COP günlərində QHT-lər sərbəst toplaşmaq azadlığı örnəyi göstərdi…

Frenk Palloneyə qarşı etiraz aksiyası. Foto: Azərtac

Rövşən Hacıbəyli

Ancaq qonağa “Rədd ol Azərbaycandan” dedilər

ABŞ konqresmeni Frenk Palloneni COP29 tədbirlərində iştirak etmək üçün noyabrın 16-da Bakıya gəlib, BMT-nin dəvəti ilə. Ancaq başqa qonaqlar kimi xoş qarşılanmayıb.

Hökumətimizin başının tədbirə qarışmasından sui-istifadə edən “QHT, ictimaiyyət və media nümayəndələri” qonağa qarşı hörmətsizlik edib.

Bilməyənlər üçün xatırladaq ki, bu tədbirin adı Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransıdır (Hikmət Hacıyev irad tutmasın deyə tədbirin adını bütöv yazıram). Bu konfransın 29-cu sessiyasını BMT Azərbaycanda – Bakıda keçirir. Bizdən qabaq 28 ölkədə bu tədbir baş tutub.

Rövşən Hacıbəyli
Mənbə: Meydan TV

Qabaqkı tədbirlərdə sessiyaya qatılan qonaqlarla bağlı hansısa insidentin olub-olmadığını bilmirik. Ancaq Bakıda ABŞ konqresmeni təzyiqlərlə üzləşib və o, bu səbəbdən səfərini yarımçıq qoyaraq noyabrın 18-də Azərbaycandan gedib. Qonaqpərvər Azərbaycan xalqının qonağa qarşı bu hörmətsizliyinin arxasında nə dayanır? Qonaqpərvər ona görə yazdım ki, AzTV-lər müxtəlif ölkələrdən gələn qonaqları hər gün danışdırır, onların hamısı da istisnasız olaraq qonaqcanlı xalq kimi bizi tərifləyir.

Əslində, burda bir az qaranlıq məqamlar var, çünki COP başlamazdan öncə paytaxt sakinlərinin tədbir iştirakçılarının hərəkət edəcəyi küçələrə girişi qadağan olunub. Ali və orta məktəblər bağlanıb, tələbələr evlərinə gedib, eləcə də imkanı çatan paytaxt sakinləri rayonlara üz tutub. Dövlət idarələrində və özəl sektorda adamlara evdən işləmək göstərişi verilib. Yəni şəhəri mümkün qədər boşaldıblar. AzTV-lərin danışdırdığı qonaqların xalqı harda görməsi çox maraqlıdır…

Bunlar öz yerində. Bəs amerikalı konqresmen niyə arzuolunmaz şəxsə çevrilib? Bunun tarixi ötən əsrə gedib çıxır. Həmin konqresmen “ermənipərəst” mövqeyi ilə tanınır. Mövqeyini dəyişməyən bu adam 1999-cu ildə Bakıya da gəlib, işğal illərində Dağlıq Qarabağa da səfər edib. O, ölkəmizdə “persona non qrata” elan olunubsa, sərhədimizi necə keçib, vizanı necə alıb? Bütün bunlar problemsiz həllini tapıbsa, onda bu şou nəyə gərək idi? “Ermənipərəst” mövqedə olan azmı siyasətçi görmüşük?

Fransa həmişə bu mövqedə olub, ancaq rəsmi Parisin bu mövqeyi bizim hər il Fransaya milyonlar ötürməyimizə problem yaratmayıb. Rusiya Dövlət Dumasının üzvü, Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski də həmişə “ermənipərəst” mövqedə olub, onun “Heydər Əliyev dünyanın ən varlı adamıdır, çünki onun 8 milyon qoyunu var” sözləri ilə Azərbaycan xalqını təhqir etməsi də 2014-cü ildə Bakıda təmtəraqla qarşılanmasına mane olmayıb. Heç “QHT fəalları, ictimaiyyət və media nümayəndələri”ni də bu səfər narahat etməyib, baxmayaraq ki, indikindən fərqli olaraq onda sərbəst toplaşmaq azadlığı tam ləğv edilməmişdi. Heç işğal illərində “ermənipərəst” mövqe tutanlara bu dərəcədə aqressiya yox idi.

30 illik işğal vaxtı Kəlbəcər qızıl yataqlarını istismar edən Rusiya şirkətlərinə qarşı nə onda, nə də indi iradımız var. Dağlıq Qarabağın rus qoşunlarının yardımıyla (366-cı alay) işğal edilməsi də Rusiya ilə münasibətlərimizə heç vaxt xələl gətirməyib. İndi birdən-birə, həm də torpaqlarımız ordumuzun gücü, şəhidlərimizin qanı bahasına işğaldan azad ediləndən, biz yenidən o yerlərin sahibi olandan sonra bu aqressiyanın səbəbi nədir? Axı dövlət başçısı da tez-tez vurğulayır ki, kimin nə deməsi bizi yolumuzdan döndərə bilməz. Yəni hər bir sözü daldan atılan daş sayırıq. Vətəndaşı olaraq bizim nə deməyimizin heçə sayıldığı ölkəni hamıdan yaxşı tanıyırıq…

Təkcə ölkədə yox, lap okeanın o tayında da bilirlər ki, indi Azərbaycanda heç bir müstəqil QHT yoxdur, heç müstəqil media da yoxdur, heç sərbəst toplaşmaq azadlığı da yoxdur. İndi qəfildən QHT-lər konqresmenin gəlişindən xəbər tutur, hətta hansı hoteldə yerləşdiyini də bilir, heç kimdən icazə almadan, cəsarətlə, deyərdim ki, ölümü belə gözə alaraq, sabitliyi pozaraq əllərində plakatlarla (həm də ingiliscə yazılmış) Frenk Palloneninin qaldığı yerə hücum çəkirlər. “Quşboğan” QHT-ləri bu qədər ucuz tutmayın. Sabah “ekoaktivist” kimi yenə gərəyiniz ola bilərlər…

Aksiya keçirən QHT-lər daxili işlər naziri Vilayət Eyvazova müraciət ünvanlayıb, onlar konqresmen Frenk Palloneninin etirazçılara zor göstərən mühafizəçilərinin cəzalandırılmasını tələb edirlər. Bizdən nə desən gözləmək olar. Qorxuram ölkədə sabitliyi pozub icazəsiz aksiya keçirdiklərinə görə onların özləri cəzalandırılsın. Hələ COP davam edir, qonaqlar da bir ucdan gəlir. Azərbaycana gələn hər bir qonağa da ölkə başçısı açılış nitqində xoşgəldin elədi: “Dünya Bakıda toplaşıb, Azərbaycana xoş gəlmisiniz…”

Görəsən, bunları kim yoldan çıxarıb?!.

Ana səhifəMənim FikrimcəCOP günlərində QHT-lər sərbəst toplaşmaq azadlığı örnəyi göstərdi…