”CNN” telekanalı Tramp administrasiyasını məhkəməyə verib

Jurnalisti Ağ Evin Müxbirlər Assosiasiyası müdafiə edib

Source:


Jurnalisti Ağ Evin Müxbirlər Assosiasiyası müdafiə edib

“CNN” telekanalı Ağ Evdəki müxbiri Cim Akostanın akkreditiyasının bərpa edilməsi məqsədilə Tramp administrasiyasına qarşı məhkəmə iddiası qaldırıb.

Telekanal Vaşinqton şəhərində ABŞ-ın dairə məhkəməsinə müraciət edib.

Bu barədə “Amerikanın Səsi” xəbər verir.

“Akkreditasiyanın alınması “CNN” və Cim Akostanın birinci Düzəlişə əsasən mətbuat azadlığına dair hüquqları və Beşinci Düzəlişə əsasən müvafiq prosedur hüququnun pozulmasıdır. Biz məhkəmədən Cimin akkreditasiyasının qaytarılması tələbilə qərar verməsini istəmişik və bu prosesin bir hissəsi olaraq daimi həll axtarılmasına çalışacağıq” – “CNN” teleşirkətinin bəyanatında bildirilir.

Cim Akosta “CNN”-in ən tanınmış müxbirlərindən biridir. O, prezident Donald Tramp və Ağ Evin yüksək səviyyəli rəsmilərinə verilən kəskin sualları ilə tanınır.

Tramp administrasiyası Akostanın Ağ Evdə akkreditasiyasını keçən həftə ləğv edib. Bu addım Akostanın Ağ Evdə keçirilən mətbuat konfransı zamanı Trampın Mərkəzi Amerika ölkələrindən gələn miqrant karvanını “işğal” kimi təsvir etməsinə tənqidi münasibət bildirməsindən sonra atılıb.

Ağ Ev rəsmiləri həmçinin Akostanı prezidentlə mübahisə zamanı mikrofonu ondan almağa çalışan təcrübəçinin “əlinə toxunmaqda” ittiham edib. Video görüntülərdə Akostanın təcrübəçi ilə aqressiv davranmadığı göstərilir.

Ağ Evin Müxbirlər Assosiasiyası çərşənbə axşamı “CNN”-in öz müxbirinin akkreditasiyasının bərpasına çalışmasına dəstək bildirib. Assosiasiyanın bildirdiyinə görə, “Ağ Ev müxbirin akkrediyasiyasını ümumiyyətlə əlindən almamalı idi”.

“Birləşmiş Ştatlar prezidenti onun haqqında məlumat verən kişi və qadınları özbaşına seçməklə məşğul olmamalıdır”- deyə, Ağ Evin Müxbirlər Assosiasiyasının prezidenti Oliver Noks bildirib.

Ağ Evin mətbuat katibi Sara Sanders məhkəmə işini rədd edib və Ağ Evin Akostanın akkreditasiyasının ləğvi qərarını müdafiə etdiyini deyib.

“Cənab Akosta prezidentə iki sual verdikdən sonra-prezident hər ikisinə cavab verib-o başqa müxbirlərin də öz suallarını verməsi üçün mikrofonu Ağ Evin təcrübəçisinə verməkdən imtina edib. Bu, ilk dəfə deyil ki, həmin müxbir o biri jurnalistlərə imkan vermir” – deyə Sara Sanders bildirib.

2015-ci ildə siyasi səhnəyə gəldikdən bəri

Tramp

ona qarşı ədalətsiz saydığı müxbirlər və media qurumlarına sözdə hücumlar edir. O hətta bəzi media qurumları haqda danışarkən onları “xalqın düşmənləri” adlandırır.

Ana səhifəDünya”CNN” telekanalı Tramp administrasiyasını məhkəməyə verib