Ceyhun Bayramov: “Yerevanın təqdim etdiyi 6 bəndlik sənəd təklif deyil”

Ceyhun Bayramov. Foto: Azərtac

“Ukraynaya görə Minsk Qrupu həmsədrləri arasında əlaqə yoxdur”

“Azərbaycan hələ fevral ayında Ermənistana sülh müqaviləsinin təməl prinsiplərini təqdim edib. Ermənistan isə həmin baza prinsiplərində onlar üçün qəbulolunmaz heç nəyin olmadığını bildirib”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mayın 10-da jurnalistlərə açıqlamasında deyib.

Nazir Ermənistanın təqdim etdiyi 6 bəndlik sənədi təklif hesab etmir:

“Yerevanın təqdim etdiyi təklif deyil. Həmin sənəd təqdim olunan zaman Ermənistan bunu Azərbaycanın təkliflərinə reaksiya kimi qiymətləndirmişdi. 6 bənddən biri ondan ibarətdir ki, Azərbaycan tərəfi 21 fevral tarixli baza prinsiplərini nəyə görə Ermənistana mart ayının əvvəlində təqdim edib? Biz bəyan etmişdik ki, təkliflər vasitəçilərin köməyi ilə təqdim olunub. Bu səbəbdən bu sual onlara ünvanlansa, daha doğru olar”.

“Növbəti bənd ondan ibarətdir ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları yoxdur və hələ 1992-ci ildə Azərbaycan və Ermənistan MDB-yə üzv olarkən bir-birinin ərazi bütövlüyünü tanıyıb. Bu, müəyyən mənada Azərbaycanın təqdim etdiyi baza prinsipinin təkrarlanmasıdır”, – deyə Bayramov qeyd edib.

Onun sözlərinə görə, digər bir bənddə ölkə liderləri arasında imzalanan üçtərəfli bəyanatların icrasının vacibliyi qeyd olunur:

“Bu da sual doğuran məqam deyil. Növbəti bənd isə ondan ibarətdir ki, Ermənistan tərəfi danışıqlara hazırdır və bu danışıqları təşkil etmək üçün Minsk Qrupunun həmsədrlərinə müraciət edir. Bu, o zaman baş verir ki, Ukrayna hadisələri fonunda Minsk Qrupu həmsədrləri arasında heç bir əlaqə mövcud deyil. Demək olar ki, bu qrup iflic vəziyyətdədir”.

Sərhədlərin delimitasiyasına toxunan nazir bildirib ki, aprelin sonunadək komissiyanın ilk iclası planlaşdırılırdı:

“Görüşdən öncə mənim Ermənistan xarici işlər naziri ilə iki dəfə telefon danışığım olub. Bu zaman biz komissiyanın tərkibi ilə bağlı təkliflərimizi vermişik. Məhz Ermənistan-Azərbaycan sərhədinin delimitasiya prosesinin digər qonşu ölkələrlə delimitasiya prosesindən bir sıra xüsusiyyətlərə görə komissiyanın fərqli formatda təşkil edilməsini təklif etdik. Daha yüksək səviyyədə ona rəhbərlik olmalıdır. Azərbaycan tərəfinin təklifi o idi ki, Azərbaycan tərəfdən komissiyaya rəhbərlik edən şəxs Baş nazirin müavini səviyyəsində olsun. Hələ ilk telefon danışığımız zamanı Ermənistan xarici işlər naziri bunu anlaşıqlı qəbul etdi və dedi ki, bunu Ermənistanda müzakirə etmək üçün əlavə vaxt lazımdır”.

Bayramov deyib ki, Ermənistan tərəfi bu təklifin onlar üçün də məqbul olduğunu qeyd edib:

“Komissiyanın tərkibi barədə tərəflərin razılığı mövcuddur. Hələ ki ilk iclas keçirilməyib. Amma biz aprel ayında iclasın keçirilməsinə hazır idik, yenə də hazırıq. Ermənistan tərəfi öz prosedurlarını yerinə yetirdikdən sonra belə bir iclası keçirmək mümkün olacaq”.

Nazir bildirib ki, Qarabağda sülhməramlıların üzərlərinə düşən funksiyaları yerinə yetirirlər, ancaq bəzi suallar da ortaya çıxır:

“Bu suallar hələ də Qarabağda Ermənistanın hərbi birləşmələrinin mövcudluğu, qanunsuz olaraq həmin ərazilərə səfərlərin edilməsi ilə bağlıdır. Belə olan halda bunlar müzakirə mövzusu olur. Azərbaycan tərəfi məsələlərin bu müstəvidə həll edilməsinin tərəfdarıdır”.

Xatırlatma

Ermənistanla Azərbaycan arasında sonuncu 44 günlük silahlı münaqişə 2020-ci il noyabrın 10-da qüvvəyə minmiş tam atəşkəs haqqında razılaşma ilə başa çatıb.

Dağlıq Qarabağ və ətraf bölgələrdəki münaqişənin tarixi isə 1988-ci ilə dayanır.

90-cı illərdə Azərbaycan-Ermənistan arasındakı ilk müharibə və sonrakı dövrlərdə Azərbaycan tərəf daim Ermənistanı mədəni abidələrin məhv edilməsində günahlandırıb.

2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsindən sonra isə Azərbaycan Ermənistanı şəhərləri, kəndləri, qəbristanlıqları məhv etməkdə ittiham edib.

Ana səhifəSiyasətCeyhun Bayramov: “Yerevanın təqdim etdiyi 6 bəndlik sənəd təklif deyil”