Tədqiqatçılar daha yaxşı vaksinlərin hazırlanmasının tərəfdarıdırlar
Çin kimi “COVID-sıfır” bölgələrdə əhalinin normal hərəkətliliyi bərpa edilərsə, bu, ildə təxminən 2 milyon insanın ölümünə səbəb olacaq.
Çinin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin tədqiqatçılarının araşdırmasında belə bildirilir.
Qeyd edilir ki, virusa nəzarətin tək yolu infeksiyanın qarşısını alan daha yaxşı vaksinlərin hazırlanmasıdır.
Çinin “sıfır-COVID” proqramı daha yoluxucu “Omikron” variantının yayılmasının qarşısını almaq üçün geniş məhdudiyyətlərdən istifadə edir. Lakin Pekinin Qış Olimpiya Oyunlarına ev sahibliyi etməsi mənzərəni dəyişib.
Çin alimləri, səhiyyə mütəxəssisləri yoluxma risklərinin yüksək olduğunu və kütləvi infeksiyanın səhiyyə sisteminə dözülməz təzyiq göstərəcəyini bildirir. Onlar ciddi nəzarətin saxlanmasına ehtiyac olduğunu vurğulayırlar.
Tədqiqatçılar bildirirlər ki, qlobal peyvənd nisbəti 95 faiz olsa belə, əhalinin hərəkətliliyi 2019-cu il səviyyəsinə bərpa olunarsa, bütün “COVID-sıfır” bölgələri bir il ərzində 64 milyon simptomatik hadisə və 2 milyon ölüm də daxil olmaqla 234 milyondan çox infeksiya görə bilər.
“Qlobal səviyyədə COVID-19-u aradan qaldırmaq üçün peyvəndlər hazırlanmalı, infeksiyaya qarşı peyvənd müdafiəsi təkmilləşdirməli və xəstəliyə qarşı yeni yollar axtarışı davam etməlidir”.
Tədqiqatçıların fikrincə, normal hərəkətlilik bərpa edildikdən sonra COVID-19-a yoluxma hallarını qrip səviyyəsinə endirmək üçün infeksiyaya qarşı peyvəndlərin effektivliyinin 40 faizə, simptomatik xəstəliyə qarşı effektivliyinin isə 90 faizə çatdırılması lazımdır.
Mərkəzin baş epidemoloqu Wu Zunyou fevralın 6-da “Global Times” qəzetinə deyib ki, əvvəllər COVID-19-un əsasən peyvəndlər vasitəsilə saxlanıla biləcəyini düşünürmüş. Lakin indi anlayır ki, hərtərəfli tədbirlər də vacibdir.
Dünyanın bəzi ölkələri koronavirusun yayılan yeni növü “Omikron”u təbii vaksin kimi görür. Fikir var ki, bu virus sürətlə yayılsa da, daha yüngül keçirilir, ağırlaşmalar və xəstəxanaya yatmalar azdır. Bu səbəbdən ölkələr virus məhdudiyyətlərinin götürülməsinin məntiqli olduğunu düşünür.
Məsələn, fevralın 1-dən Gürcüstan hökuməti restoranlara, barlara və digər əyləncə məkanlarına daxil olmaq üçün COVID pasport tələbini ləğv edib.
Gürcüstan Qurumlararası Koordinasiya Şurasının əməkdaşı Giorgi Gibradze bildirib ki, “Omikron” variantının sürətlə yayılması və onun nisbi yumşaqlığını nəzərə alaraq bu addımı atıblar.
Ölkənin səhiyyə nazirinin müavini Tamar Qabunia isə deyib ki, yaşıl keçid sistemi “Omikron” dalğası qarşısında köhnəlib, məhdudiyyətlərin əhəmiyyəti qalmayıb.
Çexiya da fevralın 9-dan restoranlara, qapalı məkanlara COVID pasportu ilə girmək qaydasını ləğv edir.
Üstəlik, Çexiya Ali İnzibati Məhkəməsi də ötən həftə restoranlara, klublara, kazinolara və ya otellərə girərkən peyvənd və ya sağalmanı sübut etmək vəzifəsini ləğv edib.
Ölkənin Baş naziri Petr Fiala qadağaların ləğvinin məhkəmə qərarı ilə hər hansı əlaqəsinin olmadığını, ekspertlərin tövsiyələri əsasında qəbul edildiyini bildirib.
Avropanın bəzi ölkələri isə koronavirusu ciddi olan xəstəliklər sırasından çıxarıb və ya çıxarmağa hazırlaşır.
“Omikron”a yoluxma sayı çox olsa da, Danimarka normal həyata qayıtmaqla bağlı addım atıb.
Hökumət COVID-19-u sosial cəhətdən kritik xəstəlik kateqoriyasından çıxarıb, məhdudiyyətləri aradan qaldırmaq qərarına gəlib.
Yanvarın 27-dən Böyük Britaniyada infeksiyaya yoluxanların təcridi istisna olmaqla bütün COVID-19 tədbirləri ləğv edilib.
Səhiyyə Nazirliyi qərara səbəb kimi “peyvənd proqramının böyük uğurunu” göstərib. Beləliklə, ölkədə “peyvənd pasportları” kimi tanınan COVID-19 statusunu göstərən sənədlərin məcburi istifadəsi də başa çatıb.
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.