“Global Witness” insan haqları təşkilatı görüşün gizli videogörüntülərinin olduğunu deyir
“BBC”-nin noyabrın 11-dən Bakıda start veriləcək COP29 konfransı haqda məqaləsi son bir neçə gündür ki, gündəmin müzakirə mövzusuna çevrilib.
Məqalədə Azərbaycanın COP29 komandasının baş icraçı direktoru Elnur Soltanovun özünü potensial sərmayəçi kimi təqdim etməsinin etirazla qarşılandığı qeyd olunub.
Bu barədə “BBC”-nin iqlim məsələləri üzrə redaktoru Justin Rowlatt yazıb.
Onun sözlərinə görə, Elnur Soltanov qazıntı yanacaq sövdələşmələrini təşviq edərkən yaxalanıb.
Müəllif iddia edir ki, onlar Azərbaycanın COP29 komandasının baş icraçı direktoru Elnur Soltanovun özünü potensial sərmayəçi kimi təqdim edən adamla ölkənin dövlət neft və qaz şirkətində çeşidli “investisiya imkanlarını” müzakirə etdiyini əks etdirən gizli çəkilişləri görüblər:
“Elnur Soltanov bizə işlənəsi çoxlu qaz yataqlarının olduğunu deyib. Lakin BMT-nan iqlim danışıqlarına məsul qurumunun keçmiş sədri “BBC”-yə Soltanovun hərəkətlərinin “tamamilə qəbuledilməz” və COP prosesinə “xəyanət” adlandırıb”.
Azərbaycanın COP29 komandası saytın sorğusuna cavab verməyib.
Məsələ ilə bağlı araşdırma aparan “Global Witness” insan haqları təşkilatı “BBC”-yə gizli video görüntülər və sənədlər göstərib:
“Təşkilatın nümayəndələrindən biri özünü COP29 komandasına Honkonqda yerləşən enerji üzrə ixtisaslaşmış uydurma investisiya şirkətinin rəhbəri kimi təqdim edib. Deyib ki, bu şirkət COP29 sammitinə sponsorluq etmək istəyir, lakin əvəzində Azərbaycanın dövlət neft və qaz şirkəti – SOCAR-da investisiya imkanlarını müzakirə etmək niyyətindədir. Elnur Soltanovla onlayn görüş təşkil edilib. COP29-un baş icraçı direktoru olmaqla yanaşı, cənab Soltanov həm də Azərbaycanın energetika nazirinin müavini və SOCAR-ın Müşahidə Şurasının üzvüdür”.
“Görüşdə cənab Soltanov potensial sponsora deyib ki, konfransın məqsədi “iqlim böhranını çözmək” və “karbohidrogenlərdən ədalətli, nizamlı və bərabərhüquqlu şəkildə uzaqlaşmaq”dır. O deyib ki, neft və qaz şirkətləri də daxil hər kəs “həll yolu təqdim edə bilər”, çünki Azərbaycanın “qapıları açıqdır”. Bununla belə, o, təkcə iqlim həlləri üçün deyil, neft və qaz da daxil sövdələşmələr üçün də “açıq qapı” təqdim edib. Cənab Soltanov potensial sponsora əvvəlcə SOCAR-ın cəlb olunduğu bəzi “yaşıl keçid layihələrinə” investisiya qoymağı təklif edib, lakin sonra o, yeni qaz xətti infrastrukturu da daxil olmaqla, Azərbaycanın qaz istehsalını artırmaq planları ilə əlaqəli imkanlar barədə danışmağa başlayıb“, – deyə məqalədə bildirilir.
Həmçinin Elnur Soltanovun potensial sponsora: “Çoxlu birgə müəssisələr yaradıla bilər”, – deyə söylədiyi qeyd olunur:
“SOCAR Asiya da daxil olmaqla, bütün dünyada neft və qaz ticarəti aparır. Cənab Soltanov təbii qazı “keçid yanacağı” adlandırıb. Müəyyən həcmdə neft və təbii qaz istehsallarımız davam edəcək, bəlkə də həmişəlik”.
Justin Rowlatt yazır ki, BMT-nin iqlim elmi qurumu – İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Paneli 2050-ci il və daha sonrasında neft-qazın bəzi rolu olacağını etiraf etsə də, istiləşməni 1,5C-yə qədər məhdudlaşdırmağa çalışmaqla yeni neft və qaz yataqlarının işlənməsini inkişaf etdirməyin bir-birinə uyğun olmadığını vurğulayıb:
“Bu həmçinin dünyanın son qlobal iqlim sammitində qazıntı yanacaqlarından uzaqlaşmağı qəbul etdiyi razılaşmaya ziddir”.
Müəllif daha sonra yazır ki ki, Elnur Soltanov müzakirələrin baş tutması üçün sponsora SOCAR-la əlaqə yaratmağa şad olacağını deyib:
“Bir neçə həftə sonra saxta Honkonq investisiya şirkəti e-mail alıb – SOCAR məsələni davam etdirmək istəyib”.
“COP29 prosesinin bir hissəsi kimi biznes sövdələşmələri etməyə cəhd bir COP rəsmisindən gözlənilən davranış standartlarının ciddi şəkildə pozulmasıdır. Tədbir iqlim dəyişikliyinin əsas səbəbi olan qazıntı yanacaqlarının daha çox satılması üçün yox, dünyada onlardan istifadənin azaldılması üçündür. Nəzərə alın ki, standartlar da BMT-nin iqlim müzakirələrinə məsul qurumu – İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) tərəfindən tərtib olunub”.
Kosta-Rikalı diplomat Christiana Figueres BBC-yə deyib ki, o, COP prosesinə cəlb olunmuş istənilən şəxsin öz vəzifəsindən istifadə edərək qazıntı yanacağı üzrə yeni sövdələşmələr bağlamaq cəhdinə heyrət edib:
“Belə davranış bu konfransların məqsədinə ziddir və prosesə xəyanətdir”.
“Global Witness” isə bütün bunların davamlılığın COP29 komandası üçün əsas gündəm olmadığına dair əlavə sübutlar göstərdiyini bildirib.
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası yaydığı bəyanatda sentyabrın 13-də Elnur Soltanovla Honkonqda yerləşən şirkətin nümayəndəsi Steven Li arasında danışığın baş tutduğu qeyd olunub:
“Ancaq görüşün video qeydinin aparılması ilə bağlı qarşı tərəf Elnur Soltanova xəbərdarlıq etməyib. “Global Witness” qeyri-hökumət təşkilatları tərəfindən dünyada qəbul olunmuş ümumi fəaliyyət prinsipləri ilə bir araya sığmayan, daha çox xüsusi xidmət orqanlarının işini xatırladan metoddan istifadə edərək hüquqi nəticələr yaradan hərəkətlərə yol verib. Belə ki, “Global Witness” COP29-u hədəf alaraq, qanunla qadağan olunan kiberaldatma və təqlidetmə texnologiyalarından istifadə edərək “EC Capital Holdings” adlı saxta şirkət, onun veb-səhifəsini və Steven Linin “Linkedin” platformasında saxta profilini yaradaraq, COP29 komandası ilə əlaqəyə girmiş və bir sıra rəsmilərin etibarından sui-istifadə edərək COP29 ərəfəsində Azərbaycana qarşı əlaqələndirilmiş formada aparılan informasiya əməliyyatı və dezinformasiya kampaniyasının iştirakçısı olub”.
Komissiya “Global Witness”ə informasiya dəstəyinin “BBC” tərəfindən verildiyini vurğulayıb:
“”BBC”-nin “COP29-un baş icraçı direktoru qalıq yanacaq sövdələşmələrini təbliğ edərkən lentə alınıb” başlıqlı məqaləsində “Global Witness” tərəfindən çəkilişin gizli aparıldığı etiraf edilir, eyni zamanda, qərəzsiz jurnalistika prinsiplərinə zidd olaraq, görüşün bir hissəsi paylaşılır və bununla da informasiya manipulyasiyasına yol verilir. Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya “Global Witness” və “BBC” tərəfindən aparılan bu fəaliyyətləri hibrid hücum kimi dəyərləndirir və məsələnin daha dərindən araşdırılması üçün bununla bağlı aidiyyəti dövlət qurumlarına müraciət edəcək”.
AXCP sədri Əli Kərimli isə hesab edir ki, Elçin Soltanovun mövqeyi Azərbaycan hakimiyyətinin BMT-nin iqlim dəyişikliyi ilə mübarizə sammitlərinin fəlsəfəsini qəbul etmədiyini bütün dünyaya sübut edir.
Bu barədə “Facebook” səhifəsində yazan Əli Kərimli bildirib ki, hökumətin dərdi iqlim dəyişikliyi, ekoloji problemlər deyil, əksinə COP29 tədbirindən istifadə edərək də neft və qaz istehsalını artırmaq, sammitə ev sahibliyi etməkdən qazanmaq, korrupsiya və repressiya vasitəsilə korlanmış imiclərini yumaq idi:
“Qazanmaq istəkləri alınsa da, imiclərini təmizləmək istəkləri heç alınmadı və bütün dünyada daha da rüsvay oldular”.