Ramzan Kadırov bununla bağlı sərəncam imzalayıb
Çeçenistanın Prezidenti Ramzan Kadırov “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə əlaqədar ölkəsində bir günlük matəm elan edib.
Kadırovun imzaladığı sərəncama əsasən, dekabrın 28-də Çeçenistanda matəm günü elan edilib.
“2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında Bakı-Qroznı marşrutu üzrə uçan “Embraer 190” təyyarəsində baş verən qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”,- sərəncamın mətnində deyilir.
Dekabrın 25-də səhər saatlarında Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus təyyarə Aktau yaxınlığında qəzaya uğrayıb, hadisə nəticəsində 38 nəfər ölüb.
Hadisədən sonra sosial şəbəkələrdə qəzanın videogörüntüləri yayılıb.
Rus, həmçinin xarici hərbi blogerlər və aviasiya analitikləri təyyarənin Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən Ukraynaya məxsus pilotsuz uçan aparatla səhv salınaraq vurulması fikrini irəli sürüblər.
Çeçenistanın Təhlükəsizlik Şurasının rəhbəri Həmzət Kadırov dekabrın 25-də Qroznıya pilotsuz təyyarə ilə hücumun baş verdiyini təsdiqləyərək itki və dağıntıların olmadığını qeyd edib.
Kreml isə araşdırmanın nəticələrini gözləməyə çağırıb.
AZAL və rəsmi Bakı isə təyyarənin qəzaya uğramasına səbəb kimi fiziki və texniki xarici müdaxilənin olduğunu təsdiqləyib.