Çindən gələn Azərbaycan vətəndaşları necə yoxlanır?

Deyir ki, ətrafları infeksion xəstəliklərdən əziyyət çəkən insanlardır, xəstə deyillərsə də, bu günlərdə hansısa bir xəstəlik qazanacaqlar

Source: Foto: https://ru.euronews.com/


Övladı müayinə altında olan ata səhiyyənin vəziyyətindən narazıdır

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Mətbuat xidmətləri birgə məlumat yayıb.

Məlumatda deyilir ki, hazırda Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində 7 nəfər var.

Pekində təhsil alan 1992-ci il təvəllüdlü Azərbaycan vətəndaşı, 1993-cü il təvəllüdlü həyat yoldaşı ilə birlikdə gəlib. Heç bir şikayətləri yoxdur, hər ikisi həkimlər tərəfindən müayinə olunub.

Digəri Çinin Jinxua şəhərində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Hərarəti normaldır, heç bir şikayəti yoxdur. Analizləri götürülüb, müayinə olunacaq.

Kliniki Tibbi Mərkəzə yerləşdirilən başqa bir şəxs Çinin Jinxua şəhərində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Onun da hərarəti normaldır heç bir şikayəti yoxdur.

Çinin Şandonq şəhərində təhsil alan 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşı da xəstəxanaya yerləşdirilib. Heç bir şikayəti yoxdur. Xəstələrlə əlaqəsi olmayıb.

Çinin Zeyiyanq şəhərində təhsil alan 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşı (qadın) hərarəti normaldır heç bir şikayəti yoxdur. Həkim müayinəsindən keçiriləcək .

Pekində təhsil alan 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşı hərarəti normaldır. Həkimlər tərəfindən müayinə olunub, hazırda səhhətində problem yoxdur.

Yuxarıda qeyd olunanlar ölkəyə tranzit aviareyslərlə İstanbul, Dubay və Moskva şəhərlərindən gəliblər.

Xüsusi ayrılmış tibb müəssisəsində saxlanılanların səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar.

Səhiyyə Nazirliyi
Səhiyyə Nazirliyi

Hazırda qızı və kürəkəninin müayinə altında olduğunu deyən Mingəçevir sakini Şahin Məmmədli isə Kliniki Tibbi Mərkəzdəki vəziyyətdən narazıdır. Onun qızı və kürəkəni Çinin paytaxtı Pekin şəhərində doktorantura təhsili alır. Deyir, Çin hökumətinin yanvarın 25-də qəbul etdiyi qərarla əcnəbilərə müvəqqəti ölkələrinə getmək, öz vətəndaşlarına isə evdən çölə çıxmamaq tövsiyə olunub.

Şahin Məmmədli də qızı və kürəkəni ilə birgə Bakıya qayıdıb.

“Mənim biletim 30-na idi. Nazirliyin gücü çatmadı, uşaqlara da bileti özüm aldım. 2 gün əvvəl Bakıya çatıblar. Onlara deyilib ki, yoxlanmaq çün 1 saylı Kliniki Tibbi Mərkəzə (keçmiş Semaşko) getsinlər. Onlar da dünən gediblər. Qızımda hərarət var, kürəkənim öskürür. Onları infeksion xəstəliklərdən əziyyət çəkən insanlarla bir yerə salıblar”.


“Şübhələndikləri insanların sadəcə hərarətini ölçüb, qan analizi alıblar”

Şahin Məmmədli deyir ki, qızı və kürəkənindən qan analizi almaqdan və hərarətlərini ölçməkdən başqa heç nə etməyiblər:

“Hər hansı bir virusun olduğu və ya olmadığı təsdiqlənməyib. Bəlkə sağlamdırlar? Belə çıxır ki, heç bir xəstəliyi olmayan insanlara infeksiya bulaşdırmaq istəyirlər? Onlar nə dərəcədə savadlı həkimdirlər ki, sağlam insanları xəstələrin yanına salıblar?”


“Dəqiq diaqnoz olmadan onları infeksiyalı insanların içinə salıblar”

Şahin Məmmədli deyir ki, dəqiq diaqnoz olmadan, kor-koranə onları xəstə adı ilə infeksiyalı insanların içinə salıblar:

“Hər hərarəti olan koronavirusa yoluxmuş olur? Çox acınacaqlı durumdur. Orada saxlanılandan bəri uşaqlardan yalnız qan analizi götürülüb, bir də hərarətləri ölçülüb. Hələ dünən gəlib rentgenə salıblar. Adicə bir dərman nədir ki, onu da vermirlər ki, hərarət ensin. Valideynlərdən də hər dəqiqə nələrsə istəyirlər. Xəstəxana hər şeyi bizə tapşırır. Onu al, bunu al, onu gətir, bunu gətir. Dərmanı da özümüzə aldırıblar. Xəstəxanada geyinmək üçün hər şeyi evdən gətirdiblər. Hətta yataq mələfəsi, yastıq üzünəcən evdən gəlib. Hər şeydən boyun qaçırırlar. Budur səhiyyə? Ayrı vaxt inkişaf etmiş səhiyyədən danışırlar. Çində belə bizim vətəndaşlara daha çox yanırdılar. Onlar üçün qeyri-vətəndaş anlayışı yoxdur. Bizdə isə ümumiyyətlə, öz vətəndaşına belə sahib çıxmırlar”.


“Hava limanında heç bir güclü yoxlama yoxdur”

Şahin Məmmədli hava limanındakı yoxlamadan da danışıb. Deyir, heç bir güclü yoxlama yoxdur:

“Ümumiyyətlə, heç nə yoxdur. Hamı kameralar üçün poza verir, vəssəlam. Bircə temperatur ölçən cihaz var. Bir də ad, soyad, ünvan soruşurlar. Məsələn, mən Mingəçevirdə yaşayıram. Azərbaycana ayın 30-da gəlmişəm. Mənə hələ Mingəçevir səhiyyəsi heç nə etməyib. Ancaq zəng edirlər. “Salam, necəsiz? Hərarət varmı?”- deyə, soruşurlar. Deyirəm, öskürək var, kəsmir. Bu zaman da həkimə getməyi məsləhət görürlər”.

Bakı Hava Limanı
Hava limanı


“Zəng etməkdən başqa bir şey etdikləri yoxdur”

Şikayətçi deyir ki, axırda bezib Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə zəng edib. Deyib: “Xahiş edirəm, bir də zəng edib, məni narahat etməyin. Mən sizin səhiyyədən heç nə istəmirəm. Çünki görürəm sizdə durum nə yerdədir”.

Dediyinə görə, təkrar yenə zəng olunub:

“Bu gün bir də zəng etdilər ki, yox, siz gedin xəstəxanaya. Yenə getdim. Şəxsiyyət vəsiqəm yaddan çıxıb, qalıb evdə. Dedilər, nə danışırsınız, vəsiqə olmadan biz sizi qəbul edə bilmərik. Dayanmadan da öskürürdüm. Dedim, oldu, deməli, sizə mənim sağlamlığımdan çox, mənim şəxsiyyət vəsiqəm lazımdır”.


“Artıq Azərbaycan səhiyyəsindən heç nə gözləmirəm”

Şahin Məmmədli deyir ki, indi əmindir, Azərbaycan səhiyyəsindən heç nə gözləmir:

“Təkcə onlardan mənə ziyan dəyməsin. Axırda bezdim və gəldim özəl klinikaya. Qandan analiz verdim. Bu zaman xəstəxanaya ölümcül bir xəstə gətirdilər. Sarılıq tutmuşdu, 8 gün yatızdırıblar. Sonra da Mingəçevir poliklinikasından xəstə-xəstə çıxarıblar çölə ki, daha çox saxlaya bilmərik, bizə cərimə gələr. Budur o inkişaf etmiş səhiyyə? Bunlar hələ bir günün içində mənim gördüklərimdir. Görün, hər gün nə qədər belə hadisələr baş verir. Dəhşət haldadır bizim səhiyyəmiz. Müalicə, səhiyyə, inkişaf deyəndə bir az ehtiyatlı olun. Azərbaycanda səhiyyə yox səviyyəsindədir”.


“Fərziyəyə görə qızım və kürəkənimin həyatını təhlükəyə atırlar”

Şahin Məmmədli qızı və kürəkəninin xəstəxanadakı durumundan çox narahatdır. Deyir ki, ətrafları infeksion xəstəliklərdən əziyyət çəkən insanlardır, xəstə deyillərsə də, bu günlərdə hansısa bir xəstəlik qazanacaqlar:

“Həmin xəstəxanada həm də SPİD-dən, yoluxucu xəstəliklərdən müalicə alanlar var. Hamısı da maskasız gəzir. Ancaq mənim qızım və kürəkənimə infeksion xəstə demək üçün əllərində sübut yoxdur. Belə olan halda onların sağlamlığını necə təhlükə altına ata bilərlər? Fərziyə ilə edirlər bunu. Bundan əlavə, dərman verilmir, müalicə aparılmır, ancaq analiz götürüblər. Çində hava limanında bir cihaz qoyublar. 2 saniyəyə bütün iç orqanlara baxıb, insanın xəstə olub-olmadığını müəyyən edir. Bizdə isə adicə bir analizi bir həftəyə götürürlər”.


“Sadəcə Çindən gəldiyimiz üçün başımıza oyun açırlar”

Şahin Məmmədli deyir ki, hazırda qızı və kürəkəni heç müalicə də olunmurlar. Çünki onların xəstə olub-olmadıqlarını bilmirlər. Sadəcə Çindən gəldikləri üçün başlarına oyun açırlar:

“Buna başqa ad vermək olmaz. Üstəlik, əgər bizdə koronavirus gəlibsə, heç bir qoruyucu tədbir də görmürlər. Bundan əmin ola bilərsiz. Virusa yoluxmuş biri asanlıqla ölkəyə daxil olub, başqalarına keçirə bilər. Heç bir nəzarət, tədbir görülmür”.

Tibbi Kliniki Mərkəzin baş həkiminin müavini Məhəbbət İbrahimova deyilənləri təkzib edib. O, Meydan TV-yə bildirib ki, sözügedən tələbələr bütün müayinələrdən keçirilib və hazırda müşahidə altındadırlar. Baş həkimin müavini gənclərin infeksion xəstələrlə təmasda olması məsələsini də yalanlayıb.

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından isə deyilənlərlə bağlı açıqlama verə bilməyəcəklərini söyləyiblər.

Çin ilk olaraq koronavirusun yayılma xəbərini 31 dekabr tarixində bəyan edib. Pnevmaniya virusu Çinin 10 milyondan artıq əhalisi olan Hubey əyalətinin Vuhan şəhərində yaranıb. İki həftədir həm şəhər, həm də Hubey əyaləti karantin altına alınıb.

Çində 2019-nCoV virusuna yoluxmuş insanların sayı 24 300 nəfəri ötüb.

Çin Xalq Respublikasının Səhiyyələri Məsələləri üzrə Dövlət Komitəsinin son məlumatına görə, ölənlərin sayı 490 nəfərə çatıb, 185 500 nəfərdən çox insan həkim nəzarəti altındadır. 846 nəfərin xəstəlikdən sağaldığı bildirilir.

Ana səhifəSosialÇindən gələn Azərbaycan vətəndaşları necə yoxlanır?