Hər iki tərəf qarşılıqlı rüsumları azaltmaq barədə razılığa gəliblər
Çin və ABŞ Donald Trampın başladığı və qlobal iqtisadiyyata təhdid yaradan ticarət müharibəsinə 90 günlük fasilə vermək və qarşılıqlı rüsumları 115 faiz azaltmaq barədə razılığa gəliblər.
Cenevrədə baş tutan danışıqlardan sonra ABŞ-nin maliyyə naziri Skott Bessent mətbuata açıqlamasında bildirib ki, danışıqlar konstruktiv atmosferdə keçib və tərəflər qarşılıqlı olaraq “böyük hörmət” nümayiş etdiriblər.
“Bu həftə sonu nümayəndə heyətləri arasında tam bir konsensus vardı. Heç bir tərəf danışıqları tərk etmək istəmədi”, – deyə Bessent bildirib.
Razılaşmaya əsasən, ABŞ-nin 2 aprel tarixində tətbiq etdiyi əlavə tariflərə 90 günlük endirim qüvvədə olacaq. Həmin tariflər nəticəsində Çin məhsullarına rüsumlar 125 faizədək yüksəlmişdi. Pekin də buna eyni sərtlikdə cavab vermişdi.
Eyni zamanda, Çin ABŞ-dən yüksək texnologiyalı məhsulların istehsalı üçün zəruri olan bəzi strateji mineralların ixracını məhdudlaşdırmaqla qeyri-tarif tədbirləri tətbiq edib.
ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qriri bu tədbirləri “qeyri-mütənasib” adlandırıb və bildirib ki, iki iqtisadi nəhəng arasında ticarət faktiki olaraq embarqoya çevrilib.
Yeni razılaşma çərçivəsində, Çin ABŞ mallarına tətbiq etdiyi tarifləri 10 faizə, ABŞ isə Çin məhsullarına olan rüsumları 30 faizə endirəcək. Bununla belə, Tramp administrasiyasının Çinlə ABŞ-nin fentanil böhranı arasındakı əlaqəyə görə tətbiq etdiyi xüsusi tarif qüvvədə qalacaq.
Çin Ticarət Nazirliyinin sözçüsü razılaşmanı belə şərh edib: “Bu addım hər iki ölkədəki istehsalçıların və istehlakçıların gözləntilərinə, eləcə də hər iki xalqın və ümumi dünya ictimaiyyətinin maraqlarına cavab verir. Ümid edirik ki, ABŞ tərəfi birtərəfli tarif artımı siyasətindən imtina edəcək və qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcək”.
ABŞ Prezidenti Donald Tramp aprelin 2-də ABŞ-nin ticarət tərəfdaşlarına, o cümlədən Avropa İttifaqından gələn mallara qarşılıqlı rüsumlar tətbiq edəcəyini açıqlamışdı.