikdən vərəm xəstəliyinə tutuldu. Düzgün qidalanmama, isti evimizin olmaması isə onun xəstəliyini daha da ağırlaşdırdı. Ciyərləri tamamilə sıradan çıxdı. Nəticədə, həmin xəstəlik ondan mənə də keçdi. Sağ olsun yaxşı insanlar, qardaşımı Gürcüstanda vərəm dispanserlərindən birinə yatırdılar. İndi orada müalicə alır. Mənim isə belə bir imkanım yoxdur. Qalmışam çıxılmaz vəziyyətdə. Mən də müalicə alıb, özümə gəlmək, uşağı tapmaq istəyirəm. Hazırda o qədər halsızam ki, yerimdən dura bilmirəm. Həkim sonuncu yoxlamada ciyərimin hər iki tərəfində yaralar olduğunu söylədi. Öskürək də imkan vermir. Təmiz haldan düşmüşəm, heç yerimdən qalxa da bilmirəm”.

N.Əliyeva deyir ki, rəfiqəsinin köməyi olmadan addım belə ata bilmir:

“Sağ olsun, azdan-çoxdan, əlindən gələn qədər kömək edir. Yoxsa, mən təkbaşına neyləyərdim, bilmirəm. Xəstəlik məni bu dərəcədə əldən salmazdan öncə heç olmasa, işləyib, birtəhər dolanırdım. İndi o da mümkün deyil. Elə işlədiyim üçün də oğlumu dayəyə verirdim. Pulunu da gündəlik ödəyirdim. Bir ara iş olmadı, bir neçə gün pul ala bilmədim. Mən evdə olmayanda dayə uşağımı aparıb polisə verib. Polis də icra hakimiyyəti ilə birlikdə oğlumu 1 saylı uşaq evinə göndərib”.

N.Əliyeva dəfələrlə 1 saylı uşaq evinə getdiyini söyləyir. Ancaq ona uşağının burada olmadığını deyib, geri qaytarıblar:

“Dedilər, sizin uşağınız burada deyil. Hansısa ailəyə övladlığa veriblər. Nə qədər get-gəl etsəm də, uşağı mənə vermədilər. Bu, azmış kimi “Xəzər TV” oğlumla bağlı sujet verib. Həmin süjetdə deyilir ki, ana 4 aylıq uşağını tərk edib qaçıb. Halbuki, mən həmin videoda çəkilmiş şəxsləri belə tanımıram. Bütün bunlar uşağımı əlimdən almaq üçün quraşdırılıb. Uşağı etibar etdiyim dayə hicablı qadın idi. Videoda o

görünmür

. Təkcə deyə biləcəyim odur ki, söylənilənlər yalandır, mən uşağımı atıb getməmişəm. Əksinə, ona baxa bilmək üçün əlimdən gələni etmişəm, işləmişəm”.

“Xəzər TV”-dən Meydan TV-nin məsələ ilə bağlı sualına cavab verilməyib.

N.Əliyevada sadəcə xəstəxanadan verilmiş, uşağın doğulmasını təsdiqləyən sənəd var:

“Şəhadətnamə ala bilməmişəm. Çünki bəzi sənədləşmə problemlərim var idi. Yoluna qoymağa çalışırdım. Ancaq olmadı, balamı əlimdən aldılar. İndi də elə bir vəziyyətdəyəm ki, heç arxasınca belə gedə bilmirəm. İmkansızlıq, qidasızlıq, pis şəraitdə yaşamağım da bir tərəfdən xəstəliyimi ağırlaşdırır. Müalicəyə ehtiyacım var. Sağlamlığım bərpa olunandan sonra övladımı geri almaq istəyirəm”.

N.Əliyevanın problemi ilə bağlı Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinə (RİQC) müraciət etdik.

Cəmiyyətin sədri Şəhla İsmayıl qadının övladını geri ala bilməsinə hüquqi yardım göstərməsi üçün onu vəkillə əlaqələndirib. N.Əliyeva deyir ki, bir gün öncə vəkillə görüşüb, başına gələnləri ona anladıb. Vəkil bu işdə ona əlindən gələn köməyi edəcəyini bildirib.

Meydan TV N.Əliyevanın xəstəliyi ilə bağlı Səhiyyə Nazirliyinə və nazirliyin “qaynar xətti”nə (9113) də məlumat

verib.

N.Əliyevanın sözlərinə görə, nazirlik onunla əlaqə saxlayıb və köməklik göstərəcəyini vəd edib.

Ana səhifəReportaj”Dayə uşağımı polisə verdi”