Jurnalistlərin Müdafiə Komitəsi (CPJ) “Meydan TV işi” üzrə həbsdə olan jurnalistlər Aytac Tapdıq (Əhmədova), Xəyalə Ağayeva, Aysel Ümüdovanın fevralın 18-də Kürdəxanı İstintaq Təcridxanasında zorakılığa məruz qalması barədə narahatlığını bildirib.
CPJ bildirib ki, qadın jurnalistlər zorakılığa məruz qalıb və məhkəmədə “davranışlarına diqqət yetirməsələr”, “daha pis” olacağı ilə hədələniblər.
Fevralın 18-də Meydan TV-nin qadın jurnalistləri təcridxananın rəis müavini Cavid Güləliyev tərəfindən fiziki və psixoloji təzyiqlə qarşılaşıblar. Onların kamerasında 10-a yaxın əməkdaş axtarış aparıb. Jurnalistlərin boyunlarından əyərək, qollarını burublar. Bu zaman Aytac Tapdığın halı pisləşib.
2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov həbs edilib.
Bu iş üzrə saxlanılanlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət açılıb.
2025-ci il fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), daha sonra digər jurnalistlər – fevralın 20-də Nurlan Libre (Qəhrəmanlı), fevralın 28-də Fatimə Mövlamlı, mayın 7-də Ülviyyə Əli (Quliyeva), avqustun 27-də isə Əhməd Muxtar bu iş üzrə həbs olunub.
Avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb, iş üzrə həbs edilən şəxslərə ümumilikdə Cinayət Məcəlləsinin 7 maddəsi ilə ittiham irəli sürülüb.
Həbs edilən jurnalistlər ittihamları qəbul etmirlər və hesab edirlər ki, siyasi sifarişlə həbs olunublar, məqsəd ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.