”Dağlıq Qarabağ münaqişəsinin həllində yaxşı heç nə gözlənilmir”

Rauf Mirqədirov: “Azərbaycan və Ermənistan danışıqlarda taktiki manevrlərini davam etdirdilər”

Source:

(c) RIA Novosti
(c) RIA Novosti


Rauf Mirqədirov: “Azərbaycan və Ermənistan danışıqlarda taktiki manevrlərini davam etdirdilər”

Başa çatmaqda olan 2017-ci il Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar baxımından ciddi irəliləyişlə yadda qalmadı. İl ərzində Azərbaycan və Ermənistan prezidentləri bir dəfə, oktyabrda İsveçrənin Cenevrə şəhərində görüşdülər.

Yola saldığımız ildə tərəflər arasında atəşkəsin pozulması nəticəsində 18 hərbçimiz həlak olub. İyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində 2 mülki sakin – 2 yaşlı Zəhra Quliyeva və 1967-ci il təvəllüdlü Quliyeva Sahibənin həlak olması beynəlxalq rezonans doğurdu.

Türkiyə sözdə də olsa münaqişənin həllində rolunu artırıb

Avropada siyasi mühacir həyatı yaşayan Rauf Mirqədirov hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda 2017-ci ildə tərəflər taktiki manevrlərini davam etdirdilər. Onun sözlərinə görə, Azərbaycan danışıqları sürətləndirmək üçün müəyyən addımlar atdı, Ermənistan isə danışıqları uzatmağa çalışırdı, daha çox təhlükəsizlik və etimad tədbirlərinə diqqəti artırırdı.

“Bu, son illərdə görünən mənzərə olsa da, müəyyən dəyişikliklər olub. Söhbət Türkiyənin münaqişənin həllindəki sözdə də olsa, rolunun artmasından gedir. Rəsmi Ankara Dağlıq Qarabağ məsələsini xarici siyasətinin bir elementinə çevirməyə çalışıb”.

R.Mirqədirov xatırladıb ki, Türkiyə həmişə Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olduğunu vurğulasa da, 2017-ci ildə yeni bir mövqe əlavə edib:

“Mən prezident Ərdoğanın Rusiyanın münaqişənin həllində aparıcı rolu olduğu barədə bəyanatlarını nəzərdə tuturam. Hər halda Ərdoğan Putinlə son 2-3 ayda Dağlıq Qarabağ məsələsini müzakirə etdiyinə və diqqət ayrımağa çalışacağına işarə vurdu. Bu tipli bəyanatlardan sonra Rusiya xarici işlər naziri Lavrovun Bakıya və Yerevana səfərləri oldu”.

Rauf Mirqədirov

Rusiya münaqişələrin onun inhisarında olmasını tələb edir

Ekspert qeyd edib ki, ümumiyyətlə, əksəriyyət Moskvadan hərəkət gözləyir və bu hərəkətin təhlükəli olacağlını da ehtimal edənlər var.

“Çünki Rusiya postsovet məkanındakı münaqişələrin onun inhisarında olmasını açıq şəkildə tələb edir. Rusiya xarici işlər naziri Lavrovun “Qərb Rusiyanı vaxtında eşitsəydi, Dağlıq Qarabağ və digər münaqişələr çoxdan həll olunardı, bir çoxu da heç yaranmazdı” açıqlamasını yada salmaq kifayətdir. Yəni Rusiya münaqişələrin həllini öz maraqları çərçivəsində mümkün sayır”.

Onun fikrincə məsələ onda deyil ki, bu maraqlar Qərbin maraqları ilə üst-üstə düşmür. R.Mirqədirov vurğulayıb ki, Qərbin postsovet məkanında və münaqişələrində öz yanaşması var.

“Sadəcə, Rusiyanın maraqları münaqişəyə cəlb olunan tərəflərin mənafelərinə cavab vermir. Qısa müddətli perspektivdə Qərbin münaqişənin həllində imkanları geniş deyil, çünki qısa müddətli perspektivdə hərbi-siyasi təsir imkanları geniş rol oynayır. Hazırda postsovet məkanında hərbi-siyasi təsir vasitələri Rusiyanın əlindədir”.

Olimpiya oyunlarına Rusiyanın buraxılmaması Putinin imicinə zərbə oldu

2018-ci ildən gözləntilərə gəlincə, politoloq hesab edir ki, çox şey Rusiyanın daxili iqtisadi-siyasi vəziyyətindən asılı olacaq. Onun fikrincə bu ilin sonunda prezident Putinin xarici siyasət imicinə çox ciddi zərbə oldu. Olimpiya oyunlarına Rusiyanın dövlət olaraq buraxılmaması bu ölkə üçün çox pis münasibət sayıla bilər. Onun sözlərinə görə, ilk baxışdan siyasətə aidiyyatı olmaya bilər, amma çox ciddi hadisədir:

“Son 50 ildə ikinci belə oxşar hadisə olur. 1980-ci ildə sovet qoşunlarının Əfqanıstana müdaxiləsi nəticəsində ABŞ başda olmaqla əksər Qərb ölkələri Moskva olimpiadasını boykot etdilər və nəticədə 1984-cü ildə SSRİ ABŞ-da keçirilən yarışlara qatılmadı. Düzdür, Rusiya idmançıları yarışlara qatılacaq, amma dövlətin buraxılmaması Rusiyanın dünya arenasına qayıtdığı bir dövrdə Putinin imicinə ciddi zərbədir. Hətta Rusiyanın rəsmi qurumları Beynəlxalq Olimpiya Komitəsini şantaj etsələr də, qərar dəyişməz qaldı”.

Onun sözlərinə görə, ikinci ciddi amil Rusiya daxilindəki müəyyən proseslərin ölkənin xarici siyasətinə təsiri barədədir.

“İqtisadi durum çox ağırdır, Kremlə yaxın iqtisadçıların etirafına görə Rusiyada yoxsulluğun səviyyəsi artır. Bu, Putinin iqtisadi dirçəlişin başlanması barədə bəyanatlarını alt-üst edir. Bilirsiniz ki, Putinin son bəyanatlarından biri “biz Yaxın Şərqə qayıtmışıq, Suriyada aparıcı qüvvəyə çevrilmişik” idi. Bu cür açıqlamalar ölkənin olimpiada yarışlarına buraxılmaması, iqtisadi vəziyyətin pisləşməsi fonunda verilir. Əgər Putin administrasiyası onun ölkə daxilində nüfuzunun çox ciddi zərbə altında olduğunu görsə, bu dövlətin postsovet məkanındakı münaqişələrin həllində ciddi addımlar atılmasını gözləmək olar”.

2018-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həllində yaxşı heç nə gözlənilmir

Politoloq qeyd edib ki, Rusiya tərəfdən ciddi addım dedikdə, münaqişələrin bu ölkənin maraqları çərçivəsində həllinə nail olmaq nəzərdə tutulur. Bu konteksdə R.Mirqədirov bildirib ki, son dövrlər münaqişələrin həlli imperiyanın bərpası halında mümkündür barədə bəyanatlar səslənir.

“Adi bir misal, Rusiya Gürcüstana 2008-ci ildə hərbi müdaxilə edəndə olimpiya oyunları keçirilirdi. 2014-cü ildə Ukraynanın ərazilərinin işğalı da olimpiya oyunları bitəndən sonra başladı. İndi də Rusiya-Qərb münasibətlərinin pisləşməsi Olimpiya Oyunları ərəfəsində güclənib, bu mənada 2018-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həllində yaxşı heç nə gözlənilmir”.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur.

Ana səhifəXəbərlər”Dağlıq Qarabağ münaqişəsinin həllində yaxşı heç nə gözlənilmir”