Vəzifəli şəxslər aztəminatlı ailələrə ayrılmış ərzaq yardımlarını mənimsəməkdə ittiham olunurlar
Daha altı bölgənin müxtəlif icra nümayəndəliklərinin əməkdaşları barəsidə cinayət işi açılıb. Səbəb karantin rejimi qaydalarını pozmaları və aztəminatlı ailələrə ayrılmış ərzaq yardımının paylanmasında yol verdikləri qanunsuzluqdur.
Həmin bölgələr Lənkəran, Yevlax şəhəri, Saatlı, Salyan, Daşkəsən və Hacıqabuldur.
Məlumatı Baş Prokurorluq yayıb.
Bildirilir ki, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Nərimanabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rafail Alışovun vəzifə səlahiyyətlərindən sui-istifadə edib. O, Heydər Əliyev Fondunun imkansız ailələrə göndərdiyi ərzaq yardımlarının paylanması zamanı neqativ hallara yol verib:
“Ərzaq paylarını özünün yaxın qohumlarına, o cümlədən kəndin imkanlı şəxslərinə paylamasına əsaslı şübhələr müəyyən olunub”.
Yevlax Şəhər İcra hakimiyyəti başçısının Qaraməmmədəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mikayıl Əsədovun da eyni xarakterli qanun pozuntusuna yol verərək qulluq mövqeyindən sui-istifadə etdiyi bildirilir:
“İmkansız ailələrə göndərilmiş ərzaq yardım qutularını açaraq müxtəlif sayda və növdə məhsulları götürüb ərzaq yardımlarını natamam paylamasına şübhələr üçün əsaslar müəyyən olunub. Bundan başqa, Saatlı Rayon İcra Hakimiyyəti başçısının Saatlı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nəsir Qədirov, Salyan Rayon İcra Hakimiyyəti başçısının Parça Xələc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sadiq Dəmirov və Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının Zağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hətəm Əzizovun vəzifə saxtakarlığına yol verərək karantin rejimi qaydalarını pozub. Onlar sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz arayışlar veriblər”.
Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının Navahı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Namiq Baxşıyev və Qarasu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin vəzifəsini icra edən İlknur Hüseynovun da oxşar şikayətlərdən yarğılandığı bildirilir. Həmin insanların hamısı rayon İcra hakimiyyəti başçılarının əmrləri ilə tutduqları vəzifədən azad edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işləri başlanıb:
“Hazırda həmin işlər üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.
Sonda prokurorluq bildirir ki, belə hallarla üzləşən vətəndaşlar “961” nömrəli “Çağrı Mərkəzi”nə məlumat verə bilərlər.
Daha öncə də eyni qanun pozuntusu ilə bir neçə rayonun icra hakimiyyəti başçılarının inzibati ərazi nümayəndəliklərinin vəzifəli şəxsləri barəsində cinayət işi açılmışdı. Həmin bölgələr isə Masallı, Quba, Cəlilabad, Zərdab, İmişli, Bərdə, Naftalan, Şirvan, Sabirabad, Ağcabədi və Tərtərdir.