Çinlə Birgə Bəyannamə: Azərbaycan Tayvanın müstəqilliyinə qarşı çıxdı

Foto: Azərtac

Pekinlə strateji sənəd imzalayan Bakı “Vahid Çin” prinsipini dəstəklədi

Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısına qatılıb.

Əliyev Zirvə toplantısı çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Tsinpin, Rusiya Prezidenti Vladimir Putin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə və digər dövlətlərin rəsmi şəxsləri ilə görüşüb.

Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub.

Sənəddə qeyd olunur ki, Azərbaycan və Çin uzun illər davam edən əməkdaşlıqdan məmnundurlar.

Tərəflər hesab edirlər ki, diplomatik münasibətlərin qurulduğu 2 aprel 1992-ci ildən etibarən iki ölkə arasında ikitərəfli əməkdaşlıq müxtəlif sahələrdə səmərəli nəticələr verib.

Bundan başqa, Azərbaycan və Çin rəsmiləri beynəlxalq və regional vəziyyətin tektonik və mürəkkəb inkişafı fonunda siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirməyə, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti gücləndirməyə, iki ölkənin ümumi maraqlarını birgə qorumağa, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə irəlilətməyə dair razılıq əldə ediblər.

Bəyannamədə qeyd olunur ki, tərəflər bir-birini prioritet və etibarlı tərəfdaş hesab edir və xarici amillərdən asılı olmayaraq ikitərəfli münasibətlər üzrə siyasətlərini müstəqil şəkildə müəyyənləşdirirlər.

Sənəddə vurğulanır ki, tərəflər ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı hörmət, hücum etməmək, daxili işlərə qarışmamaq, bərabərlik, qarşılıqlı fayda və dinc birgə yaşayışa sadiqliyi təsdiqləyirlər.

Bundan başqa, sənədin 1-ci bəndində Azərbaycan “Vahid Çin” prinsipini dəstəkləyir və qətiyyətlə “Tayvanın müstəqilliyi”nə qarşı çıxış edir:

“Azərbaycan tərəfi “Vahid Çin” prinsipini qətiyyətlə dəstəkləyir, dünyada yalnız bir Çinin mövcudluğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu, Tayvanın isə Çin ərazisinin ayrılmaz bir hissəsi olduğunu tanıyır, istənilən formada “Tayvanın müstəqilliyi”nə qarşı qətiyyətlə çıxış edir və Tayvan boğazının iki sahili arasındakı münasibətlərin dinc inkişafını, habelə Çin hökumətinin Çinin birləşdirilməsi istiqamətində səylərini dəstəkləyir”.

Birgə bəyannamədə qeyd olunur ki, Çin  Azərbaycanın Ermənistana təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və konfrontasiyanın saxlanmasına yönəlmiş geosiyasi intriqaları qeyri-səmərəli hesab edir.

Tərəflər həmçinin terrorizm, separatizm və ekstremizmin bütün beynəlxalq ictimaiyyət üçün ciddi təhdidlər yaratdığını və bu çağırışların qarşısını almaq və onlara qarşı mübarizə aparmaq üçün ümumi səylərin birləşdirilməsini tələb etdiyini vurğulayırlar.

Eyni zamanda Bakı və Pekin ticarət-iqtisadi sahədə hüquqi bazanın təkmilləşdirilməsini müzakirə etməyə, ticarət və investisiya prosedurlarının liberallaşdırılması və sadələşdirilməsi üçün institusional mexanizmin yaradılması imkanlarını fəal şəkildə araşdırmağa hazır olduqlarını bildirirlər.

Şanxay Əməkdaşlıq Təşkilatının növbəti Zirvə toplantısı iyunun 3-də Qazaxıstanın paytaxtı Astanada baş tutub.

 Azərbaycan Prezidenti İlham Əliyev də Zirvə toplantısında iştirak etmək üçün Astanaya səfər edib.

Onu Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sədri statusunda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dəvət edib.

Ana səhifəSiyasətÇinlə Birgə Bəyannamə: Azərbaycan Tayvanın müstəqilliyinə qarşı çıxdı