O, Brüsselə etibar etməyən ölkələrin bir araya gətirmək istəyir
Böyük Britaniyanın Baş naziri Boris Conson Avropa İttifaqına (Aİ) alternativ olacaq yeni siyasi, iqtisadi və hərbi ittifaqlar sistemini təklif edir.
Baş nazir Brüsselə etibar etməyən ölkələrin bu ittifaqda bir araya gəlməsini istəyir.
Bu sensasion xəbəri İtaliyanın “Corriere della sera” qəzeti yayıb.
Qəzet yazır ki, Böyük Britaniya lideri ideyasını aprelin 9-da Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenskiyə təqdim edib.
“İngiltərə bu ittifaqa Ukrayna, Polşa, Estoniya, Latviya və Litvanı, bəlkə də, sonrakı mərhələdə Türkiyəni də daxil etmək istəyir. Ukrayna hakimiyyəti də öz növbəsində Londonun təşəbbüsü ilə bağlı hələlik konkret mövqe nümayiş etdirməyib, lakin onlar da bundan imtina etməyiblər”, – qəzet belə yazır.
V.Zelenski iyunun 23-də Ukraynanın Aİ-yə namizədliyinin taleyinin həll olunacağı Avropa sammitini gözləyir.
Qəzet yazır ki, mənfi cavab olarsa, V.Zelenski B.Consonun alternativini ciddi qəbul edə bilər.
Bununla belə, nəşr ehtimal edir ki, Britaniyanın alyansı haqqında şayiələr Qərb siyasətçilərinə təzyiq göstərmək üçün məqsədli şəkildə yayılır.