“Dam örtüyünü dəyişməyə gələn fəhlələr armaturları, örtükləri oğurlayıblar” (yenilənib)

Foto: Meydan TV

***

Yazı dərc olunduqdan sonra DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məsələ ilə bağlı Meydan TV-yə məlumat göndərib:

“Vətəndaş Kamil Qasımov dam örtüyünün oğurlanması ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinə müraciət edib. Hazırda həmin idarədə müraciətlə bağlı müvafiq araşdırmalar aparılır”.

***

Gəncə sakininin şikayətinin araşdırıldığı bildirilir

“Binamızın dam örtüyünü təmir etməyə gələn fəhlələr dəmir dam örtüyü hissələrini, armaturları sökərək oğurlayıblar. Biz bundan təsadüfən xəbər tutduq. Oğurlanan materiallar hələ də geri qaytarılmayıb və binamızın damının bir hissəsi açıq qalıb. Qəfil yağıntı başlasa, bina su ilə dolacaq”.

Bunu Meydan TV-yə Gəncə şəhər Qurtuluş küçəsi, 1-ci döngə, ev 49a  ünvanında yaşayan sakinlər deyir. Onların sözlərinə görə, beçmərtəbəli binanın dam örtüyü bərbad olduğuna və binaya yağış suları dolduğuna görə, dövlət e-nəzarət portalına müraciət ünvanlayblar. Şikayət aidiyyatı üzrə Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə (MKTİB) yönləndirilib. MKTİB əməkdaşları tərəfindən binanın dam örtüyünə baxış keçirilib və örtüyün yenilənməsinə qərarı verilib. Yanvarın 15-də əraziyə qaldırıcı kran və fəhlələr gəlib. Fəhlələr dam örtüyünü sökməyə başlayıblar. Sakinlər bir də xəbər tutublar ki, dam örtüyü nəinki yenisiylə əvəzlənib, əksinə, yerindən çıxarılmış köhnə hissələr də yoxa çıxıb. Fəhlələr dəmir örtükləri, armaturları söküb özləri ilə aparıblar və əvəzinə heç bir əlavə tədbirlər həyata keçirməyiblər.

“Bir də baxdıq ki, nə fəhlələr var, nə armaturlar, nə də dam örtükləri”

Bina sakini Kamil Qasımov:

“Əvvəl gördük ki, dam örtüyünün qonşunun evinin üstünə düşən hissəsini sökərək mənim evimin üstünə vurmaq istəyirlər, etirazımı bildirdim. Dedim, buna pul ayrılıb, yenisi isə əvəz olunmalıdır, qonşunun damını niyə sökməlisiz ki? Qonşu işdən gəlib görəcək ki, damını söküb mənim evimin üstünə vurmusunuz, belə iş görürlər? Buna görə fəhlələrlə yüngül mübahisəmiz düşdü, bir azdan da gördük ki, səs-səmir kəsilib. Baxdıq ki, armaturları, mənim evimin üzərinə düşən dam örtüyü hissələrini söküb, özləriylə götürərək aradan çıxıblar, kranları da binanın qarşısında qalıb. İcra hakimiyyətinə zəng etdik, baş verənləri bildirdik, gözlədik, bir xəbər çıxmadı, polisə məlumat verdik. Sökülən hissə mənim evimin üstünə düşür. Həm evimin üstünün örtüyünü, həm qonşunun iki şiferini, həm də betondan söküb çıxardıqları armaturları aparıblar. Bu dəqiqə yağış başlasa, evim suyun altında qalacaq”. 

Foto: Meydan TV

Polis məsələni araşdırır

Sakinin sözlərinə görə, polisə məlumat versələr də, nə fəhlələrdən, nə də oğurlanmış əşyalardan hələ xəbər yoxdur.

Gəncə Şəhər İcra Hakimiyyətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb. Gəncənin Kəpəz Rayon Polis İdarəsindən isə Meydan TV-yə bildirilib ki, Gəncə şəhəri, Qurtuluş küçəsi, 1-ci döngə, ev 49a ünvanında dam örtüyü və digər tikinti materiallarının oğurlanmasıyla bağlı həmin ünvanda yaşayan vətəndaş Kamil Qasımovun etdiyi müraciət hazırda araşdırılır.

Ana səhifəBölgə“Dam örtüyünü dəyişməyə gələn fəhlələr armaturları, örtükləri oğurlayıblar” (yenilənib)