Darmadağın

Donald Tramp. Foto: Meydan TV

Zərdüşt Əlizadə

Dünyanın və Qərbin əsas müşkülü onu idarə edən şəxslərin kimliyində gizlənmir

Trampın və Respublikaçılar Partiyasının son seçkilərdə böylə parlaq qələbəsini əksəriyyət heç gözləmirdi. Təbii ki, indi bu parlaq qələbəni şərh və izah edənlərin sayı minlərlədir. Demokrat Partiyası nəinki Ağ Evi, həm də parlamentin hər iki palatasını, ştat qubernatoru vəzifələrinin əksəriyyətini uduzub. Hərbi dillə desək, Demokrat Partiyası darmadağın edilib.

Bu parlaq qələbənin sadə və anlaşılan qavranılması üçün Azərbaycan oxucusuna onu digər, daha tanış bir hadisə ilə müqayisə etməyi məsləhət görərdim. Prezident Bayden öz tərəddüdlü və məntiqsiz, hadisələrin axarında iradəsiz ləngərlər vurması ilə səciyyələnən siyasəti ilə Amerikadan xeyli uzaq Cənubi Qafqazda yerləşən balaca Azərbaycanın son rəhmli və güzəşt axtaran bədbəxt Prezidenti Ayaz Mütəllibovun siyasətini təkrar edirdi.

Zərdüşt Əlizadə
Foto: Meydan TV

Bayden də sərt qərar və qətiyyət tələb edən məqamlarda barış və sövdələşmə imkanı arayırdı, o da partiya nomenklaturasının və onun ehkamlarının əsiri kimi davranırdı, sərt qarşıdurmadan çəkinərək böhranın dərinləşməsinə acizliklə tamaşa edirdi. Necə ki, Azərbaycanın sabiq partokrat nomenklaturası mövcud müşkülləri dərk etməyə və çözməyə aciz idi, Ermənistanın dünyanın böyük dövlətləri tərəfindən himayə edilən təcavüzünə qarşı sərt mövqe qoya bilmirdi, hakimiyyət vəzifələrinə soxulmağa can atan əyalət lotularına aramsız güzəştlər edirdi. ABŞ-nin Demokrat Partiyası da eynilə nə azğınlıqla Ukraynaya hücum edən Putin rejiminə Amerikanın hədsiz hərbi gücünü nümayiş etdirməyə, nə də ölkəyə hər dəlikdən daraşan iqtisadi miqrant axınının qarşısını kəsmək üçün qanunun cəbr tədbirlərinə əl atmağa özündə cəsarət tapırdı.

Müxtəsər söyləsək, imkan və güc var idi, siyasi iradə çatışmırdı. Nəticədə vahid siyasi iradəsi olmayan siyasi düşərgə aşınıb taqətdən düşürdü və hakimiyyət ehtirası ilə alışıb yanan digər bir siyasi qüvvənin qarşısında qurbanlıq quzuya çevrilirdi.

Azərbaycanda ömürlərində vəzifə məsuliyyəti və dövlət müşkülləri görməmiş bir bölük naşı dövlət cihazını ələ keçirə bildi. ABŞ-də də hakimiyyətə bir dəfə xeyli fəsad törətmiş Donald Tramp qayıda bildi. Necə ki, Mütəllibov hakimiyyətini devirmiş zümrənin xalqa heç bir xoşbəxtlik gətirməyəcəyinə əmin idim, indi də Trampın növbəti hakimiyyətinin bəşəriyyət üçün heç bir müsbət nəticə verməyəcəyinə əminəm.

Trampın birinci prezidentliyi dövründə yeni müharibə başlamadığını israrla vurğulayırlar. Məncə, oxucunun hafizəsinin zəifliyinə ümid edirlər. Tramp dövründə ABŞ Suriyaya qoşun çıxardı, onun əmri ilə bir gecədə Suriyanı 100 “Tomahavk” qanadlı raketi ilə vurdular, onun bilavasitə əmri ilə Suriyada bir zərbə ilə 200 rus döyüşçüsü öldürüldü və bundan sonra Putin “quyruğunu” qısmalı oldu. Odur ki, “sülhpərvər Tramp” nağılı avamlar üçündür. Tramp sıravi amerikan prezidentidir və fürsət düşəndə, zordan istifadə etməkdən çəkinmir.

Tramp öz 4-illik prezidentlik dövründə sübut etdi ki, onun üçün beynəlxalq hüquq məfhumu yoxdur. Bir neçə beynəlxalq müqaviləni ya ləğv etdi, ya tərəfi-müqabilləri onları təftiş edib ABŞ-nin xeyrinə dəyişməyə məcbur etdi. Əminəm ki, özünün ikinci prezidentliyi dövründə də eyni cür rəftar edəcək, zira “qozbeli qəbir düzəldər”.

Bayden hakimiyyəti, lap elə Mütəllibov hakimiyyəti kimi, fərsiz idi və bir həmlə ilə darmadağın oldu. Lakin onu əvəz etmiş Tramp hakimiyyəti də, lap elə AXC hakimiyyəti kimi, heç də kamillik və düzgünlük mücəssiməsi deyil və ümumiyyətlə bərbad gedən işləri islah edə bilməz. Hələlik yüksək vəzifə şöləsi və haləsi gözləri qamaşdırır və avam insanlar Trampdan hansısa müsbət bir nəticə gözləyir.

Əminəm ki, ABŞ-nin hərbi-sənaye kompleksinin sifarişlərini genişləndirmək məqsədilə dünyadakı müharibə və münaqişə ocaqlarını çoxaltmağa və körükləməyə çalışacaq, illah ki, özündən asılı dövlətlərə yüz milyardlarla dollar həcmində amerikan silahı sırıyacaq. Yadınıza gəlirmi, Səudiyyəyə səfər edib orada qılıncla ərəb rəqsi etdi və 400 milyard dollarlıq silah sövdəsini ərəblərin belinə şələlədi? Səudiyyə kralları ondan cəmi 100 milyardlıq silah alıblar, bu dəfə onlara 300 milyardlıq da aldıracaq.

Amerikanın sənaye potensialını inkişaf etdirməyə çalışacaq, digər rəqib dövlətlərin sənaye məhsuluna əlavə rüsum qoymaqdan çəkinməyəcək. ABŞ-nin neft şirkətlərinin əl-qolunu bağlayan məhdudiyyətləri ləğv edəcək, çox güman ki, neftin qiyməti aşağı düşəcək. Təbiəti qorumağa yönəlmiş bütün doğru-yalan tədbirlərdən ABŞ-ni qətiyyətlə çıxaracaq.
Müsəlman dünyasının anasını ağladacaq, İsraili ağına-bozuna baxmadan müdafiə edəcək. Lazım gəlsə, Fələstin xalqının hüquqlarını müdafiə edən İranı bombalayacaq.

Hələlik Ukraynaya işarə edir ki, ərazi bütövlüyünü unut, qəsbkar Putinə ərazindən güzəştə get. Hələlik yüngül işarədir, Ukrayna istəsə rədd edə bilər, onda yükü və möhnəti ağırlaşacaq. Seçim ukraynalılarındır, heç bir Tramp bütöv bir xalqı nəyə isə məcbur edə bilməz.

Bayden hakimiyyəti, lap elə Mütəllibov hakimiyyəti kimi, fərsiz idi və bir həmlə ilə darmadağın oldu. Lakin onu əvəz etmiş Tramp hakimiyyəti də, lap elə AXC hakimiyyəti kimi, heç də kamillik və düzgünlük mücəssiməsi deyil və ümumiyyətlə bərbad gedən işləri islah edə bilməz. Hələlik yüksək vəzifə şöləsi və haləsi gözləri qamaşdırır və avam insanlar Trampdan hansısa müsbət bir nəticə gözləyir.

Dünyanın və Qərbin əsas müşkülü onu idarə edən şəxslərin kimliyində gizlənmir. Müşkül artıq dünya işlərini idarə edən və kəsərini artıq itirmiş qayda-qanunların kökündən dəyişdirilməsindədir. Bəşəriyyət hələ buna hazır deyil, şüurlar hələ yetişməyib, bəşəriyyət milçək kimi köhnə ehkamların hörümçək torunda çırpınıb çabalayır.

Məhz buna görə bir fərsiz hakimi digəri, bir bivec zümrəni digəri əvəz edir. Məsələnin mahiyyətini dərk etməkdə aciz olan kütlə isə elə-hey “ağatlı oğlan”, “ecazkar xilaskar” ümidi ilə zindəganlıq edir.

Belə olub həmişə?

Ana səhifəMənim FikrimcəDarmadağın