Ceyhun Bayramov: Sülh sazişi mətni üzrə danışıqlar başa çatıb (Yenilənib)

Ermənistan-Azərbaycan. Foto: Michele Ursi/shutterstock

Ermənistan XİN: “Sülh sazişi imzalanmağa hazırdır”

Ermənistanın Baş naziri Nikol Paşinyan razılaşmanın hər iki tərəf üçün qənaətbəxş hesab etdiyini deyib.

“Bu məsələni Təhlükəsizlik Şurası formatında da müzakirə etdik. Belə qənaətə gəldik ki, mövcud məzmun məqbul ola biləcək kompromis variantı sayıla bilər. Əslində, bəli, indiki şəraitdə bu, Ermənistan üçün məqbuldur. Mümkün iddiaların geri götürülməsi və ya Aİ missiyasının geri çəkilməsi sülh müqaviləsi qüvvəyə mindikdən sonra baş verəcək”, – Paşinyan bildirib.

Baş nazir Azərbaycanın hansı güzəştə getməsi ilə bağlı suala belə cavab verib:

“İndiki mərhələdə birtərəfli formada ifadələr və bəyanatlar verməmək vacibdir. Əgər razılıq əldə olunubsa, deməli, hər iki tərəf bunun faydalı olduğunu qərara alıb. Bəli, biz bunu kompromis mətn hesab etdiyimiz üçün qərar verdik”.

Paşinyan bildirib ki, “Zəngəzur dəhlizi” ifadəsi Ermənistan üçün anlaşılmaz və qəbuledilməzdir. Onun sözlərinə görə, Ermənistanda bu ifadə suverenlik və ərazi bütövlüyünə təhlükə kimi qarşılanır:

“Regional kommunikasiya xətlərinin açılmasını ən çox müdafiə edən bizik, çünki əslində blokadada olan bizik. Regionda heç bir başqa ölkə blokadada deyil. Bizim dörd sərhədimiz var və onlardan ikisi tamamilə bağlıdır. Təkcə bu fakt aydın şəkildə göstərir ki, biz regional nəqliyyat marşrutlarının açılmasında əslində nə qədər maraqlıyıq”, – Paşinyan vurğulayıb.

O qeyd edib ki, Ermənistan öz ərazisi vasitəsilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsini təmin etməyə hazırdır.

Prezident İlham Əliyev 2025-ci yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə bildirmişdi ki, Azərbaycan “Zəngəzur dəhlizi”nin açılması üçün əməli addımlar atır.

Yerevandan tələb etmişdi ki, Azərbaycandan öz eksklavına – Naxçıvana maneəsiz və nəzarətsiz marşrut təmin etsin.

Paşinyan isə Əliyevin bəyanatını şərh edərkən Bakıya Mehri vasitəsilə Naxçıvanla dəmir yolu əlaqəsi qurmaq təklif etmişdi.


Ermənistan və Azərbaycan sülh sazişinin mətni üzrə danışıqları başa çatdırıblar.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib ki, Ermənistan açıq qalan iki maddəni də qəbul edib.

“Mətn üzrə işlər yekunlaşıb. Sonrakı mərhələdə artıq Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır. Əlavə olaraq Minsk qrupu və onun qalıqlarının da ləğv olunması həyata keçirilməlidir”, – XİN rəhbəri deyib.

Sülh sazişi layihəsi 17 maddədən ibarətdir və indiyədək 15 maddəsi razılaşdırılmışdı.

Razılaşdırılmamış iki maddədən biri sərhədboyu üçüncü ölkələrin qoşunlarının yerləşdirilməsi, digəri isə beynəlxalq məhkəmələrdəki mübahisələrlə bağlı idi.

Ermənistanın Xarici İşlər Nazirliyi isə bu gün məlumat yayaraq bildirib ki, Azərbaycanla sülh sazişi layihəsi onun tərəfindən yekunlaşdırılıb və yekun sazişin imzalanması üçün tarix və yeri müzakirə etməyə hazırdır.

Məlumatda deyilir ki, Ermənistan XİN diplomatik kanallarla Azərbaycan XİN-ə Ermənistan Respublikasının “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş” layihəsinin iki razılaşdırılmamış maddəsi üzrə Bakının təkliflərini qəbul etdiyinə dair məlumat verib.

“Sülh sazişi imzalanmağa hazırdır. Ermənistan Respublikası sazişin imzalanma tarixi və yeri ilə bağlı Azərbaycan Respublikası ilə məsləhətləşmələrə başlamağa hazırdır”, – Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.

2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 2023-cü il sentyabrın 19-dan sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Tərəflər 2024-cü ildə sülh müqaviləsi bağlamaq niyyətlərini bəyan ediblər. Ötən ilin sentyabrında Ermənistanın Baş naziri Nikol Paşinyan Yeravanın bu məqsədlə Konstitusiyanı dəyişdirməyə hazır olduqlarını deyib.

Ana səhifəSiyasətCeyhun Bayramov: Sülh sazişi mətni üzrə danışıqlar başa çatıb (Yenilənib)