D18 Hərəkatının üzvü həbs edilib

Cəlil Zabidov, Foto: “D18 hərəkatı”

Cəlil Zabidova 25 sutka həbs cəzası verilib

Yanvarın 31-də D18 Hərəkatının Yardımlı rayonunda yaşayan üzvü Cəlil Zabidovun saxlanıldığı deyilir.

Yardımlı Rayon Məhkəməsinin qərarı ilə Cəlil Zabidov İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə (Polisin qanuni tələblərinə tabe olmama) 25 sutka azadlıqdan məhrum edilib.

Bu barədə təşkilat məlumat yayıb.

Bildirilir ki, Cəlil Zabidov yanvarın 31-də günorta saatlarında rayondakı kafelərin birində əyləşdiyi zaman özünü “rəis müavini” kimi təqdim edən Vüqar Bəhmənov tərəfindən saxlanılıb.

O, əvvəlcə yerli polis şöbəsinə aparılıb, bir neçə saat sonra isə məhkəmə qarşısına çıxarılıb.

“Cəlil Zabidov vəkil tələb etdiyindən proses bir neçə saat təxirə salınıb. Ancaq formal olaraq vəkillə təmin edildikdən sonra məhkəmənin qərarı ilə 535-ci maddə ilə (Polisin qanuni tələblərinə tabe olmama) 25 sutka inzibati həbs cəzası alıb”, – deyə açıqlamada bildirilir.

Hərəkat Cəlil Zabidovun həbsini siyasi sifariş sayaraq onun tezliklə azadlığa buraxılmasını  tələb edir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Cənub Regional Qrupundan Meydan TV-nin sorğusuna cavab verilib ki, Cəlil Zabidov rayonda pandemiya şəraiti ilə bağlı keçirilən reyd zamanı polisin tibbi maskadan istifadə haqda tələbini rədd edib:

“Qapalı məkanların birində Cəlil Zabidov tibbi maskadan istifadə etmədiyi zaman polislər ona hər bir vətəndaşın qaydalara əməl etməsini xatırladıb. Amma Zabidov qaydaların onu maraqlandırmadığını deyib, polisin qanuni tələbinə tabe olmadığından barəsində toplanan materiallar rayon məhkəməsinə göndərilib. Beləliklə, Zabidovun haqqında qanunvericiliyin tələbinə uyğun olaraq 25 sutka inzibati cəza kəsilib”.

Cəlil Zabidov 2020-ci ildən hərəkatın üzvüdür.

İxtisasca müəllim olan Zabidov işdən azad edildikdən sonra ötən il Təhsil Nazirliyi qarşısında təkadamlıq aksiya keçirib.

O, 2020-ci il növbədənkənar parlament seçkiləri zamanı Yardımlı rayonunda baş verən seçki saxtakarlığına etiraz etdiyi üçün saxlanılaraq 5 ay müddətində azadlıqdan məhrum edilib.

Ana səhifəSiyasətD18 Hərəkatının üzvü həbs edilib