“Mən kollegiyanın qərarı haqqında elə həmin qurumun saytından öyrəndim, kollegiya rəhbərliyi isə bu qərarı təsdiq etdi”
Vəkillər Kollegiyasının Rəyasət Heyəti dünən məşhur vəkil Əlaif Həsənovun kollegiyadan çıxarılması haqqında qərar qəbul edib. Əlaif Həsənovun “Turan İA”a verdiyi məlumata görə, o, müzakirəyə dəvət edilməyib və hətta bu barədə ona məlumat verilməyib ki, bu da, qərarın qanunsuz olduğunu göstərir.
Onun kollegiyadan çıxarılması üçün 240 saatlıq ictimai işlərə cəlb edilməsi haqqında 6 noyabr 2014-cü il tarixli məhkəmə qərarı bəhanə olub. Cəzanın səbəbi Leyla Yunusun keçmiş kamera yoldaşı Nuriyyə Hüseynovanın iddiası olub.
Leyla Yunusun Hüseynovanın ona təzyiq göstərməsi haqqında bəyanatlarından sonra sonuncu özünü təhqir olunmuş hesab edib. Vəkil isə öz növbəsində Yunusun sözlərini mətbuata çatdırıb.
Həsənov iddianı və məhkəmə qərarını əsassız hesab edir. Bundan başqa, onun ittiham olunduğu pozuntu ictimai təhlükə törədən əməl deyil və buna görə vəkillik statusundan məhrum etmək olmaz.
Nəhayət, Ali Məhkəmə hələ onun kassasiya şikayətinə baxmayıb və işə son nöqtə qoyulmayıb.
Vəkil həmçinin qeyd edib ki, Rəyasət Heyətinin iclası haqqin.az saytında “Sədr Azər Tağıyev müxalifətçiləri qanadı altına alır?” başlıqlı məqalənin dərc edilməsindən bir neçə gün sonra keçirilib. Məqalədə faktiki olaraq Həsənovu cəzalandırmaq çağırışı yer alırdı.
“Mən kollegiyanın qərarı haqqında elə həmin qurumun saytından öyrəndim, kollegiya rəhbərliyi isə bu qərarı təsdiq etdi. Mənə dedilər ki, mən artıq başlamış işlər üzrə işi davam etdirə bilmərəm. Beləliklə, mən siyasi məhbuslar Ömər Məmmədov, Murad Ədilov və başqalarını müdafiə edə bilməyəcəyəm”, deyə Həsənov bildirib. Vəkil deyib ki, kollegiyanın qərarından məhkəməyə şikayət etmək niyyətindədir.
Bu arada, Vəkillər Kollegiyasından “Turan İA”a bildiriblər ki, Həsənovun səlahiyyətlərinin dayandırılması haqqında qərar qəbul edilib və kollegiya onun vəkillik səlahiyyətlərinə xitam verilməsi haqqında məhkəməyə müraciət edəcək.
Son illər fəal vətəndaş mövqeyi ilə məşhur olan və siyasi məhbusları müdafiə edən bir sıra hüquqşünaslar – Xalid Bağırov, Aslan İsmayılov, Elçin Namazov kollegiyadan çıxarılıb.