İqtisadçı: “Bu cür şərtlərdən sonra ermənilər gedib Dağlıq Qarabağda məskunlaşıb, uşaq doğacaqlar ki, əhali artsın”
Dağlıq Qarabağda uşaq pulu artırılıb, kommunal xidmətlər pulu ləğv edilib.
Bundan əlavə, 2021-ci il yanvarın 1-dən orada doğulan hər uşağa 300 min dram (575 dollar və ya 977,5 manat) müavinət veriləcək. Doğulan uşağın valideynlərindən birinin əlilliyi varsa, onda uşağa 500 min dram (1000 dollar və ya 1700 manat)
ödəniləcək
.
İqtisadçı Qubad İbadoğlu deyir ki, neft-qaz ölkəsi olan Azərbaycanda isə yeni doğulan hər uşağa 200 manat (118 dollar) birdəfəlik ödəniş edilir:
“Eyni zamanda, Dağlıq Qarabağda uşaqlara baxmaq üçün işləməyən analara da ödəniş edilir. Ayda təxminən 27 min dram (50 dollar). Azərbaycanda isə uşaqpulu 2006-cı ildən ləğv edilib. Bundan əlavə, ötən il noyabrın 1-dən Dağlıq Qarabağda yaşayanlar bütün növ kommunal xidmətlərdən azaddır. Azərbaycanda isə qazın 1 kub metri 20 qəpikdir”.
Qubad İbadoğlu deyir ki, düzdür, bizdə rəsmilər tez-tez Azərbaycandakı həyat səviyyəsinin Ermənistandan yuxarı olduğunu bəyan edirlər:
“Əlavə edirlər ki, əlacı olmayan ermənilər bizim kimi yaxşı yaşamaq üçün Azərbaycanın idarəçiliyini qəbul edəcəklər. Kimi aldadırlar? İllərdir bu xalqa 50 manat uşaq pulunu belə qıymırlar. Bu cür şərtlərdən sonra ermənilər gedib Dağlıq Qarabağda məskunlaşıb, uşaq doğacaqlar ki, əhali artsın. Bizimkilər də dolanışıq ucbatından ölkədən didərgin düşüb, ailədən, uşaqdan uzaq Sibirin çöllərində 30-40 dərəcə şaxtada pul qazanıb, evə göndərəcəklər. Hər gün də deyəcəklər ki, rusların xətrinə dəyməyin, yoxsa bizi burdan da qovarlar. Budur gerçəklik”.
İqtisadçı deyir ki, Qarabağda qələbə çalan Azərbaycan ordusunun əsgərləri əsasən, kasıb ailələrdən olan uşaqlar idi. Buna baxmayaraq gələn ilin dövlət büdcəsində yenə də uşaq pullarının ödənilməsi üçün vəsait nəzərdə tutulmayıb:
“Yeganə olaraq, gələn ildən şəhidlərin uşaqları üçün müavinət xərclərində 19 faiz, müddətli hərbi xidmətdə olanların uşaqları üçün müavinət xərclərində 18 faiz artım proqnozlaşdırıldı. Məlumat üçün qeyd edim ki, şəhid ailələrində böyüyən 16 yaşınadək uşaqlara 21 manat, müddətli xidmətdə olan hərbi qulluqçuların ailəsində böyüyən 16 yaşınadək uşaqlara isə 15 manat aylıq ödəniş edilirdi”.
İqtisadçı deyir ki, nəzərdə tutulan artım bu məbləğləri dəyişməyəcək, şəhidlərin və müddətli hərbi qulluqda olanların sayının artımı ilə bağlı yaranmış xərcləri maliyyələşdirmək üçündür:
“Yeri gəlmişkən, gələn ilin büdcəsində dövlət qulluqçularının, təhsil və səhiyyə işçilərinin də maaşlarının artımı üçün heç 1 manat da vəsait nəzərdə tutulmayıb. Lakin növbəti ildə pensiyalar artırıla bilər”.
Gələn il üzrə proqnozlaşdırılan Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 54,2 faizi və ya 13 776 mln. manatı neft sektorunun, 45,8 faizi və ya 11 651 mln. manatı qeyri-neft sektorunun payına düşür.