“Bizimlə əməkdaşlıq etmirlər”
Avropa Şurasının İşgəncələrə qarşı Komitəsi (CPT) Azərbaycanla bağlı bəyanat yayıb.
Bəyanatda bildirilir ki, Azərbaycan hakimiyyəti CPT ilə daimi əməkdaşlıq etmir. Elə bəyanata səbəb də budur:
“Komitə öz mövcudiyyətinin əsasında duran məsələlərin həllindən ötrü Azərbaycan hakimiyyəti ilə konstruktiv dialoq üçün gerçək səylər göstərib. Lakin CPT səfərlərinə dair hesabatlarında polis əməkdaşlarının yol verdiyi pis rəftar, işgəncə hərəkətlərinə dair iddiaları detallı göstərib. Ancaq Azərbaycanın Daxili İşlər Nazirliyi bu təcrübəyə son qoymaqdan ötrü Komitənin çoxdan irəli sürdüyü tövsiyələri yerinə yetirmək istiqamətində hər hansı addım atmır”, – bəyanatda deyilir.
Bundan əlavə, Komitə öz prezidentinin Bakıda yüksək səviyyəli danışıqlar aparmaq yolu ilə dialoqu təşviq etmək və hətta Azərbaycan hakimiyyətinə səfər barədə bildirişindən sonra məktublarına heç bir cavab almadığını vurğulayıb.
“Bu, Konvensiyanın fundamental və misli görünməmiş pozulması deməkdir”.
Həmçinin həbsdə olan şəxslərlə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən pis rəftar və hətta işgəncələrə məruz qalması ilə bağlı məsələlərin ciddiliyini nəzərə alaraq, CPT 2022-ci ildə Azərbaycana xüsusi səfərlə bağlı hesabatı ictimai bəyanata əlavə olaraq dərc etməyi qərara alıb.
İctimai bəyanatda aydın olduğu kimi, Komitə ümid edir ki, əməkdaşlığın olmaması Azərbaycan hakimiyyəti ilə münasibətlərin daimi pozulmasına gətirib çıxarmayacaq.
CPT sonda bildirir ki, Azərbaycanın Avropa Şurasının üzvü kimi qoşulduğu fundamental dəyərlərini qorumaq üçün qətiyyətli addımlar atmaq üçün hakimiyyəti dəstəkləməyə hazırdır.
“Komitə öz mandatına uyğun olaraq bu məqsədlə Azərbaycan hakimiyyəti ilə dialoq aparmağa tam sadiqdir”.
Azərbaycan hakimiyyəti bu bəyanata münasibət bildirməyib. Lakin indiyədək beynəlxalq təşkilatların bəyanatlarında deyilənlər təkzib edilib. Azərbaycanda siyasi məhbus olmadığı, məhbusların pis rəftara məruz qalmadığı bildirilib.