Cavad Cavadov seçkidə məğlub olduğunu etiraf etdi

“İlk növbədə havanın sərt olması seçici aktivliyinə ciddi təsir etdi”

Source: Foto: sosial şəbəkə


Vəkil uğursuzluğunu bir neçə amillə əlaqələndirib

9 fevral növbədənkənar parlament seçkilərində 17 saylı Yasamal III Seçki Dairəsindən namizədliyini irəli sürən vəkil Cavad Cavadov məğlub olduğunu etiraf edib.

Bu barədə Cavad Cavadov “Facebook” səhifəsində məlumat paylaşıb.

Cavad Cavadov hesab edir ki, 17 saylı Yasamal III Seçki Dairəsinin seçicilərinin sosial şəbəkədən nisbətən uzaq olması və hakim Yeni Azərbaycan Partiyası tərəfindən köhnə deputatlar kimi fəaliyyətləri (yaxud fəaliyyətsizlikləri) nəticəsində insanlarda qıcıq yaradan keçmişi olmayan, uğurlu iş adamı kimi maliyyə resurslarına malik bir şəxsin namizədliyinin irəli sürülməsi onların işini ciddi çətinləşdirib:

“Lakin əminliklə deyə bilərəm ki, bu dairədə hər ev, hər seçici uğrunda qızğın mübarizə getdi və respublika üzrə ən maraqlı kampaniya aparıldı. Əsas rəqiblər, o cümlədən qalib Elnur Allahverdiyev insanlarla görüşmə formatını seçdi və ahil yaşlarında olan kimsəsiz qadının probleminin işıqlandırılması üçün çağırışıma (çağırış hamıya ünvanlanmışdır) gəlməkdən çəkinmədi. Bu, mənim üçün gözlənilməz oldu. Bu prosesdə heç bir namizədə qarşı qara piar aparmadım, əksinə mənə qarşı aparılan kampaniyaya reaksiya verməməyə çalışdım”.

Cavad Cavadov uğursuzluğunun səbəblərini bir neçə amillə əlaqələndirib:

“İlk növbədə havanın sərt olması seçici aktivliyinə ciddi təsir etdi. İkinci, məhdud maliyyə və insan resurslarım mənə səs vermək arzusunda olan yaşlı və (və ya) xəstə seçicilərin səyyar səs vermələri üçün təşkilati işlərin aparılmsana imkan vermədi və DSK həmçinin bunu təşkil etmədi. Üçüncü, müşahidəçilərin sayı və təcrübəsi, həmçinin texniki təchizatları nəticə etibarı ilə prosesi uğurla başa çatdırmağa imkan vermədi. Dördüncü, vəkillik fəaliyyətimdə dininə, irqinə, siyasi mənsubiyyətinə fərq qoymadan cəmiyyətin bütün təbəqələrini (çox hallarda təmənnasız) və əzmkarlıqla peşəkar vəkil kimi müdafiə etməyimə və çox saylı dəstək çağırışlarına baxmayaraq, ümid etdiyim dəstəyi seçki günü tam görə bilmədim”. Vəkilin sözlərinə görə, 17 saylı Yasamal III Seçki Dairəsində seçici fəallığı 17-18% təşkil edib və bu da real göstəricidir:

“Açıq etiraf edirəm ki, məğlubiyyətin səbəbləri kənarda yox, özümüzdədir. Bir peşəkar vəkil kimi qeydə aldığım qanun pozuntusu faktları bu dairənin nəticələrinin ləğvi üçün əsaslar yaratmadığından şikayət verilməsi üçün lüzum görmədim”.

Vəkil Cavad Cavad "Cümhuriyyətçilər İttifaqı"nın namizədi kimi seçkilərə qatılmışdı.

Fevralın 13-də MSK-nın iclasında 33 saylı Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 74 saylı Lənkəran kənd, 80 saylı İmişli-Beyləqan seçki dairələrinin nəticələri ləğv edilmişdi. Həmin dairələrdən Hüseynbala Mirələmov, Rauf Arifoğlu, Hadı Rəcəbli və Çingiz Qənizadə qalib elan olunmuşdu.

Azərbaycanda fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirilib. Milli Şura və KXCP seçkiləri boykot etsə də, AMİP, ADP, BAXCP, BQP, VHP, YAP, Müsavat, Ümid, ReAL partiyaları seçkilərə qatılıblar.

ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), AŞPA və ATƏT PA birgə müşahidə missiyası fevralın 10-da seçkilərin nəticələri haqda ilkin hesabatlarını yayıb. Nəticələrin Azərbaycan xalqının iradəsini əks etdirmədiyini bildiriblər.

Əslində Azərbaycanda parlament seçkiləri 2020-ci ilin noyabrında keçirilməli idi. 2019-cu il dekabrın 2-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatların təşəbbüsü ilə Milli Məclis onun buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə Prezidentə müraciət edib. Dekabrın 5-də Prezident növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Ana səhifəSiyasətCavad Cavadov seçkidə məğlub olduğunu etiraf etdi