Saxlanılanları zorla Rusiya-Ukrayna müharibəsinə göndərməyə cəhd edirlər
Arqun sakini 19 yaşlı Visxan Tazurkayevin Çeçenistan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən uzun müddət elektroşoka məruz qoyularaq öldürüldüyü bildirilir.
Bu barədə müxalifət kanalı olan NIYSO hesabatında belə qeyd edib.
Bildirilir ki, Visxan Tazurkayev hüquq mühafizə orqanları tərəfindən qaçırılıb. Sonradan onun saxlanıldığı açıqlanıb.
“Oğlanın öldüyünü anlayan zabitlər Rusiya Federal Təhlükəsizlik Xidmətinin standartına uyğun hərəkət ediblər – Vişxanın meyiti dəfn üçün valideynlərinə gətirilib və onlara tapşırılıb ki, bütün tanışlarına ölüm səbəbi kimi intihar etdiyi bildirilsin”, – kanal belə yazır.
Tazurkayev narkotik saxlamağa kömək etməkdə ittiham olunurdu.
NIYSO nümayəndələri “OC Media”ya bildiriblər ki, onun supermarket anbarında işlədiyi həmkarı da iddia edilən eyni cinayətə görə qaçırılıb.
NIYSO-nun məlumatını “Azadlıq” radiosu qismən təsdiqləyib.
Sayt mənbələrinə istinadən onun polis nəzarətindən çıxdıqdan sonra hələ də sağ olduğunu, daha sonra işgəncələr nəticəsində öldüyünü yazıb.
Buna baxmayaraq, rəsmi versiya iddia edirdi ki, Tazurkayev hələ sağ ikən evə gətirilib, sonra isə “qəfil xəstələnib”.
“Tazurkayevin ölümü Çeçenistan təhlükəsizlik aparatının qəddar taktikasının, sadəcə, ən son nümunəsi idi”, – deyə kanal qeyd edib.
Dekabrın 28-də NIYSO-nun məlumatına görə, bir neçə ay əvvəl qaçırılan Tsotsi-Yurt sakini Mənsur Abdulkadırov polis bölməsində işgəncə ilə öldürülüb.
Daha sonra Abdulkadırovun meyitini valideynlərinə qaytaran hüquq-mühafizə orqanlarının əməkdaşlarına onun ölümünün təbii baş verdiyini izah etmək tapşırılıb.
Versiyalardan birinə əsasən, onlar Abdulkadırovu Ukraynaya göndərmək üçün müqavilə imzalamağa məcbur etməyə çalışıblar, lakin o razılaşmayıb.
Hüquq müdafiəçiləri mütəmadi olaraq Çeçenistanda adam oğurluğu halları barədə məlumat verirlər.
Rəsmi həbslərdən fərqli olaraq, adam oğurluğu zamanı, adətən, heç bir ittiham irəli sürülmür.
Qaçırılan şəxsdən çox vaxt “fidyə” olaraq böyük məbləğdə pul ödəməsi və ya cinayət törətdiyini etiraf etməsi tələb olunur.
Rusiyanın genişmiqyaslı müharibəsinə göndəriləcək çeçen sakinlərinin oğurlanması 2022-ci ilin mayında məlum olub.
Oğurlananlara Müdafiə Nazirliyi ilə müqavilə imzalamaq və ya saxta ittihamlarla “gizli” həbsxanalarda qeyri-müəyyən vaxt keçirmək seçimi verilib.
Dekabr ayında “Memorial” İnsan Haqları Mərkəzinin araşdırması müəyyən edib ki, Çeçenistanda kütləvi qanunsuz həbslər dalğası yayılıb və bu, saxlanılanların Rusiyanın Ukraynadakı genişmiqyaslı müharibəsinə məcburi şəkildə göndərildiyini göstərir.
“Memorial”ın məlumatına görə, bu son kütləvi həbs dalğası Çeçenistan rəhbəri Ramzan Kadırovun çeçenləri “müharibə getməyə” çağıran bəyanatlarından sonra başlayıb.
Müxalif fiqurların qohumlarının oğurlanması da qeyri-adi deyil.
Bundan əvvəl Kadırov və onun köməkçisi və Milli İnformasiya Nazirliyinin rəhbəri Əhməd Dudayev müxalifət fəallarının qohumlarının oğurlanması və gizli işgəncə həbsxanaları ilə bağlı məlumatları dəfələrlə “şayiə” adlandırıblar.
Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini “OC Media”dan oxuya bilərsiniz.