Daməddin Səhrədov ailəsinin durumunun ağır olduğunu deyir
“Moldavanın paytaxtında yaşamışam. Xeyriyyə cəmiyyətində yaxşı işim, əməkhaqqım vardı. Uşaqlarım körpə idi, xəstəliyini bilən kimi Azərbaycana qayıtdım. Beş il öz pulumla müalicə etdirdim. Bütün varımı xəstəxanalara tökdüm. Vaxtında əməliyyat olunmalı idi, etmədilər. Birotaqlı, təmirsiz evə sığınmışıq. Mənim başıma bir iş gəlsə, xəstə övladlarım necə olacaq? Geri dönüşümə çox peşmanam”.
Bunu Cəlilabadın Sərhədabad kənd sakini Daməddin Səhrədov Meydan TV-yə deyib.
53 yaşlı vətəndaş iki oğul övladına əlillik dərəcəsinin verilməməsindən şikayətçidir.
“Əlillik düşdüyü halda niyə imtina verirlər?”
Atanın sözlərinə görə, övladları 23 yaşlı Sədrəddin və 21 yaşlı İmamirəddin bir yaşından ürək çatışmazlığından əziyyət çəkir.
18 yaşlarına qədər xəstəliyə görə sosial müavinət alsalar da, yaş tamamına yeddi ay qalmış kəsilib. İkinci oğlu İmamirəddin keçirdiyi yol qəzasında kəllə-beyin travması alıb və sol əlinin hərəkət məhdudluğu var.
Hazırda Səhrədovlar ailəsinin tək gəliri Daməddin Səhrədovun aldığı ikinci qrup əlillik pensiyasıdır.
Ata deyir ki, nə özünün, nə övladlarının səhhətləri imkan verir ki, ağır fiziki iş görsün. Dörd il öncə xəstə həyat yoldaşının da əlillik dərəcəsinin kəsilməsi ailənin dolanışığını daha da çətinləşdirib. Üstəlik, uşaqlarının səhhəti ildən-ilə ağırlaşır. Edilən çoxsaylı müraciətlərə isə imtina cavabı verilir:
“Bir yaşından ürək xəstəsi olmaq nə deməkdir, bunlar anlamır. Hər iki uşaq dəfələrlə Bakıda və Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında yatıb. Yusif adlı həkim rayonda pul istədi, mən də baş həkimə şikayət etdim. Dedi ki, şikayət etmə, sənədləri toplayıb göndərəcəyik. Səkkiz dəfə əziyyət çəkib toplayıb sistemə vurulub, hamısında da qeyd olunur ki, əlillik dərəcəsinə uyğun gəlmir. İkinci oğlum heç sol əlini hərəkət etdirə bilmir, 6 il öncə beyin travması alıb. Sağ əlinin köməkliyi ilə edir hər şeyi. Ağır iş görə bilmirlər, təngənəfəs olurlar, zəifdirlər, göyərib qalırlar. Əlillik düşdüyü halda niyə imtina verirlər? Yaşamalı deyillər bunlar?”.
“Valideynəm bu gün varam, sabah yox, xəstə uşaqlar kimin ümidinə qalacaqlar? Özüm on il öncə yol qəzasına düşüb kəllə beyin travması aldım, sol tərəfim iflic olub. O vaxtdan çalışa bilmirəm. Həyəcanlanan kimi əlim, ayağım əsir, ürəyim gedir. Hamımız dərmanla yaşayırıq. Həyat yoldaşımın da əlilliyini pandemiya vaxtı kəsdilər ki, lap ağır xəstə deyil. Vallah dərman olmasa, gecə saatlarında ölərəm. İstədim ki, mənə baxıcı təyin edilsin. Dedilər düşür, gərək gedib başqa rayonda, kənddə yaşayasan. Belə absurd şərtlər qoyurlar. Övladlarımın səhhəti tez-tez pisləşir, dövlət hesabına onlara dərman, müalicə ala bilmirəm. Baş həkim Sənubər Manafovaya deyirəm, mənlə kobud rəftar edir. Onların qəbuluna düşəndə sinir krizi keçirirəm. Uşaqların müayinə və müalicəsini pulsuz etmirlər. İndiyə qədər şikayət etməmişəm, ancaq məni boğaza yığıblar”, – deyə o bildirib.
“Doqquz ilini yedilər, ala bilmədim…”
Daməddin Səhrədov deyir ki, övladlarının ürəyində mədəciklərarası çəpərin qüsuru, ürəkçatışmazlığı olduğundan tez-tez boğulma, təngənəfəslik, yorulma əlamətləri olur. Məhz bu xəstəliklərinə görə edilən müayinə və alınan nəticələrə əsasən hər ikisi hərbi xidmətdən azad olunub.
Ata deyir ki, onların uşaqlıqdan indiyə qədər müayinə və müalicə xərcini özü çəkib. Apteklərə borcu çox, çıxış yolu isə yoxdur. Nə ünvanlı sosial yardım ala, nə də özünüməşğulluq proqramından yararlana bilir. Boş vədlərlə müraciəti geri çevrilir:
“Ən son müayinədə belə həkim ikisinin də ürəyini yoxladı. Gurultu, küy uzaqdan hiss olunur, ancaq müalicəsinə kömək etmir, haqlarını yeyirlər. Şikayət edən kimi də deyirlər ki, şizofren xəstəsi kimi sənin dərmanını veririk də. Mən əliləm, beynim travmalıdır, əsəbiyəm, iflicəm ona görə alıram. Bəs bu xəstə uşaqlar niyə dərman almasın, əməliyyat edilməsin? Yusif İsmayılov adlı həkim uşaqların ürəyini yoxlayır, deyir ki, əlillik düşür, ancaq o da pul istəyir. Deyirəm ki, şəffaf olun, diaqnozu düzgün yazın, imtina gəlməsin. 3 min manat verib əlillik alan adamlar vardı. Mən dedim ki, uşaqlarım həqiqi xəstədir, qanunla düşür. Üç aya qədər göndərdim, gələn imtina cavabları təmiz əsəblərimi pozur. Yazırlar ki, əlillik düşmür. Pulun, gəlirin yoxdursa, adam saymırlar. Tez-tez uşaqların rəngi göyərir, bilirəm ki, dərman lazımdır. Gedirəm aptekdən alıram, ayda hissə-hissə pensiyamdan verirəm”.
“Əlillik, əməliyyat pulunu yemək bu tərəfə, ötən ilə qədər on illik uşaqlarımın ayda dövlətin xəstələr üçün verdiyi 40 manat müalicə üçün yolpulunu belə mənimsəmişdilər. Getdim ƏƏSMN-dən müvafiq qərara əsasən sənədi alıb gətirdim. Rayona maliyyə şöbəsindən güclə 10 ilin bir ilini ötən ilin 30 dekabrda ala bildim. Doqquz ilini yedilər, ala bilmədim. Deyirlər ki, şikayət etmə, yaxşı olmayacaq. Niyə, hüququ pozulan mən, boğulan mən, pis olan da mən? Pensiya alıram deyə ünvanlı sosial yardım vermirlər, gərək övladlarım işləyə. Özünüməşğulluğa da heyvan üçün həyat yoldaşım yazılıb, hələ get-gəldədir. İndi gəl sürünərək, boğularaq yaşa…”, – Cəlilabad sakini belə deyir.
“Əməliyyat pulunu vicdansızca mənimsədilər”
Vətəndaş deyir ki, edilən çoxsaylı müraciətlərdən sonra 21 dekabr 2009-cu ildə ailənin böyük övladı Sədrəddin Səhrədovun əməliyyat xərcini aztəminatlı ailə üzvü kimi Dövlət Neft Şirkəti üzərinə götürüb.
Mərkəzi Neftçilər Xəstəxanasında nəzərdə tutulan əməliyyat illərdir ki, yubadılır.
Valideyn deyir ki, əslində həmin sərəncamda digər oğlu İmamirəddin də əməliyyatı nəzərdə tutulsa da, ancaq adıçəkilən xəstəxanada heç bir övladının əməliyyatına yaxın duran olmayıb.
Onun sözlərinə görə, 15 ildir ki, yubadılan əməliyyat övladlarının taleyini sual altına qoyur. Ən son müayinədə də həkim əməliyyatın qaçılmaz olduğunu deyib. Valideyn illərdir ki, xəstə övladlarının haqqının yeyilməsini məmur, həkim özbaşınalığında görür:
“On beş il öncə pulum bitəndən sonra əlacsız qalıb Heydər Əliyev fonduna əməliyyat üçün yazdım. Məni Dövlət Neft Şirkətinə yönəltdilər. Orada da Mərkəzi Neftçilər xəstəxanasına pul ayrıldı ki, ödənişsiz əməliyyat olunsun uşaqlar. Qəbzi durur məndə. Məni müxtəlif xəstəxanalara yönəltdilər. Yer qalmadı getməyim. “Get gələrsən” vədləri ilə hiss etdim ki, pul yeyilib və mən ortalıqda boşuna gəzirəm. Əməliyyat pulunu vicdansızca mənimsədilər. Əməliyyat olunsaydı, bəlkə, uşaqlar sağalardı. Üç yaşında həkimlər öləcək dedi, hər şeyini satıb bu yaşa çatdırdım. İndi həkimlər deyir ki, əməliyyat olunmalıdırlar. Gələcəyə doğru ciddi həyati təhlükələri var övladlarımın. Çirkli qan təmiz qana qarışır. Əlillik dərəcələrini versələr, borc götürüb bankdan özümüz əməliyyat etdirərək. O uşaqlar çalışa bilmir, gəlir yeri yoxdur. Necə əməliyyat olsunlar, necə yaşasınlar?”.
Əllər ciblərdə olmalıdır…
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Sənubər Manafova vətəndaşın rüşvət iddiasını rədd edib.
O bildirib ki, stasionar müalicə olmadığı təqdirdə vətəndaşların əlləri ciblərində olacaq:
“Bizdə ancaq stasionar şəraitdə yatan xəstələrə pulsuz müayinə və müalicə olunur. Ambulator şəraitdə vətəndaş xəstəsi üçün özü çəkir xərci, dövlət bu xərcləri qarşılamır. Əlillik dərəcəsinin təyinatı isə bizlik deyil, öncə Bakıya göndərilir, müayinə olunur, sonra nəticələr bura göndərilir, komissiyaya verilir, sistemə vurulur. Rüşvət iddiası yalandır, əksinə yalançı əlillər var ki, ifşa olunub, əlilliyi kəsilib. Yenidən müraciət etsinlər. Yoxlanılıb stasionar olarsa, xəstəxanaya yatırılar, ancaq ambulator olarsa, öz hesablarına müayinə, müalicə olunarlar”.
Dövlət Məşğulluq Agentliyi isə bildirib ki, vətəndaşın adı özünüməşğulluq proqramı üzrə növbəlilik reyestrindədir.
Fərdi Məşğulluq Proqramı üçün isə quruma müraciət etməlidir.
Mərkəzi Neftçilər Xəstəxanası da ittihamı rədd edir…
Vətəndaşın Dövlət Neft Şirkətinin imkansız ailə olaraq ödənişsiz əməliyyat Sərəncamına dair şikayətinə isə Mərkəzi Neftçilər Xəstəxanasının mətbuat şöbəsindən belə cavab verilib:
“Xəstəxana 2008-ci ildən SOCAR-ın balansında çıxarılaraq Səhiyyə Nazirliyinin tabeliyinə keçirilib. Ailənin hər iki vətəndaşın ürək əməliyyatı ilə bağlı xəstəxanaya müraciəti olmayıb. O ki qaldı Dövlət Neft Şirkətinin ayırdığı ödənişin aqibətinə və iki ürək xəstəsinin əməliyyatına, nəzərinizə çatdırırıq ki, Mərkəzi Neftçilər Xəstəxanasının təsərrüfat hesabına fəaliyyət göstərdiyi, yəni pullu tibbi xidmət təqdim etdiyi dövrdə əməliyyatların icrası üçün müəyyən təşkilatlar tərəfindən ayrılan vəsait yalnız əməliyyatın icrası başa çatdıqdan sonra xəstəxananın hesablaşma hesabına köçürülürdü. Bu səbəbdən də vətəndaş Daməddin Səhrədovun ödənişin həyata keçirilməsi ilə bağlı iddiası əsassızdır və qeyri-dəqiq informasiyadır”.
“Bu iddianın həqiqiliyi və ödəniş barədə qəbzlərin mövcudluğu vəsaitin köçürülməsini təmin edən quruma sorğu edilərək müəyyən edilə bilər. Hazırda TƏBİB-in tabeliyində fəaliyyət göstərən Mərkəzi Neftçilər Xəstəxanasında bütün tibb xidmətlər, o cümlədən ürək əməliyyatları icbari tibbi sığorta çərçivəsində həyata keçirilir. Vətəndaş Daməddin Səhrədovun övladlarının hər ikisi xəstəxanamıza müraciət edərək icbari tibbi sığorta zərfinə daxil olan istənilən tibbi xidmətdən, o cümlədən də ürək əməliyyatından ödənişsiz istifadə edə bilərlər”, – deyə sorğuya cavabda qeyd olunub.
“Tibb müəssisəsi tərəfindən yeni “Forma-88″ göndərişi rəsmiləşdirilməyib”
Ailənin övladlarının əlilliyi ilə bağlı sorğuya isə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sözçüsü Tural Qurbanlı deyib ki, ailənin bununla bağlı müraciətini tibb müəssisəsi tərəfindən rəsmiləşdirilməyib:
“Cəlilabad rayon sakinləri Səhrədov Sədrəddin Daməddin oğlu və Səhrədov İmamirəddin Daməddin oğlunun əlilliklərinin qiymətləndirilməsi ilə bağlı heç bir müraciəti olmayıb və tibb müəssisəsi tərəfindən yeni forma-88 göndərişi rəsmiləşdirilməyib. Belə olan halda isə əlilliyin qiymətləndirilməsi mümkün olmur. Bunun üçün hər iki vətəndaş qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən şəxslərlə bağlı yeni “Forma-88″ sənədi rəsmiləşdirildikdən sonra onların əlillikləri qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcək”.
Vətəndaş Daməddin Səhrədov isə dövlət qurumlarını qınayır.
Onun sözlərinə görə, açıqlamalardan belə çıxır ki, indiyə qədər etdiyi çoxsaylı müraciətlər və övladlarının keçdiyi yoxlanışlar əbəs imiş:
“İmtina verənlər də bunlar, onu borclu çıxaranlar da. Yəni məqsədli şəkildə tibbi yoxlanış nəticələri rəsmiləşdirilməyib. Mərkəzi Neftçilər Xəstəxanasında da dəfələrlə olub. Ancaq kimsə ona ödənişin aqibəti ilə bağlı açıqlama verməyib”.
“Məni həm əlilliklə, həm də özünüməşğulluqla bağlı çağırdılar. Dedilər ki, heyvana görə növbəniz çatanda xəbər edəcəyik. Heç bir iş təklifi olmadı. Övladlarımın əməliyyatı üçün ayrılan vəsait və verilən göstərişin aqibəti də məlum deyil. Əlilliklə bağlı isə dedilər ki, rəsmi “Forma 88″ olmalıdır. Görünür, xəstəxanalarda təkrar yoxlanış, min cür sənəd toplamaq yenə də davam edəcək. Halbuki mən onu dəfələrlə etmişəm. Nəticədə rüşvətə görə imtina verilib. Əminəm ki, bundan sonra da yenə sənədləri rəsmiləşdirməyib oyun oynayacaqlar”.