Jurnalistləri Müdafiə Komitəsi (CPJ) “Toplum TV işi” üzrə doqquz nəfərə 12 ildən 15 ilədək həbs cəzası verilməsini pisləyib.
Təşkilat iyulun 28-də yaydığı bəyanatda bildirib ki, bu hökmlər Azərbaycanda müstəqil jurnalistikaya qarşı davam edən təzyiqlərin göstəricisidir.
CPJ-nin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Fiona O’Brayn bildirib ki, çıxarılan hökmlər beynəlxalq ictimaiyyətin Azərbaycan hakimiyyətini insan hüquqlarının pozulmasına görə məsuliyyətə cəlb etməməsinin nəticəsidir.
“Toplum TV ilə əlaqəli doqquz şəxsə verilən son dərəcə ağır həbs cəzaları beynəlxalq hesabatlılığın olmamasının Azərbaycan Prezidenti İlham Əliyev kimi avtokratları necə cəsarətləndirdiyinin klassik nümunəsidir. Hazırda Azərbaycanda iki ondan çox jurnalist və media işçisi haqsız yerə həbsdədir və onlar müstəqil jurnalistikaya qarşı amansız repressiyanın qurbanıdırlar”, – Fiona O’Brayn deyib.
O əlavə edib ki, xüsusilə Avropa dövlətləri Azərbaycan hakimiyyəti ilə münasibətlərini inkişaf etdirərkən ölkədə media azadlığı və insan hüquqları sahəsindəki vəziyyəti də nəzərə almalıdırlar.
CPJ xatırladıb ki, iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi “Toplum TV işi” üzrə doqquz nəfəri “mütəşəkkil cinayətkar qrup” tərkibində maliyyə cinayətləri törətməkdə təqsirli bilib.
Hökmə əsasən, Toplum TV-nin həmtəsisçisi Akif Qurbanov və III Respublika Platformasının həmtəsisçisi Ruslan İzzətli 15 il, Toplum TV-nin həmtəsisçisi və media hüquqşünası Ələsgər Məmmədli, həmçinin Demokratik Təşəbbüslər İnstitutunun (IDI) jurnalist təlimçisi Əli Zeynal 14 il azadlıqdan məhrum edilib.
Toplum TV-nin video redaktoru Müşfiq Cabbarov və IDI-nin layihə koordinatoru Ramil Babayev 13 il, Toplum TV-nin reportyoru Fərid İsmayılov, sosial media meneceri Elmir Abbasov və IDI-nin layihə koordinatoru İlkin Əmrahov isə 12 il həbs cəzası alıb. İstintaq dövründə azadlıqda olan yeganə təqsirləndirilən Elmir Abbasov məhkəmə zalında həbs olunub.
CPJ bildirib ki, bu şəxslər 2023-cü ildə Qarabağ üzərində Azərbaycanın nəzarəti bərpa etməsindən sonra mediaya və vətəndaş cəmiyyətinə qarşı başladılan repressiyalar çərçivəsində həbs olunan onlarla jurnalist və hüquq müdafiəçisi arasındadır. Təşkilatın məlumatına görə, onların əksəriyyəti Qərb donorlarından maliyyə almaqda ittiham olunur.
Bəyanatda qeyd olunur ki, 2024-cü ilin martında hüquq-mühafizə orqanları Toplum TV və Demokratik Təşəbbüslər İnstitutunun ofislərində axtarış aparıb və bu iş üzrə təqsirləndirilən şəxslərin əksəriyyətini həbs edib. Toplum TV-nin aparıcısı Şahnaz Bəylərqızı isə oxşar ittihamlarla istintaq altında olduğuna görə ölkədən çıxış qadağası ilə üzləşib.
CPJ xatırladıb ki, ötən ilin iyununda AbzasMedia-nın altı əməkdaşı və AzadlıqRadiosu-nun Azərbaycan xidmətinin bir jurnalisti də oxşar ittihamlarla 7 il 6 aydan 9 ilədək azadlıqdan məhrum edilib. Hazırda “Meydan TV işi “üzrə 12 jurnalist və media əməkdaşının məhkəmə prosesi davam edir.
Təşkilat bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən vətəndaş cəmiyyəti təşkilatları xarici qrant almaq üçün dövlətin razılığını almalıdır. Hakimiyyət Toplum TV və digər təşkilatların bu tələbi pozduğunu iddia edir.
CPJ qeyd edib ki, Avropa İnsan Hüquqları Məhkəməsi oxşar işlər üzrə qərarlarında belə pozuntuların cinayət məsuliyyəti deyil, inzibati cərimə ilə cəzalandırılmalı olduğunu vurğulayıb. Müstəqil ekspertlərin fikrincə isə hakimiyyət müstəqil təşkilatların xarici qrant almasını mümkünsüz edən qeydiyyat məhdudiyyətləri tətbiq edir.
Təşkilatın məlumatına görə, Azərbaycan 2025-ci ildə jurnalistləri ən çox həbs edən ölkələr sırasında dünyada altıncı yerdə qərarlaşıb. Hazırda ölkədə azı 25 jurnalist peşə fəaliyyətinə görə həbsdə saxlanılır.
CPJ bildirib ki, məsələ ilə bağlı Azərbaycanın Baş Prokurorluğuna sorğu göndərilsə də, bəyanat yayılan vaxta qədər cavab verilməyib.