Çovdarovun əmlakının müsadirədən azad olunması ilə bağlı qərar ləğv edilib

Foto: Meydan TV

Ali Məhkəmə belə nəticəyə gəlib ki, Apelyasiya Məhkəməsinin qərarı əsassızdır

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general Akif Çovdarovun müsadirə olunmuş əmlaklarının geri qaytarılması barədə qərar ləğv olunub.

Ali Məhkəmə belə nəticəyə gəlib ki, Akif Çovdarovun ailə üzvlərinə əmlakların qaytarılması barədə Apelyasiya Məhkəməsinin qərarı əsassızdır və bu məsələyə yenidən baxılmalıdır.

Bakı Apelyasiya Məhkəməsi Akif Çovdarovun 30 milyonluq əmlakının ailə üzvlərinə qaytarılması haqda qərarı 2022-ci ilin dekabrında çıxarıb.

Eyni qərarla MTN-də Akif Çovdarovun tabeliyində çalışmış, sonradan onunla birlikdə həbs olunmuş polkovnik Səlim Məmmədovun da müəyyən əmlakı onun ailə üzvlərinə qaytarılıb.

Akif Çovdarovun əmlaklarıyla bağlı qərar birmənalı qarşılanmamış, ictimai müzakirələrə səbəb olmuşdu.

Aprelin əvvəlində Baş Prokurorluq məlumat yayaraq, sözügedən qərardan narazı qaldıqlarını, onun ləğvi üçün Ali Məhkəməyə kassasiya protesti verildiyini açıqladı.

Aprelin 25-də Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyilə həm prokurorluğun protestinə, həm də Çingiz Əsədovun şikayətinə baxılıb.

Çingiz Əsədov Akif Çovdarovun ailə üzvlərinə qaytarılan əmlaklar arasında olan “8-ci kilometr bazarı”nın keçmiş sahibidir.

O, qərarın bazara aid hissədindən şikayət verib.

Həmin hissədə qərarın ləğvini və ticarət mərkəzinin ona qaytarılmasını istəyib.

Dövlət ittihamçısı prokurorluğun protestini müdafiə edib.

Prokuror Akif Çovdarovun yaxınlarına 13 milyonluq, Səlim Məmmədova isə 161 min manatlıq əmlakın qaytarılması haqda qərarın əsassız olduğunu vurğulayaraq, onun ləğv olunmasını xahiş edib.

Cinayət işinin əmlaklarla bağlı hissədə təkrar araşdırma aparılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını təklif edib.

Akif Çovdarovun vəkilləri Kamandar Nəsibov, Sadiq Rəsulov, həmçinin Səlim Məmmədovun vəkili isə buna etiraz edib.

Onlar bildirib ki, sözügedən əmlaklar sabiq MTN-çilərin qohumlarınındır.

Bu əmlaklar nə cinayət yoluyla əldə edilib, nə də cinayət predmeti olub. Bu səbəbdən müsadirə olunması üçün heç bir əsas yoxdur.

Vəkillər qərarın dəyişdirilmədən qüvvədə saxlanmasını istəyib. Lakin Ali Məhkəmənin hakimləri qısa müşavirədən sonra Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğv olunduğunu, işin təkrar araşdırma üçün apelyasiya instansiyasına qaytarıldığını açıqlayıb.

Bakı Apelyasiya Məhkəməsi “8-ci kilometr bazarı” ilə yanaşı, aşağıdakı əmlakları da Akif Çovdarovun ailə üzvlərinə qaytarıb:

– Biləcəri qəsəbəsində 0.6 hektar və 560 kvadrat metr torpaq sahələri – 300 min və 95 min manat;
– Məhəmməd Xiyabani küçəsi 5 ünvanında 250 kvadrat metrlik obyekt – 230 min manat;
– Bülbül prospekti ev 65, mənzil 38 – 483 min manat;
– Novxanı kəndində bağ evləri – 800 min manat, 700 min manat;
– Xızı rayonu, Qızılqazma kəndində 2 hektar torpaq sahəsi – 400 min manat;
– Şamaxı rayonu Nağaraxana kəndində hektarlarla torpaq sahələri və tikililər – 750 min manat;
– Kürdəmir rayonunda torpaq sahələri və tikililər – 650 min manat;
– Metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında qeyri-yaşayış sahələri;
– Bakıda 7-ci mikrorayonda 4941 kvadrat metrlik 6 mərtəbəli bina – 3.1 milyon manat;
– Nəsimi rayonu, Cavadxan küçəsi 62 ünvanında 7 mərtəbəli qeyri-yaşayış binası – 4.5 milyon manat…

Vətəndaşların pullarını, əmlaklarını ələ keçirmək üçün onları MTN-ə gətirdib hədələməkdə, zor tətbiq etməkdə, vəzifə səlahiyyətlərini aşmaqda, əməliyyat-axtarış tədbirləri və s. məqsədlərlə ayrılmış vəsaitlərin mənimsənilməsində və başqa əməllərdə ittiham olunan Akif Çovdarov 2015-ci ildə həbs edilib.

O, 12 il azadlıqdan məhrum olunub, lakin 2020-ci ilin aprelində əfv sərəncamıyla azadlığa buraxılıb.

Akif Çovdarov məhkəmədə ittihamları qəbul etməyib, özünü təqsirli bilmədiyini deyib.

Ana səhifəSiyasətÇovdarovun əmlakının müsadirədən azad olunması ilə bağlı qərar ləğv edilib