”Onlara quduzluq əleykinə vaksin də vurulub”
Noyabrın 29-da səhər saat 8 radələrində Astara rayonunun Şüvi və Zəngüləş kəndlərinin sakinlərinə canavar hücum edib. Bu barədə Meydan TV-yə Şüvi kəndinin sakinləri məlumat veriblər. Bildiriblər ki, səhər saatları olduğundan canavarın hücumuna məruz qalanların çoxu məktəbli olub:
“Təkcə bizim kənddən 4 nəfərə hücum edib. Ondan əvvəl Lənkəranın Biləsər kəndində iki uşağa xəsarət yetirib. Sonra dağ və meşə ilə bizim kəndə keçib.
25 yaşlı Jalə Firudinzadə 1-ci sinifdə oxuyan oğlu Rəvan Abdullayevi məktəbə apararkən canavarın hücumuna məruz qalıb. O, oğlunu qoruya bilib. Ancaq özü əlindən və sifət nahiyəsindən yaralanıb. Ondan əlavə, 9-cu sinif şagirdi Rafiq Baxşıyev və 5-ci sinif şagirdi Lalə Əşrəfovaya da xəsarət yetirib” – deyir, Şüvi sakini Həbib Əlizadə.
Uşaqlara xəsarət yetirəndən sonra canavar 43 yaşlı Şüvi sakini Malik Ağayevin tövləsinə girib. Ona da xəsarət yetirib.
“Səhər saat 8 radələri idi. Tövləyə girmişdi. Üstümə hücum etdi, nə qədər özümü müdafiə etsəm də, alınmadı. Əlimdən və gözümdən dişlədi. Dəhşətli idi, nəticədə xəstəxanadayam. İndiyə qədər Şüvidə belə bir şey olmamışdı. Ümid edirəm, bir də olmaz”, – Malik Ağayev belə deyir.
Canavarlar eyni gündə Zəngüləş kəndindən olan 3 nəfərə də xəsarət yetirib. Sakinlər deyirlər ki, bu, Şüvi kəndinə ilk canavar basqını olsa da, digər kəndlərdə daha öncə də belə hallar baş verib.
Şüvi kənd bələdiyyəsinin sədri Mail Muradov
Azadlıq Radiosu
na canavarların təkcə Şüvi yox, qonşu kəndlərin sakinlərinə də ziyan vurduğunu təsdiqləyib.
Onlar Züngüləş kənd sakinləri – 1978-ci il təvəllüdlü Tofiq Əsgərov və 2009-cu il təvəllüdlü Şənlik Rəcəbovdur.
Yaralılar Astara Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan Meydan TV-yə onların vəziyyətinin stabil olduğu, müalicələrinin davam etdiyi söylənib:
“Bəli, onlara canavar hücum edib. Səhər saatlarında xəstəxanaya gətiriliblər. Yaraları təmizlənib, tikiş atılıb. Onlara quduzluq əleykinə vaksin də vurulub. Onlara bu gecə xüsusi nəzarət olacaq. Tezliklə sağalıb, evlərinə getmələri üçün əlimizdən gələni edirik”.
Astara Rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, bəli, bu, kənd sakinlərinə olan ilk canavar hücumu deyil. Sakinlər bu zamanlar ehtiyatlı olmalıdırlar:
“Bunun qarşısının alınması mümkün deyil. Yaralılar isə xəstəxanadadır. Bu gün onlara baş çəkmişik. Vəziyyətləri normal idi. Onlara quduzluq əleyhinə iynə vurulub. Xəstəxana kollektivi əllərindən gələni edirlər, ümid edirik tezliklə hamısı sağalacaqlar”.