COVİD xəstəsi: Zəng edirlər ki, evdən çıxma, ancaq heç bir dərman göndərmirlər

Sahə həkimi Səidə Hüseynova da deyir ki, onlara xəstələrin siyahısı verilir, əlaqə saxlamaq tapşırılır

Source: Specify Source


"Dövlət ola-ola mən niyə dost-tanışdan kömək ummalıyam?"

“İşdə hiss etdim ki, qızdırmam var, termometr gətirdilər, 37.3 göstərdi. İstiliksalan dərman içdim; ilıq suya “Nemisil” qatıb içdim, dalınca “Parasetamol” və “Ampisillina” həbləri. Ardıcıl bir neçə stəkan çay. Mürəbbə ilə, iki cür mürəbbə vardı: gilas və böyürtkən. Böyürtkən daha xoş gəlirdi.

Növbəti gün işə gəlmədim. Kürəyimdə və bədənimdə ağrılar əmələ gəldi. Halsızlaşdım. Heç nə etməyə həvəs olmadı”.

“Qanun” Nəşriyyat Evinin rəhbəri Şahbaz Xuduoğlu koronavirusa yoluxmasının ilkin əlamətlərini belə təsvir edir.


“Dərmanlar 380 manat etdi, hamısı deyildi”

Onun sözlərinə görə, ilk gün dadbilmə və qoxubilmə əlamətlərini itirməsə də, zamanla vəziyyət dəyişib. Testin nəticələri pozitiv çıxıb və həkim məsləhəti ilə müalicəyə başlayıb.

“Aptekə gedib onları aldım. 380 manat etdi, amma dərmanların hamısı deyildi.

İlk resepti sizə təqdim edirəm.


Azitromisin 500 mg gündə 1 dəfə, 3 gün


Zinkorot 25 mg gündə 1 dəfə


Vit C 1000 mg gündə 3 dəfə


Arbidol 200 mg gündə 3 dəfə


Kardiomagnil 150 mg gündə1 dəfə


Selen 1 tab gündə 1 dəfə


Maqnerot 1 tab gündə 1 dəfə


Tamiflu 1 tab gündə 1 dəfə.


Deksametazon gündə 1 ampula sistemlə birlikdə,


Sistem olaraq Pascorbini və Dematon T


Nacl 200 mg, sistem şlanqı


Devitor 8 damcı

Aptekə axşam, hava qaralandan, küçələrdən adamlar yığışandan sonra getmişdim. Əczaçı siyahını görən kimi məsələdən hali olsa da, bir söz demədi, bir an üzümə diqqətlə baxdı, sonra başı öz işinə qarışdı.

Elə o axşam atma dərmanlara başladım.

Gündəlik iynə və sistemlər üçün evə gələn tibb bacısı tapmaq müşkül məsələyə çevrilsə də, bir dostun sayəsində o da həll olundu”.

şahbaz-xuduoğlu.jpg
Şahbaz Xuduoğlu

“Növbəti gün axşam telefona sms gəldi, nəticə pozitiv idi. Sonra İcra hakimiyyətindən zəng edib vəziyyətlə maraqlandılar. Bu zəng hər gün təkrar olurdu. Çox nəzakətli, qayğıkeş avazı olan o səsi bu gün də eşitsəm, dərhal tanıyaram. Başqa dövlət strukturlarından da zənglər gəldi. Bir neçə gündən sonra o zənglərə cavab vermədim. Başa düşdüm ki, bu mələk səsli zənglər çox formaldır. Real heç bir yardım etmək üçün deyil. Əksinə adamın əsəbini pozur. O zənglər yardım etməkdən daha çox “hələ ölməmisən” demək üçündür; nə həkim təyin edirlər, nə də dərmanla təmin”, – Şahbaz Xuduoğlu yazır.


“Deyirlər: “Xəstəsən, evdən çıxma”. Amma demirlər ki, çıxma nə et, necə dolan”

Son günlər sosial şəbəkələrin əsas mövzusu koronavirusla bağlıdır. COVİD testi pozitiv çıxan insanlar arasında şikayət edənlər çoxdur.

Onlar testlərinin pozitiv çıxdığını, sahə həkiminin, polisin evdə oturmağı məsləhət gördüyünü, ancaq bunun müqabilində onlara heç bir kömək etmədiklərini söyləyirlər.

Tural Allahverdiyev də onlardan biridir.

O, Binəqədi Rayonu Binəqədi qəsəbəsinin Mədən adlanan ərazisində yaşayır. Deyir, evin tək işləyəni odur. Evlidir, öhdəsində həyat yoldaşı, 2 övladı və qaraciyər serrozundan əziyyət çəkən yaşlı anası var:

“Anamın müalicəsi, özümün müalicəm, uşaqların yeməyi, gündəlik xərcləri, kommunal ödənişlər və s. Hamısı yığılıb qalıb. Çətinliklə dolanırıq. Deyirlər: “Xəstəsən, evdən çıxma”. Amma demirlər ki, çıxma nə et, necə dolan. Düz bir həftədir ki evdəyəm. Özüm axtarıb sahə həkiminin nömrəsin tapmışam. Ona vəziyyəti izah edirəm, deyirəm, məni dərmanla təmin edin. Cavab verir ki, ancaq şəhid ailələrini və aztəminatlı ailələri dərmanla təmin edirik. Sizə heç nə düşmür”.

Tural Allahverdiyev günəmuzd işləyənlərdəndir. Virusa görə işə çıxa bilmir. Sağalandan sonra da bu, mümkün görünmür. Çünki SMS icazə sisteminə keçilib:

“Həkimə deyirəm ki, işləmirəm. Hələ bir SMS də gəlib ki, ailə üzvləriniz evdən çölə çıxmasın.Yaxşı necə edək, nə yeyək, nə içək, dərman necə olsun? Deyir ki, mənlik deyil. Mənə aidiyyatı yoxdur, mən sadəcə, sizinlə maraqlana bilərəm. Maraqlanmaq da budur ki, zəng edib deyir: “Evdən çölə çıxma”. Vəssəlam. Mən də məcburiyyətdən dostlarıma ağız açdım. Mənə dərmanlar, vitaminlər alıb gətirdilər, sağ olsunlar. Amma bir şeyi anlaya bilmirəm. Dövlət ola-ola mən niyə dost-tanışdan kömək ummalıyam?”


“COVİD-in müalicəsi çox bahadır”

Şahbaz Xuduoğlu bu gözəgörünməz bəladan xilasın baha başa gəldiyini deyir:

“Gecə yaşadıqlarımı həkimə danışdım. KT-yə getməyi təkid etdi. “Medical Center”ə getdim. 140 manat xərcim oldu. Bir gün sonra cavabı gəldi. Həkimə göndərdim, dedi 15% buzlaşma var.

Qan analizləri də vermək lazım gəldi. "Sağlam Ailə"yə analizlər üçün 189 manat ödədim.

Qan analizlərinin cavabına görə COVİD itmişdi.

Daha doğrusu, yolxucu formasını dəyişmişdi. Artıq kiməsə məndən yoluxa bilməzdi.

KT və qan analizlərindən sonra həkim radikal tədbirlər görməyə başladı. Bir həftə sistem təyin etdi. Eyni zamanda sitemə “Dekzametozon”un da qatılmasını təkid etdi.

Sümüklərimin ağrısı tədricən azaldı, quru öskürəyə bəlğəm əlavə oldu. Qızdırmam qaydaya düşdü. Amma dadbilməm hələ də bərpa olmadı.

Sistemlər, iynələr bitənə qədər evdən çıxmadım. Dərmanları və ərzağı dostlar və qohumlar alırdı. Onlar da qapıda qoyub gedirdilər”.

“Belə başa düşdüm ki, COVİD-in müalicəsi çox bahalıdır. Üst-üstə toplayanda 1500 manatdan çox xərc çıxdı. Əgər tanışlar və qohumlar olmasaydı, vəziyyət çox gərgin ola bilərdi.

İndi aptekə girəndə demək olar ki, əksəriyyət o dəmanları soruşur. Onlar da yoxdur. “Kleksan”ı bir tanışa alıb göndərdim, bir iynəsi 70 manat, özüm üçün alanda isə bu 17 manat idi. Qanda qatılaşmanın qarşısını alır. Əsas dərmanlardan biri “Arbidol” ümumiyyətlə apteklərdə yoxdur. Arbidolun əvəzinə indi “Faverprovir” təklif edirlər. Onun qiyməti bir ay əvvəl 250 manat idi, indi isə 500 manatdır. Türkiyədə bu dərman reseptlə verilir, bizdə isə reseptsiz.

Lazım olan dərmanları onlayn sifariş etdik, 1 həftə sonra zəng edib, "gətirək" soruşdular.

Yaxşı ki, ilk yardıma gələn komandada gizlin qalmasını dönə-dönə xahiş edən təcrübəli bir həkim varmış. Əgər onun məsləhətləri olmasaydı, vəziyyətim yaxşılaşmazdı. O, məsafədən də olsa müalicəsini uğurla apara bildi”, – Şahbaz Xuduoğlu vurğulayıb.


“İnsanlara qarşı məsuliyyətsizlik edirlər”

Tural Allahverdiyev deyir ki, testin nəticəsi pozitiv çıxıb, düzdür, ancaq xəstəliyi çox ağır keçirmir:

“Bəxtim gətirib. Belə çıxır ki, ağır olsaydım, ölməliydim. Əməlli-başlı insanlara qarşı məsuliyyətsizlik edirlər. Məsələn, yoldaşım da bir az qrip kimidir. Ən azından gəlib ailə üzvlərimizdən də test götürməlidirlər. Ancaq onu belə etmirlər. Bəlkə də, o da yoluxub, xəbəri yoxdur. Dövlət də deyir ki, dərman sırf şəhid ailələrinə aiddir. Belə olanda nəsə söz deməyə də gərək olmur”.

Tural Allahverdiyev deyir ki, yaşadığı ərazidəki sahə həkimi Səidə Hüseynova tez-tez onunla maraqlanır, evdəkiləri soruşur, ancaq bu qədər: “Bir-iki dəfə sualım olub, yazmışam. Sağ olsun, cavablandırır da. Amma o da deyir ki, bizə verməyə dərman yoxdur onda”.


“Bu, dövlətin qanunudur, mənim əlimdən heç nə gəlmir”

Sahə həkimi Səidə Hüseynova da deyir ki, onlara xəstələrin siyahısı verilir, əlaqə saxlamaq tapşırılır: “Biz də əlaqə saxlayırıq, məsləhətlər veririk. Deyirik ki, evdən çıxmayın. Ancaq bizə "dərman verin" deyilmir. Dərmanları yalnız imtiyazlı ailələrə verməyimizi tapşırıblar. Məsələn, şəhid ailələri, qazilər, aztəminatlı ailələr və s. kimi. Bu, dövlətin qanunudur, mənim əlimdən heç nə gəlmir”.


Rəsmi məlumatlara görə…

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4451 yeni yoluxma faktı qeydə alınıb. Virusa yoluxanlardan 4283 nəfər sağalıb.

Dekabrın 13-də Nazirlər Kabineti yanında Operativ Qərargah bildirib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 39 nəfər də vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 175874 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 111918 nəfər sağalıb, 1922 nəfər vəfat edib, aktiv xəstə sayı 62034 nəfərdir.

Rəsmi qurumların açıqlamasına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var. Bu həftə, dekabrın 8-də Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə prezidentinin köməkçisi Hikmət Hacıyev bildirmişdi ki, 48 min belə xəstə evdə müalicə alır.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1,6 milyon civarında şəxsin vəfat etdiyi açıqlanıb.


Tövsiyələr…

Artıq xəstəliyi arxada qoymuş Şahbaz Xuduoğlu koronavirusa yoluxanlara tövsiyələr də verib:


  1. Dünyada sizi sevən və sizin sevdiyiniz kimsə varsa, bura övladlar və yaxınlar aid olur, onda COVİD sizə qələbə çala bilməz.

  2. Qrip əlaməti varsa, mütləq həkimə müraciət edin.

  3. Həkimlə bütün halınızı paylaşın, yazılan dərmanları vaxtında qəbul edin.

  4. COVİD-19 zarafatı sevmir. Bir an özünüzü rinqdə hiss edin. Səhlənkar olsanız, rəqibiniz zəif yerinizdən vurub məhv edəcək.

  5. Dövlətdən yardım gözləməyin. Xeyri yoxdur. Özünüz dərhal hərəkət edin, dost-tanışların köməyini istəyin, çəkinməyin.
Ana səhifəSosialCOVİD xəstəsi: Zəng edirlər ki, evdən çıxma, ancaq heç bir dərman göndərmirlər