Cahangir Hacıyev 42 milyon manat mənimsəməkdə ittiham olunur

”Əgər o, 80 milyon manat qaytarıbsa, hansı mənimsəmədən söhbət gedir?”

Source:
Əfqan Məmmədov
Əfqan Məmmədov


”Əgər o, 80 milyon manat qaytarıbsa, hansı mənimsəmədən söhbət gedir?”

Ötən ilin dekabrında həbs edilmiş Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyev CM-in iki maddəsi – 179.3.3 (mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. İttiham 2015-ci ilin may-iyun aylarında irəli sürülüb, bundan sonra Cahangir Hacıyev 11 dəfə dindirməyə çağırılıb.

O, 42 milyon manat mənimsəməkdə ittiham olunub. Bu vəsait bankın səhmlərini almaq üçün istifadə olunub və ondan bu ziyanı ödəməyi tələb ediblər. Bununla əlaqədar Hacıyev Beynəlxalq Bankın 80 milyon manat məbləğində səhmlərini qaytarıb. Həm də bu, təkcə onun deyil, ailə üzvlərinin və digər qohumlarının da səhmləri idi. Qaytarılmış səhmlərin məbləği ona qarşı irəli sürülmüş iddialardan iki dəfə çoxdur. İstintaqla razılaşmaya əsasən, səhmlər qaytarıldıqdan sonra Hacıyevə qarşı iddialar ləğv edilməli idi, amma belə bir şey baş verməyib.

Bu barədə “Turan” İA-a eksklüziv müsahibəsində ABB-nin keçmiş şefinin vəkillərindən biri – Əfqan Məmmədov bildirib.

“Lakin bu, heç də yeganə “sürpriz” deyil, belə ki, müvəkkilimin sözlərinə görə, məbləği 42 milyondan çox olan səhmlər bəzi şəxslərin kredit borclarını ödəmək üçün istifadə olunub, qalan hissəsinin haraya olduğu məlum deyil”, deyə vəkil bildirib.

308-ci maddəyə gəlincə, burada ittiham Beynəlxalq Bankın kreditlərinin fiziki şəxslərə verilməsi üzərində qurulub. Hacıyev bu ittihama etiraz edir ki, kreditləri şəxsən o deyil, bankın filialları verirdi və vəsait ayrılması məsələsini Kredit Komitəsi həll edirdi və Bankın İdarə Heyətinin bütün üzvləri tərəfindən təsdiq edilməsi üçün təqdim edirdi. Yalnız bundan sonra kredit verilirdi.

Bundan başqa, ayrılmış bütün kreditlər konkret layihələr üçün istifadə olunub ki, onlar mövcuddur və həyata keçirilir.

“Müştərim niyə həbs edildiyini başa düşmür. O, istintaqdan gizlənməyib, bütün dindirmələrə gəlirdi və ondan tələb olunan hər şeyi yerinə yetirib. Bunu etdikdə isə onu həbs ediblər. Onu 42 milyon manat mənimsəməkdə ittiham edirdilərsə, o isə 80 milyon manat qaytarıbsa, hansı mənimsəmədən söhbət gedir? Kim kimin vəsaitini mənimsəyib?”, deyə vəkil bildirib.

Cahangir Hacıyev həmçinin vəsait qaytarıldıqdan sonra ona qarşı bu qədər sərt münasibət nümayiş etdirilməsini “başa düşmür”. Belə ki, o, DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilib, burada onu 38 gün təcrid vəziyyətdə saxlayıblar, heç kimlə hər-hansı əlaqə yaratmasına icazə verməyiblər.

Hazırda Hacıyev Kürdəxanı Təcridxanasında saxlanılır və sözügedən ittihamlara əsasən onu 12 ilədək həbs cəzası gözləyir.

“Ən maraqlısı bundadır ki, istintaq zamanı Hacıyev Beynəlxalq Bankdan kredit alan şəxslərin konkret adlarını açıqlayıb. Lakin bu şəxslərdən heç kim istintaqa çağırılmayıb. Amma istintaqın məntiqinə əsasən, Hacıyev mənimsəmədə ittiham olunsa, bu insanlar mənimsəmə faktının iştirakçılarıdır.

Mənimsəmə olubsa, necə olur ki, onun bir iştirakçısını həbs edirlər, digərlərini isə məsuliyyətə cəlb etmirlər?”, deyə vəkil sual edib.

Hacıyev adını verdiyi şəxslərin çağırılıb dindirilmədiyini haradan bilir? – sualına cavabda vəkil deyib ki, bu halda faktla əlaqəsi olan hər kəs üzləşdirilməli idi, amma belə üzləşdirmələr olmayıb.

İrəli sürülmüş ittihamların nə dərəcədə əsaslı olduğu haqqında suala cavabda vəkil bildirib ki, mənimsəmədən söhbət gedə bilməz. Sui-istifadə haqqında danışmaq üçün də əsas yoxdur. “Bu, cinayət işi deyil, sırf mülki işdir və bu rakursda baxılmalıdır. Cinayət xarakterli əməl yoxdur, iş tövsif edilməlidir”, deyə vəkil qeyd edib.

Sonda o əlavə edib ki, Cahangir Hacıyevin bəzi qohumlarının da hüquqları pozulur, onların xaricə getməsi qadağan olunub.

Əfqan Məmmədov bu yaxınlarda Hacıyevin müdafiəsinə başlayıb və istintaq materiallarını əldə etmək üçün istintaqa müraciət etmək niyyətindədir. Vəkil iş üzrı istintaq Prokurorluğun deyil, DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin aparması ilə bağlı da təəccübünü bildirib. “Bu, Hacıyevin həbsinin əvvəlcədən planlaşdırıldığını göstərir”, vəkil belə hesab edir.

Ana səhifəXəbərlərCahangir Hacıyev 42 milyon manat mənimsəməkdə ittiham olunur