Onlar barəsində istintaq dövrü üçün 4 ay həbs qətimkan tədbiri seçilib
“TikTok” sosial şəbəkəsində fəal olan daha iki nəfər həbs olunub.
“Vaqa” kimi tanınan Vüqar Zeynalzadə və Nuh Məmmədov son bir həftə ərzində tiktokerlərin kütləvi həbsi ilə nəticələnən əməliyyatların davamı zamanı saxlanılıb.
Onların haqqında istintaq dövrü üçün 4 ay həbs qətimkan tədbiri seçilib.
Həbs qərarı Nərimanov Rayon Məhkəməsində çıxarılıb.
Ümumilikdə həbs olunan tiktokerlərin sayının 10 nəfərdən çox olduğu bildirilir.
Onların arasında məşhur televiziya aparıcısı Azər Zahid kimi tanınan, “azerzahid6669966” adlı səhifənin idarəçisi Azər İsmayılov, “emin_resad” adlı “TikTok” səhifəsinin idarəçiləri Emin və Rəşad Abdullayev qardaşları da var.
Tiktokerlərə qarşı əməliyyatları əvvəllər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Banditizm”) tabeliyində olan, bir müddət əvvəl Daxili İşlər Nazirliyinin tabeliyində ayrıca quruma çevrilən Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi həyata keçirir.
Həbs olunan şəxslərə qarşı Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma – xeyli miqdarda törədildikdə) və 244-1 (qumar oyunlarının təşkili) maddələrilə ittiham irəli sürülüb.
Bu maddələrin sanksiyasında 12 ilədək azadlıqdan məhrumetmə cəzası var.
Saxlanılan şəxslərin bir qismi “TikTok”da müxtəlif adlar altında əyləncə yarışlarının təşkilində ittiham olunur.
Həbs olunanların özləri və yaxınlarının onlara qarşı irəli sürülən ittihamlara münasibəti məlum deyil.