Daha bir namizədin vəkili ölüb

Mahir Hüseynovun meyitinin müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmayıb.

Source: Report


Seçkidən sonra evinə dönən Mahir Hüseynov pilləkəndə həyatını itirib

Fevralın 9-da 61 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Xəqani Abdullayevin vəkili Mahir Hüseynov da vəfat edib.

Məlumatı Baş Prokurorluğun mətbuat xidmət yayıb.

61 yaşlı Mahir Hüseynovun yaşadığı evin pilləkən qəfəsində qəflətən vəfat etdiyi bildirilir.

Məlumatda deyilir ki, hadisə yeri və meyitə prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertinin iştirakı ilə baxış keçirilib.

Mahir Hüseynovun meyitinin müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmayıb.

"İlkin araşdırma zamanı müəyyən edilib ki, Mahir Hüseynov seçki prosesləri yekunlaşdıqdan sonra saat 22 radələrində Aşağı Qaramanlı kəndindən tanışının idarə etdiyi avtomobillə Neftçala şəhərinə, yaşadığı evin qarşısına gələrək pilləkənlərlə mənzilinə qalxan zaman qəflətən yıxılaraq vəfat edib".

Məlumatda o da bildirilir ki, Mahir Hüseynov uzun müddət ürək xəstəliyindən əziyyət çəkirmiş və 2016-cı ildən etibarən ürəyində 3 dəfə stent əməliyyatı aparılıb:

"Mahir Hüseynov müşahidəçisi olduğu dairənin rayonun Aşağı Qaramanlı kəndində yerləşən 28 saylı seçki məntəqəsindən seçki qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar həmin dairə seçki komissiyasına hər hansı müraciət daxil olmayıb. Eləcə də münaqişə və sair qanunsuzluqlar qeydə alınmayıb", – məlumatda deyilir.

Faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırmalar davam edir.

Daha bir ölüm halı isə Göygöl-Daşkəsən seçki dairəsinin 38 saylı seçki məntəqəsində olub. Namizəd Mövsüm Aslanovun vəkili Sübhan Hacıyev səssayma zamanı vəfat edib.

Məlumatı 101 saylı Göygöl-Daşkəsən seçki dairəsinin sədri Abbas Zalov “BBC News Azərbaycanca”ya təsdiqləyib. Onun sözlərinə görə, Sübhan Hacıyev vəkili olduğu Mövsüm Aslanova səs "az çıxdığı üçün təəccüblənib" və "özündən gedib":

"Onlar neçə gündür ki, burda təbliğat aparırlar, səslər sayılan zaman Mövsüm Aslanova o məntəqədə 18 səs çıxıb, Sübhan Hacıyev də bundan təəccüblənib, özündən gedib. Həkim çağırdılar, amma vəfat etmişdi".

Ana səhifəSiyasətDaha bir namizədin vəkili ölüb