Son iki həftədə Əli Kərimlinin iki mühafizəçisi və bir sürücüsü həbs olunub
Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, partiya sədri Əli Kərimlinin mühafizəçisi Elnur Quliyevə 30 sutka həbs cəzası verilib.
Bu barədə məlumatı partiyadan məlumat verilib.
Son iki həftədə Əli Kərimlinin mühafizəçisi Kənan Basqal, sürücüsü Zaur Rzalı, və digər mühafizəçisi Elnur Quliyev həbs olunub.
Partiya sədri güman edir ki, fəal saxlanılıb
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elnur Quliyevdən xəbər alınmadığı bildirilir.
Partiyanın sədri Əli Kərimli bildirib ki, aprelin 8-i səhər saatlarından Elnur Quliyevdən xəbər yoxdur.
Əli Kərimli güman edir ki, fəal saxlanılıb.
“AXCP fəalı Elnur Quliyev kütləvi tədbirlər zamanı ictimai əsaslarla mühafizəmdə iştirak edən gənclərdəndir. Bu gün səhər bizə gəlməli idi. Mühafizəçim Kənan Basqal həbs olunduğundan bu gün (aprelin 8-i) səhər saat 10-da Almaniya səfiri ilə görüşə gedərkən məni o, müşayiət edəcəkdi. Elnur bəy təqribən saat 9:15-də artıq “28 May” metrostansiyasından çıxmışdı və oradan bizim evə piyada gələcəkdi. Ancaq bir azdan Elnur Quliyevə zəng çatmadı və mən digər cəbhəçi dostların müşaiyyətilə Almaniya səfirliyinə getməli oldum.Bu saata qədər də onunla əlaqə mümkün olmadığına görə, əminliklə demək olar ki, Elnur Quliyevi də rejim oğurlayıb”.
“Son günlər ictimai əsaslarla mühafizəçim Kənan Basqal (Zeynalov) və öz maşını ilə mənə sürücülük edən Zaur Rzalı da həbs olunub. 5 ildir ki, şərlənib 13 il müddətinə azadlıqdan məhrum edilmiş digər mühafizəçim Niyaməddin Əhmədovun isə bu günlərdə cəzası daha da ağırlaşdırılıb və o, qapalı həbsxanaya göndərilib. İlham Əliyev hakimiyyəti açıq-aşkar yaxın ətrafıma qarşı repressiyanın yeni mərhələsinə başlayıb. Əvvəlki mərhələlərdə müavinlərim, müşavirlərim, köməkçim, əvvəlki sürücüm və yaxın qohumlarım da mənə təzyiq məqsədilə şərlənərək həbs olunub, uzunmüddətli həbs həyatı yaşayıblar”, – Əli Kərimli bildirib.
Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Müxalifətdə olan AXCP-nin hazırda 15-ə yaxın üzvü həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs edildiyini açıqlayıb. Onlardan ikisi Əli Kərimlinin mühafizəçisidir. Həmin şəxslərdən biri Niyaməddin Əhmədov “terroru maliyyələşdirmə” və başqa qanunsuz əməldə ittiham olunaraq 13 il azadlıqdan məhrum edilib. Əli Kərimlinin başqa bir mühafizəçisi Kənan Basqal isə bu yaxınlarda başqa bir şəxsi bıçaqlama ittihamı ilə həbs olunub.
Onlar da ittihamları qəbul etmirlər.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 300 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.