Geri qaytarılanlar arasında siyası mühacirlərin olub-olmadığı hələ məlum deyil
Noyabrın 30-da Almaniyadan 23 Azərbaycan vətəndaşı deportasiya edilib.
Bu barədə dekabrın 1-də Dövlət Miqrasiya Xidməti (DMX) məlumat yayıb.
Bildirilib ki, deportasiya “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində həyata keçirilib. Bu saziş 2014-cü ildə imzalanıb.
Avropa ölkələrindən 2022-ci ilin martın 29-da 38, fevralın 15-də isə 42 Azərbaycan vətəndaşı deportasiya olunub.
Geri qaytarılanlar arasında siyasi mühacirlərin olub-olmadığı hələ məlum deyil. Onların bəzisini həbs cəzası da gözləyə bilər. Belə ki, 2021-ci ilin iyun-noyabr aylarında Almaniyadan Azərbaycana deport edilən və ardınca həbs olunanların sayı 6 nəfər çatıb.
Həmin şəxslər Mütəllim Orucov, Malik Rzayev, Cəfər Mirzəyev və Pünhan Kərimlidir.
Həbs olunan keçmiş siyasi mühacirlərin dördünə qarşı (Mütəllim Orucov, Malik Rzayev, Cəfər Mirzəyev və Pünhan Kərimli) Cinayət Məcəlləsinin 234.4.3 maddəsilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) cinayət işi açılıb. İctimai fəal Malik Rzayev Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmüylə narkotik ittihamıyla 7 il azadlıqdan məhrum edilib.
Keçmiş siyasi mühacir Samir Aşurova qarşı isə Cinayət Məcəlləsinin 126.2.4 maddəsilə (Qəsdən sağlamlığa ümumi təhlükəli üsulla ağır zərər vurma) cinayət işi açılıb.
Deportasiya olunanlardan Samir Aşurova Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələrilə ittiham verilib.
İttihama əsasən, o, aprelin 19-da Nizami rayonu ərazisində səkidə gedərkən qarşıdan gələn Elşən Nəbiyev adlı şəxsə çiyni ilə toxunduğuna görə aralarında mübahisə yaranıb. Samir Aşurov onu döyüb, daha sonra üstündəki bıçaqla xəsarət yetirib.
Samir Aşurovun həyat yoldaşı Nuranə Aşurova hər iki ittihamın əsassız olduğunu, həyat yoldaşının şərləndiyini bildirib.
Deportasiya olunanlardan AXCP üzvü Ziya İbrahimli noyabrın 24-də azadlığa çıxıb. Ziya İbrahimli aliment öhdəlikləriylə bağlı məhkəmə qərarını icra etməməkdə ittiham olunurdu. Ziya İbrahimli 2022-ci ilin mayın 19-da Azərbaycana qaytarılandan dərhal sonra həbs edilmişdi.
Onun haqqında öncə Biləsuvar Rayon Məhkəməsinin qərarıyla 30 günlük inzibati həbs qərarı çıxarılmışdı. Ardınca Cinayət Məcəlləsinin 306.1 (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsilə cinayət işi başlandı.
2021-ci ilin sentyabrın 14-də Almaniyadan deport olunanlar arasında jurnalist Röya Rəfiyeva da olub.
2017-ci ildə Azərbaycandan gedən jurnalist Röya Rəfiyeva və 3 övladına Almaniya hökuməti yaşamaq icazəsi verməkdən imtina edib.