Müxalif fəallar karantin rejimini pozmaqda və polisə tabe olmamaqda ittiham olunurlar
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daha iki fəalı həbs olunub. Mayın 9-da Nərimanov Rayon Məhkəməsinin qərarıyla Əli Əmanxanlı və Elxan Əliyevin hər birinə inzibati həbs cəzası verilib. Onlar İnzibati Xətalar Məcəlləsinin 211 (epidemiya əleyhinə rejimin, karantin rejiminin pozulması) və 535.1 (polis əməkdaşının qanuni tələbinə tabe olmamaq) maddələri ittiham olunublar.
Amma AXCP onlar haqqında qərarın əsassız və sifarişli olduğunu bəyan edir.
“Bu, İlham Əliyevin martın 19-da müxalifətin təcrid olunması barədə çıxışından dərhal sonra başlayan növbəti repressiya dalğasının davamıdır. Son bir ayda 15 nəfər AXCP üzvü saxta ittihamlarla həbs edilib, partiya sədri Əli Kərimli 25 gündür ki, telefon və internet blokadasında saxlanılır. Bir ay öncə həbs olunan AXCP fəallarından Faiq Əmirli və Ruslan Əmirov mayın 8-da azadlığa buraxılıb. Onlar çıxan kimi də təcridxanadakı cəbhəçi yerlərinin boş qalmaması üçün dərhal iki fəalı həbs etdilər”, – deyə partiyadan Meydan TV-yə bildirilib.
AXCP-dən verilən məlumata görə, mayın 9-da səhər saatlarından Əli İmanxanlı və Elxan Əliyevdən xəbər tutmaq mümkün olmayıb. Axşam saatlarında isə onların Nərimanov Rayon Məhkəməsinə aparıldığı məlum olub:
“Mayın 9-da onlardan başqa, AXCP-nin Mingəçevir şəhər şöbəsinin üzvü Ceyhun Rzayev də saxlanılaraq, polis şöbəsinə aparılıb. Onun haqqında qərar isə hələ məlum deyil”.
Son bir ay ərzində AXCP-nin 15-ə yaxın fəalı həbs olunub. Onların arasında partiya sədri Əli Kərimlinin köməkçisi, mühafizəçiləri də var. AXCP üzvü, eyni zamanda, partiya sədrinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədov öncə 30 sutkalıq həbs edilib, Binəqədi təcridxanasında saxlansa da, sonradan DTX-ya köçürülüb. Partiya onun DTX-da Ə.Kərimli əleyhinə ifadə verməsi üçün işgəncəyə məruz qaldığını bəyan edib. Vəkili də onunla görüşə bilməyib.
AXCP sədrinin müavini Seymur Həzi hesab edir ki, istər partiya üzvlərinin kütləvi həbsi, istər Ə.Kərimlinin telefon və internet əlaqələrinin məhdudlaşdırılması, istərsə də N.Əhmədov ətrafında baş verənlər partiyaya qarşı xüsusi planın tərkib hissəsidir.
DTX N.Əhmədovun köçürülməsi barədə yayılan məlumatlara aydınlıq gətirməyib.
Daxili İşlər Nazirliyi isə AXCP fəallarının siyasi motivlə həbs olunması barədə iddiaları təkzib edib. Nazirlik bəyan edib ki, həbs olunanlar konkret qanun pozuntusuna görə cəzalandırılıblar.