COP29 iqlim sammitinin “rəsmi tərəfdaşları” Əliyevlər ailəsi və onların yaxın çevrəsi ilə bağlıdır

İllustrasiya: OCCRP

Azərbaycanın COP29 iqlim sammitinə ev sahibliyi etməsi nə üçün vacibdir?

“Silk Way West Airlines”, konqlomerat “PASHA Holding” və ya tekstil şirkəti “GILTEX”, – bu il Bakıya gələn xarici qonaqlar hara baxsalar, Azərbaycanın avtoritar Prezidenti İlham Əliyevin ailəsinə bağlı şirkətləri görəcəklər.

Əgər siz dünyanın ən mühüm iqlim dəyişikliyi konfransında iştirak etmək üçün Azərbaycana səfər edirsinizsə, bunu tərzlə etmək daha yaxşı olar.

BMT-nin iqlim dəyişikliyi üzrə böyük tədbiri COP29-un bu ay Azərbaycanın paytaxtı Bakıda keçirilməsi planlaşdırılır. Və ən azı 5,000 iştirakçı Xəzər dənizinin sahilində yerləşən “Sea Breeze Resort”da yüksək səviyyəli otel otaqlarında qalacaq, 7 kilometr uzunluğunda çimərlikdən, 50-dən çox bar və restoran, eləcə də 60 üzgüçülük hovuzundan istifadə edə biləcəklər.

Günün mövzusu iqlim dəyişikliyi olduğuna görə, tədbirdə rəmzi addımlar üçün də vaxt ayrılacaq. Dövlət xəbər agentliyinin məlumatına görə, “azərbaycanlı və beynəlxalq şirkətlərin rəhbərləri, siyasətçilər və mədəniyyət xadimləri” kurortun yeni abadlaşdırılmış parkında ağac əkəcəklər.

Lakin bu ziyarətçilərin bəlkə də bilmədiyi məqam odur ki, 500 hektarlıq “Sea Breeze” kompleksinin sahibi Azərbaycan Prezidenti İlham Əliyevin keçmiş kürəkəni Emin Ağalarovdur. Dövlət satınalma sənədləri göstərir ki, o, COP29 iştirakçılarının qəbul olunması üçün 5,2 milyon dollarlıq dövlət vəsaiti alıb, bu prosesdə isə heç bir tender keçirilməyib. (Bu məsələ ilk dəfə müstəqil Azərbaycan xəbər portalı “AbzasMedia” tərəfindən işıqlandırılıb). 

Bu vəziyyət COP29-u – iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün keçirilən BMT-nin illik iyirmi doqquzuncu konfransını və keçmiş Sovet Respublikasında keçirilən ilk tədbiri xarakterizə edir. Jurnalistlərin apardığı araşdırmalara görə, konfransın “rəsmi tərəfdaşları” olaraq göstərilən bütün yerli şirkətlər ya ölkənin hakim ailəsinə, ya da onlarla biznes əlaqələri olan şəxslərə məxsusdur.

COP29 tərəfdaşları arasında Prezidentin qızlarının sahib olduğu bir konglomerat da var və onlar beynəlxalq auditoriyaya çıxış, xüsusi sərgi zonasında iştirak və sponsorluq imkanlarından faydalanacaqlar.

COP tədbiri BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəfdaşlarını bir araya gətirir və burada tullantı səviyyələri kimi məsələlər müzakirə olunur. İlk konfrans 1995-ci ildə Berlində keçiriləndən bəri hər il fərqli bir ölkə tədbirə ev sahibliyi edir və on minlərlə iştirakçı ilə yanaşı, dövlət başçıları, biznes nümayəndələri, ekoloji hərəkat üzvləri, gənclər və digər sektorlardan qeyri-hökumət təşkilatları iştirak edirlər.

Lakin “COP əldən verildi” adlı hesabatda şəffaflıq tərəfdarı olan iki təşkilat – “Transparency International” və “Anti-Corruption Data Collective” – çərçivə konvensiyasında ev sahibi ölkənin COP təşkilatında korporativ və fosil yanacaq təsirinə qarşı “müdafiə mexanizmlərinin” çatışmazlığından narahatlıq ifadə edib.

İllustrasiya: James O’Brien/OCCRP

“COP tərəfdaşının kim ola biləcəyinə və maraqlar toqquşmasının necə idarə olunacağına dair qaydalar olmadan, korrupsioner rejimlər üçün ailə üzvləri və dostlarının COP-dan keçmişlərini “yaşıl və ağ yumaq” və birbaşa faydalanmalarını təmin etmək çox asandır”,- deyə “Transparency International”-ın iqlim dəyişikliyi və idarəetmə işlərinə rəhbərlik edən Brice Böhmer bildirib.

Bu il Azərbaycanın seçilməsi də dünyada iqlim konfransının əsas neft və qaz istehsalçılarından birinə verilməsi ilə əlaqədar tənqid olunub. İnsan haqları təşkilatı “Freedom House”-un reytinqlərinə görə, Azərbaycan, hətta Misir və Birləşmiş Ərəb Əmirliklərindən də sonra, COP-a ev sahibliyi edən ən avtoritar ölkədir

Ağalarovun tenderi heç bir rəqabət olmadan qazanması ilə bağlı xəbəri ilk olaraq işıqlandıran müstəqil Azərbaycan xəbər saytı “AbzasMedia”nın altı jurnalisti hazırda saxta siyasi ittihamlarla həbsdədir. Onların həbsi bu il Azərbaycan hökumətinin ifadə azadlığı və vətəndaş cəmiyyətinə qarşı başlatdığı genişmiqyaslı təzyiqlərin bir hissəsidir

Bu arada, BMT-nin konfransdan əvvəlki tədbirində Prezident İlham Əliyev “Azərbaycanın ünvanına göstərilən yekdil dəstəyi beynəlxalq aləmin ölkəmizə olan etimadı kimi qiymətləndirirəm”,- deyə çıxış edib.

Azərbaycan haqqında OCCRP və digər media orqanları tərəfindən hazırlanan hesabatlar Prezident Əliyev, onun həyat yoldaşı, uşaqları və bir neçə digər qohumunun topladığı fantastik var-dövləti, eləcə də onların yaxın çevrəsindəki şəxslərə tez-tez təqdim olunan imkanları göstərib.

“Transparency International” və “Anti-Corruption Data Collective” yeni hesabatlarında vurğulayırlar ki, BMT-nin iqlim konfranslarına ev sahibliyi etmək istəyini bildirən ölkələr üçün spesifik yaxşı idarəetmə tələbləri yoxdur, buna görə də avtoritar və korrupsioner hökumətlərin rəhbərliyi ələ keçirməsi asandır.

Emin Ağalarov 2007-ci ildən “Sea Breeze” kurortu üçün torpaq almağa başlayıb — bu, Prezident Əliyevin böyük qızı Leyla Əliyeva ilə evləndiyi ildən bir il sonradır (Cütlük 2015-ci ildə boşanıb).

Skrinşot: Sobçakın Youtube kanalı

Son dövrlərdəki bir “YouTube” müsahibəsində  Emin Ağalarov, “Sea Breeze” kurortunun COP29 qonaqlarını qəbul etməyə necə hazırlandığına dair bir qədər fərqli hekayə danışıb. Onun sözlərinə görə, bu prosesdə yaxşı imic yaratmış görünür.

Ağalarov dövlət tərəfindən 5.2 milyon dollar almasını qeyd etməyib, əksinə, hökumətin ona COP qonaqları üçün daha çox yaşayış yeri inşa etməsi üçün kredit verdiyini deyib.

“Qala biləcək insan sayını soruşmaq üçün administrasiyadan gəldilər”,- deyə Ağalarov bildirib.

“Mən tez düşündüm ki, nə edə bilərəm və hökumətə COP üçün 3000 mənzili mobilizasiya edib bərpa etməyi təklif etdim. Bunun üçün kredit aldım, öhdəliyim isə 5000 insanı pulsuz yerləşdirmək idi. Beləliklə, bu, mənə növbəti yazda demək olar ki, 2000 əlavə mənzili bərpa etməyə imkan tanıdı. Yəni, bu il bunlar COP üçün istifadə olunur, növbəti il isə mən 2000 mənzil əldə edəcəyəm”.

Ağalarov şərh üçün sorğuya cavab verməyib.

İlk rəsmi COP29 tərəfdaşları 13 sentyabrda elan edilib və bunlar arasında aparıcı qida istehsalçısı “Azersun” və bankçılıq, sığorta və tikinti sahələrində fəaliyyət göstərən “PASHA Holding” kimi konsorsiumlar yer alıb.

Bu şirkətlər “Yaşıl Zona” tərəfdaşları kimi təqdim olunur və bu, rəsmi konfrans saytında “bir araya gəlmə yeri” olaraq təsvir edilən xüsusi sərgi sahəsinə işarədir. Burada akkreditasiyalı və qeyri-akkreditasiyalı nümayəndələr, o cümlədən ictimaiyyətin üzvləri, biznes, media və vətəndaş cəmiyyəti nümayəndələri sərbəst şəkildə bir araya gələrək “öz baxışlarını ifadə edə biləcəklər”.

Bu məqalədə adı çəkilən heç bir şirkət şərh sorğusuna cavab verməyib. Azərbaycan COP29 Prezidenti komandası da suallara cavab verməyib.

Bir neçə son COP konfransında iştirak edən Şərqi İngiltərə Universitetinin ətraf mühit idarəçiliyi üzrə professoru Heike Schröder (Heike Schroeder), COP korporativ tərəfdaşlıqlarının son bir neçə ildə başlayan “bir qədər yeni bir inkişaf” olduğunu bildirib.

“O, əlbəttə ki, böyük bir biznes fürsətidir”,- professor deyib. “Lakin bunun hamısının ekoloji məsələlərlə heç bir əlaqəsi yoxdur”.

Yeni seçilmiş tərəfdaşlar buna qatılmaya bilər: Bir neçə şirkət, COP tədbirinin onlara “qlobal liderlərlə” dialoq yaratmaqla davamlılıqlarını artırmağa necə kömək edəcəyinə dair mətbuat bəyanatları verib.

“COP29, “PASHA Holding”-in davamlılıq səylərinin irəliləməsində mühüm rol oynayacaq”,– deyə şirkətin idarə heyəti sədrinin müavini Mir Camal Paşayev konfransın rəsmi saytında dərc edilən mətbuat bəyanatında bildirib.

“PASHA Holding”, Prezident İlham Əliyevin iki qızı Leyla və Arzu Əliyevalara aiddir. Paşayev isə Azərbaycanın birinci xanımı və vitse-prezidenti Mehriban Əliyevanın əmisi oğludur.

COP29-un “Davamlı İnkişaf Tərəfdaşı” olan “Azersun Holding”-in sədri Abdolbari Gozal, eyni mətbuat bəyanatında, şirkətin seçilməsinin “Azersun”-un davamlılığa sadiqliyinin bir sübutu olduğunu bildirib.

“Yaşıl Zona-da iştirak edəcəyimiz fəaliyyətləri səbirsizliklə gözləyirik”,- o əlavə edib.

Gozalın qardaşı oğlu Həsən Gozal, onun müxtəlif biznes layihələrində yaxından çalışıb və 2008-ci ildə Əliyeva bacıları adından Britaniyanın Virgin Adalarında yaradılan üç şirkətin direktoru olub. 

Sentyabrın 17 və 20-də daha dörd rəsmi COP29 tərəfdaşı elan edilib. Onlar arasında yük operatoru “Silk Way West Airlines” və “GILTEX” adlı tekstil şirkəti də var.

COP29-un “Qlobal Hava Yük Tərəfdaşı” olan “Silk Way”, konfransa “əsas materialların və təchizatların daşınması” ilə məşğuldur.

“Bu rol, aviaşirkətin qlobal ekoloji məqsədlərin həyata keçirilməsinə verdiyi töhfəni vurğulayır”,- deyə şirkət mətbuat bəyanatında bildirib.

Aviaşirkət, keçmiş dövlət məmuru Zaur Axundova aiddir, lakin keçmişdə o, həm də törəmə şirkət vasitəsilə birinci ailə ilə əlaqəli olub: 2010-cu ildə “Azadlıq” radiosu tərəfindən aparılan araşdırma, Prezidentin kiçik qızı Arzu Əliyevanın, “Silk Way” Qrupunun, aviaşirkətin də bir hissəsi olduğu, “Silk Way Bank”-ın üç sahibindən biri olduğunu ortaya çıxardı.

COP29-un “Tekstil Tərəfdaşı” olan “GILTEX”, yerli tekstil bazarının 70 faizinə qədərinə nəzarət edir və keçən ilə qədər “Gilan Holding” adlı bir konsorsiumun tərkibində olub. 2018-ci ildə aparılan OCCRP araşdırması, Prezident Əliyevin qızlarının Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş bir şirkət vasitəsilə “Gilan Holding”-də əksər paya sahib olduğunu, həmçinin Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydarovun uşaqları ilə birgə olduqlarını ortaya çıxardı (Heydarov eyni zamanda COP29 təşkilat komitəsinin üzvüdür).

“Gilan Holding” 2023-cü ildən ləğv edilib. Azərbaycan hökuməti Azərbaycan şirkətlərinin sahibləri və səhmdarları haqqında ictimaiyyətə məlumat verilməsini məhdudlaşdırdığı üçün jurnalistlər “GILTEX”-in arxasında kimin dayandığını təsdiqləyə bilməyiblər. Ancaq OCCRP-yə üzv olan Meydan TV, 2022-ci ildə “Gilan Holding”-in tərkibindəki bir çox şirkətin birinci ailəyə məxsus “PASHA Holding”-ə köçürülməyə başladığını bildirmişdi

Bu özəl şirkətlərlə yanaşı, COP29 iki Azərbaycan dövlət şirkətini də tərəfdaş olaraq təyin edib: “SOCAR Green” və əvvəllər Azərbaycan Beynəlxalq Bankı kimi tanınan “Bank ABB”.

COP29-un “Enerji Keçidi Tərəfdaşı” olan “SOCAR Green”, Azərbaycanın dövlət neft şirkəti SOCAR-ın təmiz enerji üzrə törəmə şirkətidir. SOCAR, neft istehsal edən ölkənin iqtisadiyyatında böyük rol oynayır.

SOCAR, COP tədbirində də mühüm rol oynayıb, təşkilat komitəsinin bir neçə üzvü dövlət neft şirkəti ilə bağlıdır. “Transparency International” və “Anti-Corruption Data Collective” “COP Co-Opted” hesabatında, neft şirkətinin COP29-dakı iştirakını öz biznes maraqlarını irəlilətmək üçün istifadə edə biləcəyi ilə bağlı narahatlıqlar irəli sürüb.

“SOCAR-ın Azərbaycan dövlət strukturundakı önəmli rolu və hökumətin avtoritar xarakteri, SOCAR-ın maraqlarını ev sahibi olan hökumətin maraqlarından ayırmağı çətinləşdirir”,– deyə bu qruplar qeyd edib.

Tədbirin “Baş Bank Tərəfdaşı” olan ABB, “COP29-da əldə edilən məlumatları və yaradılan tərəfdaşlıqları” əsas götürərək “ekoloji, sosial və iqtisadi sabitliyi təmin edən maliyyə həllərini irəlilətməyi” planlaşdırdığını bildirib.

ABB 2021-ci ildə rebrendinq edilib. Əvvəlki, Azərbaycan Beynəlxalq Bankı adı altında, 2.9 milyard dollar məbləğindəki pul yuyulma qalmaqalında, “Azərbaycan Laundromatı” kimi tanınan mərkəzi rolu ilə pis xəbərlərə səbəb olub. Bankdakı bir hesab bu fondların böyük bir hissəsini köçürmək üçün əsas vasitə kimi istifadə olunub.

Bankın əvvəlki sədri 2016-cı ildə qurumdan təxminən 3 milyard dollar oğurlamaqda günahkar bilinərək həbs edilib. Onun Birləşmiş Krallıqda yaşayan həyat yoldaşı, ölkənin tarixində ilk dəfə “izah edilməmiş zənginlik tələbi” ilə qarşılaşıb. Britaniya səlahiyyətliləri ondan geniş sərvətinin qanuni mənşəyini sübut etməyi tələb etdilər. O, daha sonra 17.8 milyon dollar dəyərindəki malikanə və bir qolf klubunu Britaniya dövlətinə təslim etməyi qəbul etdi

Mənbə: OCCRP

Ana səhifəTövsiyəCOP29 iqlim sammitinin “rəsmi tərəfdaşları” Əliyevlər ailəsi və onların yaxın çevrəsi ilə bağlıdır