Anar Abdulla SMTD rəhbərinə qarşı açılmış cinayət işi çərçivəsində təqsirləndirilən şəxs qismində tanınıb
Müstəqil jurnalist Anar Abdulla Baş Prokurorluğun İstintaq İdarəsində hüquq müdafiəçisi Anar Məmmədliyə qarşı açılmış cinayət işi çərçivəsində təqsirləndirilən şəxs qismində tanınıb.
Bu barədə Meydan TV-yə məlumatı onun vəkili Günay İsmayılova verib.
Vəkilin sözlərinə görə, aprelin 8-də Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılan jurnalistə qarşı Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (yalançı sahibkarlıq, yəni kredit almaq, rüsumlardan azad olmaq və ya digər əmlak mənfəəti əldə etmək, yaxud qadağan edilmiş fəaliyyəti gizlətmək məqsədi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan müəssisə və ya digər hüquqi şəxsin yaradılması xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə), 206 (qaçaqmalçılıq), 213 (vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınm), 206.3.2-ci (qaçaqmalçılıq əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 320 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.
Anar Abdulla sərbəst buraxılsa da, polisin nəzarətinə verilib.
İnsan haqları fəalı, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin direktoru Anar Məmmədli 2024-cü il aprelin 29-da Bakıda saxlanılıb.
Onun və atasının evində axtarış aparılıb.
Ardınca ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Hüquq müdafiəçisi qaçaqmalçılıq ittihamını qəbul etmir.
O bildirib ki, seçkilərin monitorinqi, insan hüquqlarının müdafiəsilə bağlı fəaliyyətinə görə cəzalandırılıb.
Anar Məmmədli seçki hüquqları ilə məşğul olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəridir. O, Azərbaycanda seçkilərə dair tənqidi hesabatların müəllifidir.
Anar Məmmədli bundan əvvəl də 2014-cü ildə QHT-lərlə bağlı cinayət işi üzrə həbs olunub.
O, 2 il 4 ay həbsdə saxlandıqdan sonra – 2016-cı il martın 17-də Prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.
Anar Məmmədli həbsdə olduğu dövrdə Vatslav Havel mükafatına layiq görülüb.
Son bir il ərzində ölkədə çoxlu sayda jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs olunub.
Bir sıra beynəlxalq təşkilatlar, həmçinin ABŞ Dövlət Departamenti, ABŞ-nin Bakıdakı səfirliyi Azərbaycan hökumətini Anar Məmmədli və digər haqsız həbs edilən şəxsləri dərhal azad etməyə çağırıb.
Yerli və beynəlxalq təşkilatlar Anar Məmmədli də daxil olmaqla Azərbaycanda 300-dən artıq siyasi məhbusun olduğunu deyirlər.